Anar: “Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun”

Maraqlı təsadüf oldu. Yazıçılar Birliyinin girişində yenə də Xalq yazıçısı Çingiz Abdullayevlə rastlaşdım.  Keçən dəfə də birliyin sədri, Xalq yazıçısı Anarla müsahibəyə getdiyim zaman elə eyni məkanda onun katibi ilə qarşılaşmış, hətta müsahibə üçün razılığını da almışdım. Bu günlərdə 60 yaşını tamamlayan Çingiz müəllimlə müsahibənin 70 yaşınadək uzanmayacağı ümidi ilə ondan ayrılıb sədrin otağına qalxdım…

Anar müəllim bu dəfə olduqca yorğun adam təsiri bağışladı. Mənə elə gəldi ki, bu yorğunluq onun ənənəvi olaraq gecə yarısınadək işləməsindən çox, ünvanına deyilən haqlı-haqsız tənqidlərə görədir. Elə söhbətin girişində özü də buna işarə verdi, “eyni adamlara nə qədər eyni cavablar vermək olar” deyərək. Hər halda, ömrünün 82-ci baharını yaşayan yazıçının bütün bu tənqidlərə sinə gərməsi asan məsələ deyil…

Beləcə, söhbətə başladıq. Əvvəlcə son günlərin ən çox müzakirə olunan məktəbli qızın intihar hadisəsindən danışdıq. Təəssüfləndiyini bildirdi:

– Nə demək olar? Çox heyf. Çox təəssüflənirəm. Çox pis faktdır. Allah rəhmət eləsin! Səbəbləri nədir, bilmirəm. Amma intihar həmişə olub. Bütün dünyada, həmçinin bizdə daim olub. Bəlkə də indi daha kütləvi xarakter alıb. Son statistikanı bilmirəm. Amma bir vaxt oxumuşdum ki, ən çox intihar olan ölkə İsveçdir. Halbuki rifahı ən yüksək olan ölkələrdəndir. Məsələn, o vaxt vəziyyəti çox ağır olan Hindistanda intihar çox az idi, nəinki İsveçdə. Deməli, bu, sosial məsələlərlə bağlı deyil, nədirsə, başqa şeydir.

– Deyəsən, heç yaradıcılığınızda intihar mövzusuna müraciət etməmisiniz…

– Yox, müraciət etməmişəm.

– Anar müəllim, Milli Məclisin iclasında deputat Fazil Mustafa prezidentlə görüşən yaradıcı insanları təbrik etmişdi. Demişdi ki, dövlət başçısı ilə görüşdə biri heykəl məsələsini, digərləri başqa məsələləri qaldırdı, amma çap məhsullarına, kitaba tətbiq olunan ƏDV-dən kimsə danışmadı…

– Mən öz yazımda yazmışdım. Sizə bunu deyə bilərəm ki, mən Fazil Mustafaya hörmət edirəm. Amma deyir ki, orada oğullar atalarının heykəli məsələsini qaldırdılar. O görüşdə iki adamın heykəli məsələsi qaldırıldı: Hacı Zeynalabdin Tağıyev və Mirzə Cəlil Məmmədquluzadənin. Heç birinin də oğlanları orada iştirak etmirdi.

– Mirzə Cəlillə bağlı təşəbbüs sizdən gəldi…

– Bəli. Mən demişdim, Tağıyevi də Bəhram demişdi. Nə mən Mirzə Cəlilin oğluyam, nə də Bəhram Tağıyevin oğludur. Bir də bu Mirzə Cəlildən nə istəyirlər? Yaxşı, bu, yanıb, canını qoyub millətin yolunda. Biri başlayır ki, Mirzə Cəlil milləti təhqir edib, o birisi deyir… Allah eləyəydi ki, onu tənqid edənlər Mirzə Cəlilin yüzdə biri qədər bu milləti sevəydilər. Milləti sevmək millətin sağlığına bəlağətli tost demək, xal qazanmaq üçün populist çıxış etmək deyil. Milləti Sabir, Mirzə Cəlil, Zərdabi, Mirzə Fətəli kimi sevmək lazımdır ki, nöqsanlarını, qüsurlarını da görəsən və çalışasan ki, onları aradan qaldırasan.  İndi elə bil dərviş məstəli şahlar, molla ibrahimxəlillər, şeyx nəsrullahlar… Mirzə Fətəlidən, Mirzə Cəlildən qisas alırlar. Elə bil təzədən xurafat, cəhalət dövrünə qayıdırıq və cəhalət nöqteyi-nəzərindən ən işıqlı adamlarımıza hücum edirik. Elə bil qaranlıq işıqdan qisas alır. Yadımdadır, sovet vaxtı ermənilər Moskvaya donos yazırdılar ki, Mirzə Cəlil millətçidir, hətta faşistdir. Ona görə ki, “Usta Zeynal” hekayəsində belə bir cümlə var… Özü də avam bir adam olan Usta Zeynal deyir “erməni qorxaq bir millətdir, padşahı-zadı da yoxdur”. Mirzə Cəlil bunu ironiya ilə yazıb. Amma ermənilər bu cümləyə görə onu millətçi, faşist adlandırırdılar. İndi bizimkilər başlayıblar ki, Mirzə Cəlil millətçi deyil. Millətçi deyil, milləti sevən adamdır. Millətçi o adamdır ki, bu milləti sevsin, onun yolunda canını fəda eləsin, bütün ömrünü bu işə həsr eləsin, necə ki, Cəlil Məmmədquluzadə, Sabir həsr edib.  

– Yeri gəlmişkən, Fazil Mustafa bu günlərdə sizin cavab yazınıza reaksiya verdi. Deputatın reaksiyasını necə qarşıladınız?

– Müsbət qarşıladım.

“Paxıllıqdan qovrulan ucuz şöhrət hərisinin ləçər söyüşlərinə  cavab verməyi ləyaqətimə sığışdırmıram”

– Maraqlıdır, bəs Əkrəm Əylislinin sizə ünvanlanmış sərt fikirlərinə münasibətiniz necə oldu?

– Paxıllıqdan qovrulan ucuz şöhrət hərisinin ləçər söyüşlərinə  cavab verməyi ləyaqətimə sığışdırmıram…

– Elə isə qayıdaq heykəl mövzusuna. Anar müəllim, məgər Mirzə Cəlili sevmək ona heykəl qoyulması ilə ölçülür? Bəlkə onu dərindən oxumaq, öyrənmək, dərk eləmək daha faydalı olardı?

– Şübhəsiz. Amma bunun birini niyə o birinə qarşı qoyuruq ki? Onda gərək başlayaq ki, Nizamini, yaxud Füzulini oxumaq daha yaxşıdır, ona görə heykəllərini sökək. Hərəsinin öz yeri var. Füzulini də, Nizamini də, Mirzə Cəlili, Sabiri, Mirzə Fətəlini də oxuyaq. Amma onların hamısının Bakıda heykəlləri var, Mirzə Cəlilinsə yoxdur.

– Şirməmməd Hüseynov bir müddət əvvəl demişdi ki, heykəllər məsələsi ilə qurtarmaq lazımdır. Əks təqdirdə, gərək Bakı heykəllər şəhərinə çevrilsin. Onun fikrincə, heykəl qoymaqdansa, Rəsulzadə ideyalarını yaymaq, əxz eləmək lazımdır…

– Bunlar bir-birinə zidd olan məsələ deyil ki. Qəribə şeydir. Mən bu məntiqi başa düşmürəm. Kim deyir ki, oxuma? Oxu da, təbliğ də elə, müzakirə də elə. Amma heykəlin nə maneçiliyi var? Bəlkə də gəlib heykəlin qarşısında duran adam Mirzə Cəlili tanıyar, düşünər onun haqqında, gedər əsərini də oxuyar. Mən düşünürəm ki, Bakıda Məhəmməd Əminin də heykəli olmalıdır, Əlimərdan bəyin də, Tağıyevin də – sağ olsun, Bəhram Bağırzadə dedi – Mirzə Cəlilin də… Moskvada kimlərin heykəlləri yoxdur? Lap təzə ölənlərin belə. Plesetskayanın,  Vısotskinin, Akucavanın var. Onda gərək deyək ki, onlara niyə heykəl qoyursunuz. Biz hələ bizə yaxın olanları demirik, Mirzə Cəlili, Tağıyevi deyirik ki, onların ölümündən az qala 100 il keçib. 

– Siz Rəsul Rzanı da demirsiniz…

– Yox. Rəsul Rzanı başqaları desin də.  Mənim deməyim lazım deyil. Başqaları lazım bilər, deyər. Onu dərk edənlər varsa, nə vaxtsa bu məsələni qaldıracaqlar.

– Nə zamansa Bakıda, elə Yazıçılar Birliyinin binası önündə Anara heykəl qoyulmasını istərdiniz?

– Yox, mən heç vaxt elə fikirlərə düşmürəm. Nə özüm heykəl istəyirəm, nə də ki… Cavan yazıçılar üç dənə şeir yazandan sonra özlərinə heykəl qoyulmasını istəyirlər. Mən ona görə yazmışdım ki, çox tez heykəlləşməyin!

– Hər halda, 32-ci ildir Yazıçılar Birliyinin sədri olan şəxsdən, qurumun ən uzunömürlü sədrindən söhbət gedir. Birliyin qarşısında nə zamansa heykəlinizin qoyulması ruhunuzu şad edərdi…

– Yox, o qədər müştəri olar ki… Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun! Mən heykəl-filan istəmirəm. (Gülür)

– Anar müəllim, bu yaxınlarda Musa Yaqubla bağlı geniş müzakirələr oldu. Xüsusilə də sizin “Musa Yaqub nə istəyir, yubileyini də keçirmişik” deməyiniz birmənalı qarşılanmadı. Bu, doğru idimi?

– Dediyim kimi, mən gecələr işləyirəm. Gecə saat 3-dək işlədim, gec yatdım. Səhər 9-da telefon zəng çaldı, götürdüm. “Musa Yaqubun vəziyyəti ilə bağlı nə fikirdəsiniz?” Dedim, Musa Yaquba nə olub ki? Yubileyini keçirdik, indi istəyi nədir? Xoş niyyətlə zəng etmiş olsaydılar, belə başa düşmək olardı ki, yubileyini keçirmişik, indi bəlkə başqa bir arzusu var. Nədir arzusu? Bilim və çalışım, yerinə yetirim. Qəsdən zəng etmişdilər. Dediklərimi də qəsdən elə yozdular ki, Anar dedi yubileyini keçirmişik, daha nə istəyir? Mən belə kobud cavab vermək istəməmişəm. Sözün intonasiyasını dəyişib mətbuata çıxaranda başqa cür məna verir. Musa Yaqub mənim yaxın dostum olmasa da, hörmət bəslədiyim insandır, illərlə xoş, çox mehriban münasibətlərimiz var, bir nəslə mənsubuq. Özü yox, başqa birisi də zəng edib mənə desəydi ki, onun ehtiyacı var, əlbəttə, çalışardım ki, kömək edim. Amma bunu etməkdənsə… Bunların dərdi Musa Yaqub deyil, bunların dərdi odur ki, ara qarışdırsınlar, mənə qarşı kampaniya başlatsınlar. Yaxşı ki, Musa da bildirdi ki, onun adından yazıblar. Yazmışdılar ki, guya Musa deyib Anar qorxur. Mən Buynuz meşələrindəki ayılardan başqa heç nədən qorxmuram, nədən qorxacağam? Mən Musanı ən yüksək ada təqdim eləmişəm, qorxsaydım, təqdim edərdim, yaxud yubileyində iştirak edərdim? 

– Rəşad Məcidin bir açıqlamasını oxudum ki, Musa Yaquba xalq şairi adının verilməsi üçün illər öncə təqdimat vermisiniz…

– O vaxt da vermişdim, bir ay bundan qabaq da təzələmişəm, göndərmişəm. Ramiz Rövşəni də eləcə. Ramiz Rövşənin xalq yazıçısı adına təqdimatını mən 2006-cı ildə vermişəm. Mənim 2010-cu ildə çıxan “Əsrin əsiri” kitabımda da o müraciəti vermişəm. Oxuyub görsünlər ki, o vaxt təqdim etmişəm. Bunlar indi ayılıblar. Axı heç olmasa bilin, mətləbdən agah olun, ondan sonra məni günahlandırın!

– Bəs sizin təqdimatınızın qarşısını kəsən kimdir?

– Mən bilmirəm. Nə bilim?

– Hər halda, prezidentlə görüşdə məsələni yada sala bilərdiniz…

– Prezidentlə görüşdə də qaldırmışam. Şəxsi görüşdə. Ramiz Rövşənin məsələsini iki görüşdə qaldırmışam. Reaksiyası da, məncə, müsbət olub. Olacaq da. Qaçhaqaç deyil ki. Yəqin ki, olacaq. Mən güman edirəm ki, lap yaxın zamanlarda olacaq.

– Anar müəllim, səmimi danışırıq. Musa Yaqub o halındadır. Xəstə insana da baş çəkərlər, ondan giley etməzlər, elə deyilmi?

– Bəyəm mən kimdənsə giley edirəm? İndi imkan olar, gedərəm. Mən özüm də xəstəyəm, mənə də baş çəkin deyirəm?

– Amma sizi elə bu günlərdə Çingiz Abdullayevin kitabının təqdimatında gördük…

– O, Bakıdaydı. Amma rayona getmək üçün hər zaman imkan olmur. İmkan düşən kimi Musanın yanına məmnuniyyətlə gedərəm, Musaya münasibətim çox yaxşıdır. Amma məni məcbur eləməsinlər. “Hə, sən getmədin, deməli, çox pis adamsan”. Belə deyiləndə əksinə, höcətə düşürəm, deyirəm mən sizin sözünüzlə oturub durmuram. İcazə versinlər, mən öz ağlımla hərəkət edim.

– Bildiyimizə görə, Musa müəllim aylardır Bakıdadır…

– Bakıdadırsa, imkan edən kimi gedib baş çəkəcəm. Amma bizim aramızı da vurmasınlar. Ramiz də, Musa da, mən də eyni amala xidmət edirik, eyni ədəbiyyatın adamlarıyıq, eyni dilin daşıyıcılarıyıq. Niyə bizi bir-birimizə qarşı qoyurlar? Niyə birini qaldırmaq üçün o birini mütləq vurmaq lazımdır? Birinin heyranısansa, niyə o birinə qənim kəsilirsən axı?

– Sizin haqqınızda gənc yazarlar daha çox sərt tənqidi fikirlər yazırlar. Bu günlərdə Şəhriyar del Gerani yazmışdı ki, “Anar şeiri bilmir, şairi də tanımır”…

– Mən də cavab yazdım ki, düz deyirsən, çünki 2 cildlik “1500 ilin oğuz şeiri”ni tərtib etmişəm. “Min ilin yüz şairi” adlı antologiya tərtib etmişəm, Türkiyədə çıxıb. Təxminən 30 Azərbaycan şairi haqqında ayrıca məqalələrim çıxıb. Nazim Hikmət haqqında ayrıca kitabım çıxıb və 100-ə qədər şeir tərcümə etmişəm. Ona görə də mən şeiri bilmirəm, düz deyir, mən razıyam.

– Anar müəllim, səmimi deyin, bu “etiraf” yorğunluqdan irəli gəlmir ki?

– Daha ayrı nə deyəsən? Deyəsən ki, yox, düz demirsən, mənim şeirdən başım çıxır? Kor-kor, gör-gör də. Hər şey deyə bilərlər. Amma bir az obyektiv baxa bilən deyər ki, heç olmasa iki şairin övladıyam. (Gülür).

Birincisi, “şeir bilmir, şair bilmir” Azərbaycan dilində nə deməkdir? İkincisi, mənə cavab yazıb, mən də ona cavab yazmışam. Mən daha etik normalar çərçivəsində yazmışam, onun cavanlığını nəzərə alaraq. Onu təhqir etmədən, ədəb-ərkan çərçivəsində, faktlarla yazmışam. O, mənim haqqımda necə yazıb, özü bilər. 

– Yəqin siz özünüz də şeir yazırsınız…

– Hərdən yazıram. Özümü şair hesab etmirəm, amma yazdığım şeirləri Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən bəyənibsə, mənə ayrı qiymət lazım deyil.

– Anar müəllim, bəlkə sizi tənqid edən gənclərlə…

– (Sualı yarımçıq kəsir) Gənc deyəndə ki, 3-4 adamdır. Onlarla gəncin mənə münasibəti yaxşıdır, haqqımda yazı da yazıblar, mən onlara kömək də edirəm. Yazıçılar Birliyində heç vaxt gənclərə bu qədər qayğı göstərilməyib. “Ulduz” jurnalının redaktoru yaşlı adamlar olub, biz o jurnalı tamamilə cavanların ixtiyarına vermişik. “Ədəbiyyat qəzeti”nin redaktoru cavan adamdır. Cavan katiblərimiz var. Bir neçə il qabaq Çingiz Abdullayev katib gələndə cavan idi, rəhmətlik Arif Əmrahoğlu, yaxud Rəşad Məcid katib seçiləndə  çox cavan oğlanlar idi. Vaxt keçdikcə, təbii ki, yaşlanıblar, daha gənc İlqar Fəhmi katib seçilib. Bu, həyatın dialektikası, dinamikasıdır. Cavan yaşında gəlir, yaşlaşır, sonra daha cavanı gəlir. Cavanların kitablarını çıxarırıq, onlara mükafatlar veririk, cavanları xaricə, səfərlərə göndəririk. Hər il 20 gənc yazıçı Prezident təqaüdü alır. Başqa neyləməliyik? 2-3 nəfər əleyhimədirsə, mütləq onları tapırlar, məhz onlardan söz alırlar, sonra da yazırlar ki, “gənclər Anarın əleyhinədir”. Sən  get, Anarın əleyhinə olmayan gənclərdən də bir şey soruş, ondan sonra əleyhimə olanları təbliğ et. Bu, nə aqressiyadır? Mən qəzetlərin bağlanmasının tərəfdarı deyiləm, amma istəyirəm ki, qəzetlərdə bir az insaf olsun. Mənim də əlimdə mətbuat orqanları var, birinə demişəmmi ki, siz onların əleyhinə yazılar yazın? Cavab lazım olanda yenə də özüm cavab verirəm. Mənim özümdən başqa müdafiəçim yoxdur. Daha doğrusu, heç kəsə demirəm ki, məni müdafiə et. Hər kəs öz vicdanına görə hərəkət edir.

– Ola bilsin bəzi gənc yazarlar sizinlə mübarizə aparmaqla həm də təbliğ olunmaq istəyirlər…

– Əcaib təbliğ olunmaq yolu tapıblar. Hər şeyə cavabdeh mənəm?

– Hər halda, Yazıçılar Birliyinin sədri sizsiniz. Sizin əvəzinizdə başqası da olsa, bəlkə hədəfdə o adam olardı.

– Azərbaycanda Yazıçılar Birliyindən başqa birliklər yoxdur? Nə bəstəkar, nə rəssam, nə teatr, nə kino… Ancaq hamının gözü Yazıçılar Birliyini görür. Mən 32 ildir buradayam. Birinci ili çıxmaq şərtilə, 31 ildir eşidirəm ki, deyilər Yazıçılar Birliyində dəyişiklik olmalıdır, Yazıçılar İttifaqının filan nöqsanları var. Nədir bu nöqsanlar? İndiyə qədər bir adam bunu deməyib. Hansı dəyişiklik istəyirlər, bir adam təklif verməyib. Mən fikirləşirəm ki, əgər bir dəyişiklik istəyirlərsə, işdən narazıdırlarsa, amma bilmirlərsə nədən narazıdırlar, belə nəticə çıxarıram ki, bu, ancaq sədrin yerini tutmaq təşəbbüsüdür, ayrı bir şey deyil. Gəlsinlər, tutsunlar, amma bunu bir nəfər istəmir axı, 10 nəfər istəyir. 10 nəfər bir kürsüdə necə otura bilər?

“Özümdən başqa müdafiəçim yoxdur”

– Amma hər halda, dəyişiklik istəyini cəmiyyətin, fərdin təbii haqqı saymaq lazımdır. Sudan prezidenti 30 ildən sonra getdi…

– (Gülür) Mən nə Sudan prezidentiyəm, nə də Sudan prezidentinin etdiyi cinayətləri eləmişəm. Bu 32 ildə Yazıçılar Birliyində ancaq xeyirxah işlər görülüb. “30 il” adında yazım var, onu oxusunlar, görsünlər mənim dövrümdə nələr olub, nələr eləmişik, xüsusilə də, cavanlarla bağlı, ümumiyyətlə, Yazıçılar Birliyinin nüfuzu üçün. Bilənlər bilir, bilməyənlər heç bilməsin…

– Anar müəllim, söhbətlərimizin birində demişdiniz ki, mənim əleyhimə üç sandıq yazı var, onları yığıb kitab halında çap etdirəcəyəm.

– Bəli, mütləq.

– Hələ yazıları yığırsınız?

– Hamısını yığmışam. Vaxt tapıb gərək hazırlayam. Vaxt yoxdur. Həm də öz vaxtıma heyfim gəlir ki, bu vaxt ərzində mən daha bir əsər yaza bilərdim. Ancaq bunu da eləməyə  məcburam. Qoy gələcək nəsillər görsünlər ki, barəmdə kimlər nələr yazıb.

– Onda gərək prezident də, baş nazir də, spiker də, digər səlahiyyətlilər də əleyhinə yazılanları sandıqlara toplayıb nəşr etdirsin. Sizcə, bu, normaldırmı?

– Onların əvəzinə cavab verə bilmərəm, amma heç biri haqqında mənim barəmdə yazıldığı qədər tənqid yazılmayıb. Heç biri haqqında… Mən siyasətçiləri demirəm, o siyasi mübarizədir, özləri bilər. Yazıçılar içində, Nizami Gəncəvidən Nizami Cəfərova qədər mənim qədər tənqid, irad və yalan, böhtan hədəfi olan ikinci bir adam yoxdur. Varsa, deyin. Burada məndən başqa da sədrlər, rəhbərlər olub. Onlar barədə ancaq təriflər yazıblar. Çünki o vaxt vəziyyət başqa idi. Mən tərif istəmirəm… Tənqid olsun, amma ədalətsizlik və ədəbsizlik olmasın.

– Siz özünüzün qiymətli vaxtınızı “Diriliş Ərtoğrul” kimi bir film ssenarisi yazmağa həsr etsəniz, Azərbaycana daha böyük fayda verərdiniz, həm də əleyhdarlarınızı neytrallaşdırardınız. Razılaşırsınız?

– İndi ki, söhbət açıldı, deyim. Mənim sonuncu filmim “Sübhün səfiri”dir, 2012-ci ildə çəkilib, 7 il bundan əvvəl.

– Mirzə Fətəli haqqında…

– Bəli. 7 ildir mənim filmlərim çəkilmir, ssenarilərim qəbul olunmur. Bayramda da, qeyri-bayramda da televiziyalar ya “Evləri köndələn yarı”  göstərir, ya da “Ötən ilin son gecəsi”ni. Bir dəfə bir televiziya kanalından mənə müraciət olunmayıb ki, bəlkə təzə bir şey yazasan. Cəfər Cabbarlı haqqında ssenari yazmaq istəyirəm, təklif eləmişəm, cavabı “0″.  ”Parisdə höcət” adlı ssenari yazmışam, çap eləmişəm, istəyirəm çəkilsin, hələ ki heç bir reaksiya yoxdur. Sən də deyirsən ki, yeni film ssenarisi yazardız. Yazım, onu da qoyum sandığa? Deyir içim özümü yandırır, çölüm özgəni. Mənim demək olar ki, bütün əsərlərim çətinliklə qəbul olunub.

– Sizə mane olan kimdir?

– Sovet vaxtında senzura, doqnatik redaktorlar. İndi isə… Nə bilim, hər halda, dediklərim danılmaz faktlardır.

– Prezidentlə görüşdə bütün bunları niyə demədiniz?

– Prezidentlə görüşdə Yazıçılar Birliyinin məsələlərini qaldırmışam, heç bir şəxsi məsələni qaldırmamışam. Əgər qaldırsaydım, deyərdilər ki, hə, gedib özü üçün çalışır. Prezidentlə birinci şəxsi görüşümüz dekabr ayında olmuşdu. Çox sağ olsun, yenə də təkrar təşəkkür edirəm ki, yazıçılara ev tikilməsi məsələsini də həll etdi, Şüvəlandakı Yaradıcılıq Evinin boşaldılmasını da və Şabranda Yaradıcılıq Evinin tikilməsini də. Üçünün də həllinə göstəriş verdi.

– Amma eyni zamanda mükəmməl və milli baxımdan çox faydalı bir film ssenarisi barədə də məsələ qaldırmaq olardı və əminəm ki, dövlət başçısı çox müsbət yanaşardı.

– İndi Mədəniyyət Nazirliyinə yazmışam ki, Cəfər Cabbarlının yubiley ilində onun haqqında ssenari yazmaq istəyirəm. Mənim bu səpkidə dörd filmim var: Mirzə Fətəli, Cavid, Mirzə Cəlil və Üzeyir bəy haqqında. Beşinci, bəlkə də mənim həyatımda sonuncu belə ssenarini də Cəfər Cabbarlı haqqında yazmaq istəyirəm. Təklifimi nazirə yazmışam, görək nə cavab verir.

– Yeri gəlmişkən, AzTV-nin yeni sədri televiziya tamaşaları ilə bağlı yeni proses başladıb, bu sahəyə peşəkar bir insan rəhbər təyin olunub. Sizin qələminizdən çıxan teletamaşalar da çox uğurlu olub, adlarını çəkdiyiniz tamaşalar buna sübutdur. Çox istərdik ki, yeni tamaşanızın sifarişini alasınız…

– Mən də bunu istərdim.

– Gözəl ideyalarınız var, zaman da quş təki uçur. Ancaq siz zamanınızı sandıqdakı tənqidi yazılara xərcləmək istəyirsiniz. Heyif deyilmi?

– Bu sualı mənə yox, mənim yaradıcılıq niyyətlərimi illərlə sandıqda saxlayanlara versəniz daha dəqiq cavab alarsız.

– Gözəl bir ssenari yazmaqdansa…

– Gözəl bir ssenari yazacağam, əlli yerdən qəmiş qoyacaqlar. O qəmişləri də gərək toplayam,  onları da çap eləyəm. (Gülürük)

Davam edir:

– Gülürsən. Mənim yaşıma gələrsən, onda başa düşərsən…  Uzun yaşayasan ki, görəsən bu yaşda belə cahil hücumlara dözmək nə deməkdir. Adı da yadımda deyil, biri yazmışdı ki, mən bilirəm, Anara böhtan atıram, bilirəm ki, yalan danışıram, amma qəsdən belə yazıram ki, şəkəri artsın, qan təzyiqi yüksəlsin, mən də bir az sakit olum. Adamın sakitliyi bundan ibarətdir. Allah xeyir versin.

– Bəlkə nə zamansa sizin də özünüzdən böyüklərlə bağlı bu sayaq davranışlarınız, yazılarınız olub və qarşınıza çıxır. Olubmu?

– Heç bir vaxt mənim belə davranışım olmayıb, ola da bilməzdi. Tərbiyəm buna imkan verməzdi. Həmişə yaşlılara hörmətlə yanaşmışam, hamısı haqqında yazılarım da var. İstəyirsinizsə, sadalayım. Səməd Vurğun, Süleyman Rüstəm, Müşfiq, Mirzə İbrahimov, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İmran Qasımov, İsa Hüseynov haqqında və s. Hələ həmyaş müasirlərimi demirəm. Yusif haqqında da, Əkrəm haqqında, Fikrət, Elçin, Maqsud, Rüstəm haqqında da müsbət yazılarım var. Özü də mən heç kəsə birinci hücum etməmişəm. Kimsə mənim haqqımda yalan, böhtan, iftira yazanda məcbur olmuşam yazam ki, elə deyil, belədir.

– Bəlkə həmin 3-4 nəfər əleyhdarlarınızla görüş keçirib onları dinləyəsiniz.

– Qapım həmişə açıqdır. Mən bu barədə yazımda da yazmışdım. Belə bir söz var ki, kim 20 yaşında qiyamçı deyil, onun qəlbi yoxdur. Kim 40 yaşında qiyamçıdır, onun ağlı yoxdur. İndi mən şadam ki, 20 yaşında qiyamçı olan, Yazıçılar Birliyini dağıdacağıq, partladacağıq, bayrağımızı sancacağıq deyənlərin bir çoxu ayılıb, ağılları gəlib başına.  Başa düşüblər ki, Yazıçılar Birliyi ilə düşmənçilik etmək lazım deyil. Əksinə, bu qurumun işində iştirak etmək lazımdır.    

– Yazıçı Əyyub Qiyas bu günlərdə sizə və Əkrəm Əylisliyə xitabən belə yazıb: “Əziz, Əkrəm Əylisli, əziz Anar! Sizə and verirəm sevdiklərinizə, inandıqlarınıza, xahiş edirəm, unudun bu umu-küsünü, gəlin Sumqayıt bulvarında pürrəngi çay içək, ədəbiyyatdan danışaq, xatirələrinizi eşidək və Sumqayıtdan dost kimi qayıdın geri”. Barışmaq istərdinizmi Əkrəm Əylisli ilə? Bu çağırışa münasibətiniz necədir?

– Əyyub Qiyasın çağırışının səmimiyyətinə inanıram və xoş niyyətini dəyərləndirirəm. Amma elə ən son günlərdə hər ikimizin yazdıqlarımızla tanışdırsa, aydın görər ki, mənim mətnim danılmaz faktlar əsasında ədəb çərçivəsindədirsə, əleyhimə yazılanlar ancaq ədalətsizlik örnəyi, təhqir və söyüşdür. Özündən bu qədər müştəbeh, bu dərəcədə özündən razı, hər naqis hərəkətinə haqq qazandırmağı cəhd edən, yalan danışmağı öz həyat tərzinə çevirən, bütün yazıçılara nifrət, hiddət və kin püskürən adamla necə bir yerdə çay içə bilərəm. Özü ucuz şöhrət düşkünü ola-ola əlli ildir “Beş mərtəbəli ev” romanımın populyarlığını ürəyinə dərd eləyib. Son 30 ildə mənim onunla heç bir işim olmayıb və yoxdur, ancaq onun hikkəli hücumlarına və böhtanlarına cavab vermişəm. Dəxli oldu-olmadı yenə mənim  ünvanıma idbar atmacalar atsa, daha sərt reaksiya verməli olacam.

Sonda Anar müəllim özünün zəruri qeydini edir:

– Bir P.S də məndən gəlsin. Yazmışdım ki, bir “anarşünas” nədən yazır yazsın, mütləq mənim barəmdə səfeh bir söz deməlidir. Sağ olsun ki, mənim bu fikrimi hər gün yenidən təsdiq edir…


Elşad PAŞASOY
yenimusavat.com