Anar: “Kriminal hadisələri efirə çıxarmağa ehtiyac yoxdur”

0
456

Əxlaq aşınması var

-Gənc nəsildən razısınızmı, Anar müəllim?

– Gənclər arasında elə insanlar var ki, mən onlardan çox razıyam. Savadlıdırlar, ağıllıdırlar, internetdən düzgün faydalana bilirlər və böyük-kiçik yeri gözləyirlər. Onlardan, əlbəttə ki, razıyam. Hər nəsildə olduğu kimi gənc nəsil arasında da elələri var ki, iddiaları qabiliyyətlərindən qat-qat çoxdu.

– Ümumiyyətlə sizin dövrün gəncliyi ilə müasir gəncliyi müqayisə edəndə, bu dəyişiklik sizə nə deyir?

–  Bu günün gəncləri çox dəyişib. Amma mənə elə gəlir ki, bu dəyişiklik yaxşıya doğru deyil. Əxlaq aşınması var. Böyüklərə qarşı hörmət azalıb. Əslində bu həmişə belə olub. Lap qədim şumer yazılarında belə qeyd olunub ki, indiki nəsillər böyükləri tanımır. Bizim oğuznamələrdə, “Dədə Qorqud”da da belə şeylər var, oğul atanı, ata oğulu tanımır. Hazırda bu problem daha qabarıq müşahidə olunur. Buna səbəb isə uzun müddət totalitar rejimdə yaşamağımızdır. Həmin rejimdə insanları çox sıxırdılar, boğurdular, danışmağa imkan vermirdilər. Ona görə də, hamı dolmuşdu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, yaranmış şəraitlə əlaqədar olaraq yaxşı ilə birlikdə pis də üzə çıxdı.

– Anar müəllim, əvvəllər bir ailənin boşanması cəmiyyət tərəfindən az qala faciə kimi qiymətləndirilirdi. İndi isə sankı çox adiləşib.

– Bunda televiziyanın da günahı var. Telekanallar sensasiya xatirinə oğul atanı öldürdü, bağışlayın, ata qızını zorladı və s. kimi xəbərlər verirlər. Məncə, bu tip hadisələri efirə çıxarmağa ehtiyac yoxdur.

– Yəni əxlaqsızlıq adiləşdirilirmi?

– Mənim yaşım az deyil. Çox çətinlik görmüşəm. Amma bu qədər bayağılıq görməmişəm. Hazırda hər şeyda bayağılıq hökm sürür.

 Ədəbiyyatda nəsil davası

– Gənc şairlərdən, yazıçılardan kimləri bəyənirsiniz?

-Ad çəkməyəcəm.

– Bu tendensiya ədəbiyyatda tez-tez müşahidə olunur. Yeni ədəbi nəsil əvvəlkiləri bəyənmir. Sizlərin özünüzdən əvvəlki nəsil ilə münasibətiniz necə idi?

– Mən bütün nəsli demirəm. Hər nəslin içində müxtəlif adamlar ola bilər. Bizim əsas fərqimiz o idi ki, biz özümüzdən əvvəlki nəslin nümayəndələri ilə top-tüfənglə danışmırdıq. Biz, yaşlı nəsildən fərqli ədəbiyyat yaratmaq istəyirdik və yaradırdıq. Amma onları da inkar etmirdik. Bu vacib məsələdir. İndiki gənc nəsil desə ki, siz öz işinizi görmüsüz, amma artıq dünya dəyişib, biz bu cür olmaq istəyirik, ona heç kim etiraz etməz. Yox, deyəndə ki, siz heç nəsiniz, ədəbiyyat bizdən başlayıb. Onda demək la-zımdır ki, sənin böyük səhvin var. Səndən qabaq səndən böyük ədəbiyyat olub.

 Bizim ailə Azərbaycana beş ad verib

-Sizin ailəniz və yaradıcılığınız dilimizə həm də yeni adlar gətirib…

– Bizim ailə Azərbaycana beş ad verib. Anar, bacımın adı Fidan, Tural, Aysel, Günel.

– Sizin adınızla bağlı müxtəlif fikirlər səslənir…

–   Anar adı anmaq sözündəndir. Anar, yəni xatırlayar mənasındadır. Atamın, anamın adı, soyadı ilə əlaqəsi yoxdur. Rəhmətlik Fazil Hüsnü Dağlarca mənə deyirdi ki, Rəsul Rzanın şeirləri olmasa belə, bircə Anar adına görə ədəbiyyata düşərdi.

 Yeni düşüncə, həyat tərzi əmələ gəlib

– Azərbaycan gəncliyini dünya gəncliyi ilə müqayisədə necə görürsünüz?

– Dünya gəncliyini o qədər də yaxından tanımıram. Hazırda tamamilə yeni nəsil meydana gəlib. Məsələn, mən telefondan ancaq kiminləsə əlaqə saxlamaq, kompyuterdən yazı yazmaq üçün istifadə edirəm. Amma mənim nəvələrim telefondan danışıq vasitəsi kimi istifadə etməklə yanaşı, onunla həm şəkil çəkir, həm müsiqi dinləyirlər və s. Bu bütün dünyaya xas olan ayrı təfəkkürdür. Elm və texnologi-yanın inkişafı ilə əlaqədar olaraq, yeni düşüncə, həyat tərzi əmələ gəlib. Bizim gənclikdə müşahidə etdiyimiz nöqsanlar xaricdə də var. Təəssüf ki, pis mənada çılğınlıq biz də daxil olmaqla, bütün dünya gəncliyində müşahidə olunur.

– Hansı musiqilərə qulaq asırsınız?

– Müxtəlif janrlarda musiqilərə qulaq asıram. Mənim çox sayda kasetlərim var. İstədiyim musiqilərin hamısı həmin kasetlərdədir. Ürəyim istəyəndə qoşub qulaq asıram. Mən Türkiyədə Memar Sənan Universitetində dərs deyəndə aldığım maaşın 30 faizini kasetlərə xərcləyirdim.

 Bütün həyatım işlə keçib

– Darıxırsınızmı Anar müəllim?

– Çox. Həmişə darıxıram. Darıxanda da işləməyə başlayıram. Məni saxlayan da işdir.

– Darıxıb ağladığınız olubmu, Anar müəllim?

-Bəzi şeylər var ki, intimdir. Onu heç kəslə bölüşmək olmur.

– Zenfirə xanım necədir? Birlikdə gəzməyə, səyahətə gedirsinizmi?

– Sağ olun, yaxşıdır. Bu yaxınlarda Xorvatiyaya getmişdik. – Anar müəllimin hansısa kaprizi, hobbisi varmı? Anar müəllim rahat adamdır, eləmi?..

– Kənardan belə görünürəmsə, qoy elə olsun. İnsanın özü haqqında danışması çətin olur. Özgələr səni daha yaxşı görür, nəinki özün. Hobbim isə işləməkdir, – oxuyub-yazmaqdır. Bütün həyatım işlə keçib. Axır vaxtlar oxumağı azaltmışam. İndi oxumağa imkanım və vaxtım yoxdur. Təbii ki, bir də mu-siqi dinləyirəm. Mən işləyəndə də musiqi dinləyirəm.

 Arzu edirəm ki, daxili çəkişmələr olmasın

– Çoxdandır xatirələrdən və düşüncələrdən ibarət əsər üzərində işləyirsiz. Həmişə də bu yazını tamamlamağı yaya saxlayırsınız. Bu yay necə, yazıb bitirə bildinizmi?

– Doğrudur, hər yay onu tamamlamağı düşünürəm, amma alınmır. Bu yay da araya “Göz muncuğu” povestim düşdü, yenə də yarımçıq qaldı.

– Anar müəllim, demək olar ki, Dədə Qorqud yaşındadır. İnsanlarımıza nə tövsiyə edərdiniz?

– İndi ağsaqqala qulaq asan yoxdur. Ən böyük arzum odur ki, Azərbaycanımızın ərazi bütövlüyü pərpa olunsun. Ömrümün heç olmasa bir gününü azad Şuşada keçirim. Daha sonra arzu edirəm ki, Azərbay-canımız rifah içində olsun, daxili çəkişmələr olmasın. Başqa ölkələrdə gördüyümüz bəlalar bizim başımıza gəlməsin. İndi həddən çox varlı və kasıb vətəndaşlarımız var. Arzu edirəm ki, cəmiyyətimizdə orta imkanlı insanların sayı çoxalsın. Bu mənim xalqıma olan arzularımdır.

 Sağollaşma

– Anar müəllim, bəlkə bizim unutduğumuz, amma sizin söyləmək istədiyiniz…

– Yox-yox, qarşınızda oturmuşam və istədiyiniz sualı verib, qarşılığını da ala bilərsiniz. Amma elə bilirəm ki, az sormadınız və mən də cavablarımda səmimi olmağa çalışdım.

– Biz də bu səmimi münasibətə və söhbətə görə təşəkkürümüzü bildirik.

– Sağ olun ki, gəldiniz, düşüncələrimizi paylaşdıq.

 Son söz yerinə

Kiməsə heykəl qoymaq üçün onun ölümünü gözləmək onu öldürmək kimidir. Vəssalam.

Son

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here