Anar: “Məsuliyyəti olmayan azadlıq azğınlığa səbəb olur”

461

“Fəxri adları ləğv etmək lazımdır”

– Hazırda Yazıçılar Birliyinin nə imtiyazı var?

– Ən böyük imtiyaz odur ki, biz Yazıçılar Birliyini bir təşkilat kimi qoruyub saxlaya bildik. Bizim Yazıçılar Birliyinin 80 illiyində ölkə başçısı İlham Əliyevə müraciət elədim. Sağ olsun, müraciətimi qiymətləndirdi və yubiley tədbirimiz üçün vəsait ayırdı. Yubileydə çox sayda nüfuzlu qonaqlar iştirak edirdilər. Onlardan biri də Oljas Süleymanov idi. O, maraqlı bir nüansa diqqət çəkdi. Bildirdi ki, bir vaxtlar bütün sovet respublikalarında yazıçılar birlikləri, o cümlədən SSRİ Yazıçılar İttifaqı yarandı. Amma indi Azərbaycandan başqa, heç bir yerdə bu təşkilatın yaranma tarixi qeyd olunmur. Hər halda Yazıçılar Birliyinin qalmağı çox müsbət hadisədir. Bir yandan deyirlər ki, Yazıçılar İttifaqı lazım deyil, digər yandan da 200 nəfər Yazıçılar İttifaqına üzv olmaq üçün ərizə verib. 1700 üzvümüz var, 200 də ərizə. Başqa bir vacib məsələ də odur ki, ədəbi orqanlarımızı – jurnallarımızı və qəzetimizi saxlaya bildik. Bazar iqtisadiyyatı dövründə yaşayırıq. Kimin pulu varsa, gedib kitab çap etdirə bilir. Amma bizim jurnal və qəzetlərimizdə bədii dəyəri olan əsərlər çap olunur və bu, əsas meyardır. Müəlliflərə azdan-çoxdan qonorar da verilir. Bu qəzet və jurnallar olmasaydı, bizim ədəbi həyatımız ancaq pula bağlı olardı. Yazarlarımız Yazıçılar Birliyini, jurnallarımızı və qəzetimizi saxladığımız üçün gərək minnətdar olsunlar.

– Vaqif Səmədoğlu bu yaxınlarda demişdi ki, Musa Yaqub “Xalq şairi” olmadığı üçün mən xəcalət çəkirəm. Müxtəlif fəxri adlar var- “Xalq şairi”, Xalq yazıçısı”, “Əməkdar incəsənət xadimi” və s. Bunlara, həqiqətən də, ehtiyac varmı?

– Mən bu adların ləğv olunması ilə bağlı üç dəfə məsələ qaldırmışam. İki dəfə rəhmətlik Heydər Əliyevin yanında bu məsələni dilə gətirmişəm. Mükafatlar, ordenlər var və olmalıdır. Amma heç bir ölkədə belə adlar yoxdur. Bizdə niyə olmalıdır ki? Birinci olaraq, özüm bu addan imtina etməyə hazıram. İndiyə kimi kim alıb özü bilər. Amma bundan sonra fikirləşirəm ki, bu fəxri adları ləğv etmək lazımdır.

 “İstanbulda mədəniyyət mərkəzimizi açmalıyıq”

– Yazıçılar Birliyinin Avropa ədəbiyyatı ilə münasibətləri nə yerdədir?

– Bəzi ölkələrlə əlaqələrimiz var. Bizim qurultaya Serbiya, Macarıstan, Rumınyadan qonaqlarımız gəlmişdilər. Yazıçılarımızın əsərləri Avropa ölkələrində də çap olunur. Bu yaxınlarda ABŞ-da Vaqif Səmədoğlunun kitabı çıxdı. Kamal Abdullanın, Elçinin, Çingiz Abdullayevin müxtəlif ölkələrdə kitabları çap olunur.

– Səfirliklər Azərbaycan ədiblərinin kitablarının çap edilməsinə kömək edirlərmi?

– Bu iş səfirlərin özlərindən asılıdır. Elə səfirlər var ki, ədəbiyyata, mədəniyyətə maraqlı adamdırlar. Belə səfirlərdən Serbiyadakı səfirimiz Eldar Həsənovun adını çəkə bilərəm. Onun səfir olduğu ölkələrdə Azərbaycan kitabları çap olunur. Bəzi səfirlərin isə vecinə belə deyil. Amma mən hesab edirəm ki, xüsusən də, böyük ölkələrdəki səfirlərimiz bu işə daha çox can yandırmalıdırlar. Bundan başqa, mən neçə illərdir ki, məsələ qaldırıram ki, Azərbaycanda Türkiyə Mədəniyyət Mərkəzi, Türkiyədə də Azərbaycan Mədəniyyət Mərkəzi olmalıdır. Amma hələ də yoxdur. Halbuki, Fransada, Avstriyada mədəniyyət mərkəzimiz var. Bu çox yaxşıdır. Amma Rusiyada da, İstanbulda da mədəniyyət mərkəzimiz olmalıdır, yoxdur.

 “Dostlarım üçün də, Qarabağ üçün də darıxıram”

– Nəvələrinizlə tez-tez görüşə bilirsinizmi, Anar müəllim?

– Bəli, görüşürəm. Oğlum Tural Azərbaycanın Küveytdəki səfiridir. Onun iki oğlu var, hazırda Küveytdədirlər. Qızım buradadır, uşaqları da yanındadır.

– Hansı nəvəsini çox istəyir Anar müəllim?

– Hamısını.

– Anar müəllim xoşbəxt yazıçıdır, xoşbəxt atadır, xoşbəxt babadır…

– Məsəli sizə aid olmasın, belə bir ifadə var: “İçim özümü yandırır, çölüm özgəni”.

– Xoşbəxt olmaq üçün Anarın nəyi çatmır?

– Xoşbəxtlik üçün ömür çatmır. Dostlarımın əksəriyyəti dünyalarını dəyişib. Dostlarım üçün də, Qarabağ üçün də darıxıram. Bir yazıçının ki, vətəninin 20 faizi işğal altındadırsa, o necə xoşbəxt ola bilər?

“Qadağalar olanda müqavimət də güclü olur”

– Sizə görə azadlıq nədir? Azadsınızmı?

– Mən həmişə azad olmuşam. Daxilən azad insanam. Sovet dövründə də, indi də düşünmədiyim, inanmadığım şeyi deməmişəm. Ola bilsin ki, düşündüklərimin hamısını deyə bilmirəm. Səbəb isə odur ki, sevdiklərim, dostlarım var. İstəmirəm ki, mənə görə kimsə ziyan görsün. Buna görə də məsuliyyətlə yaşayıram.

– Qəzavü-qədər, alın yazısı haqqında Anar müəllim nə düşünür? Tale nədir?

– Yeni yazdığım “Göz müncuğu” povestimdə bu barədə yazmışam. Çap üçün “Azərbaycan” jurnalına verəcəyəm. Sualınızın cavabını o əsərdə tapa bilərsiniz?

– Anar müəllim, siz “ədəbiyyat qadağalarla inkişaf edir, azadlıq isə onu məhv edir” fikri ilə razı olduğunuzu bildirirsiniz. Bunu nə ilə izah edirsiniz?

– Mən bir dəfə bu sözü sitat gətirdim. Mənim üstümə düşdülər ki, görün Anar nə deyir. Bu sitat mənim deyil. Bunu Nobel mükafatçıları olan iki fransız yazıçı, Andrey Jid və Albert Kamyu deyiblər. Kamyu Nobel mükafatını alanda A. Jid bu sözləri dilə gətirir, Kamyu da bildirir ki, bu fikirlə razıdır. Mən də deyirəm ki, bu sözlərlə razıyam. Çünki qadağalar olanda dirəniş də, müqavimət də güclü olur. Çalışırsan ki, bu qadağaları hansı formadasa dəf edib, sözünü deyəsən. Azad olanda isə çalışırsan ki, hər şeyi deyəsən və belə məlum olur ki, deməyə sözün yoxdur.

– Bu fikirlərinizin günümüzlə əlaqəsi varmı?

– İndi bizdə söz azadlığı, bəzən söz azğınlığına çevrilir. Bilirsən ki, kim haqqında desən, nə böhtan istəsən yaza bilərsən. Ona heç bir maneə yoxdur. Burada məsuliyyət məsələsi var. Mən ABŞ televiziyalarının birində eşitdiyim sözü çox bəyənmişəm və tez-tez xatırlayıram. Həmin televiziyada çıxış edən bir nəfər deyirdi ki, ABŞ-ın şərqində – Nyu-York şəhərində azadlıq heykəli ucaldılıb. Yaxşı olar ki, qərbində – LosAngelesdə də məsuliyyət heykəli ucaldılsın. Hamı bilsin ki, bu ölkə azadlıq və məsuliyyət arasında yaşayır. Məsuliyyəti olmayan azadlıq azğınlığa səbəb olur. Ardı var

Elvin Əliyev