Anamın qafiyəsi

Mən dünyanı dərk edəndə atam tay-tuşlarımın babaları, anam da onların nənələri yaşında idi.
 Anam birinci həyat yoldaşını 1941-1945-ci illər müharibəsində itirib üç qızı ilə dul qalmışdı. Atam da birinci xanımını itirib dörd qızına və dörd oğluna həm ata, həm də ana olmaq məcburiyyətində qalıb. Ayrı məkanlarda dünyaya gəlib, başqa ailə həyatı yaşamış olsalar da, qismət deyilən bir anlayışla anam 12, atam isə 16 il dul yaşadıqdan sonra bir araya gəlib ailə həyatı qurmuşdular. Bu evliliklə anam üç qızına iki qardaş qazanmağına, atam da oğlanlarının sayını altıya çatdırmağına sevinsə də, anam ögey ana olmağın ağrı-acısını hərdən qəfəsə salınmış bülbül kimi ürək dağlayan nalələri ilə ovudurdu. Elə bir işi olmazdı ki, çox dərindən boylanan şəvə gözləri sellənib daşmasın, uşaq vaxtı tez-tez oynadığım, üstündə, iri ətli xalı olan burnunu ətəyinə silib qızartmasın, “german”ı qarğımasın. İnək sağmaq, nehrə çalxamaq, yun daramaq, cəhrədə ip əyirmək, palaz toxumaq, paltar yamamaq, hər iş onun üçün ürəyini boşaltmaq fürsəti idi. Son nəfəsinəcən məni “Qadaları canıma, balaları yanıma” – qafiyəli duası ilə oxşayardı anam. Altmışın astanasında olduğuma baxmayaraq ata, anadan söz düşəndə ürəyimin başı sızlayır. Məni Allah belə yaradıb.

Hər dəfə ata-anam haqqında yazanda dostum Eyvaz müəllimdən utanıram. Həyat eşqi ilə dolub daşan, deyib-gülən bu adam valideynlərini çox kiçik yaşlarında itirib. Hansı yaş olur-olsun, ata-ana itkisi həyatda yeri dolmaz boşluq yaradır. Bu yazıda bir daha ana sevgisindən, bu sevginin heç bir şeylə ölçülə bilməməsindən bəhs etmək istərdim.

Kəndimizdə Gülzar nənə adlı yaşlı bir qadın yaşayırdı. Oğlu Sumqayıtda yaşayırdı. Ailəsi, uşaqları olan oğul anasını çox gec-gec ziyarət edirmiş. Anaların xasiyyətidir – dünyadan doyar, övladdan doymazlar. Yaşlı qadın oğlunu “Bülbül” ləqəbi ilə çağırırdı. Gülzar nənə Bakı, Sumqayıt deməzdi, bu şəhərlərdən gələn hər kəsdən – “Bülbülü görməmisən, a bala?- sorarmış. Oğlunu tanımayanlar: “Bülbül kimdir?”, “O, harada yaşayır?” – deyə soruşanda Gülzar nənə yaşlı insanlara xas işvə ilə: – “Bülbül mən ölmüşün canı, gözünün yağıdır, a bala. Uzaq-uzaq diyarlarda, böyük-böyük şəhərlərdə, burda Sumqıtda yaşayır, qadan alım”,- cavabını verərdi. Ata-ananın qədrini vaxtında bilməmək fayda verməz, peşmançılığa səbəb olur. Sözümüzə bir hekayətlə davam edək:

Vyetnam müharibəsi zamanı bir gənc ailəsini tərk edib, vətəni müdafiə etmək üçün cəbhəyə getdi və bu yolda canını qurban verdi. Müharibədən sonra həyat çox ağır idi. Yeməyə heç nə tapmaq olmurdu. Hələ çox gənc və gözəl olmasına baxmayaraq, ana bütün evlənmək təkliflərini rədd edib, həyatını ərinin əmanətlərini – kiçik uşaqlarını böyütməyə, onlara təhsil verməyə həsr etdi. Qismət elə gətirdi ki, böyük oğul Amerikaya getdi, təhsilini bitirib, NASA mühəndisi olub, imkanlı həyat sürməyə başladı. Oğul tez-tez evə məktublar, ana üçün xərcləməyə pul göndərir, bayramdan-bayrama üzrxahlıq edərək anasını görməyə gəlmirdi. Anası vəfat edəndə oğul gəlib onun üçün böyük bir dəfn tədbiri təşkil etdi. Tədbirin möhtəşəmliyinə baxmayaraq, adamlar anası üçün ağlamırdılar. Ana həmişə yatağının başında saxladığı bir sandıq qoymuşdu özündən sonra. Sandığı açan kimi oğul hönkürtü ilə ağlamağa, anasının tabutuna sarılıb: “Ana! Ana!” – deyərək fəryad etməyə başladı. Ətrafdakılar təəccüblə bir-birilərinə və sandığa baxdılar – 100 dollarılıq əskinaslarla dolu sandıqda bir məktub var idi. Qısa məktubda həsrət dolu bu sözlər yazılmışdı: “Oğul, mənim pula ehtiyacım yoxdur. Ən çox sənin üçün darıxıram. Hər maşın səsi eşidəndə qapıya qaçıram. Elə bilirəm gələn sənsən. Ancaq səni görmürəm. Bu pulu da yığdım ki, xəstələnsən, lazım olar”.

Şəxsi həyatda hansı mövqeyə sahib olsaq da, bizləri böyütmüş anaları unutmağa haqqımız yoxdur. Sözümüzə qüvvət, daha bir ibrətamiz hekayət oxuyaq: Bir nəfər uzaqda yaşayan anasına sifarişlə gül göndərmək üçün gül dükanının qarşısında dayandı. Maşınından düşərkən kiçik bir qızın kənarda oturub hönkür-hönkür ağladığını gördü. Səbəbini soruşduqda qızcığaz cavab verdi:

– Anam üçün bir qızılgül almaq istəyirdim. Gülün qiyməti iki dollardır, mənim isə yetmiş beş centim var.

Kişi gülümsədi və dedi:

– Gəl mənimlə. Gülü mən alaram sənə.

O, qızın gülünü alıb, anasının güllərini də sifariş etdi. Dükandan ayrılarkən kişi qıza evlərinə onu maşınında aparmağı təkilif etdi. Qız razı oldu.

– Bəli, siz məni anama götürə bilərsiniz, – dedi və maşını məzarlığa tərəf sürdürdü. Qız maşından düşdü və əlindəki qızılgülü yeni qazılmış məzarlardan birinin üstünə qoydu.

Kişi gül dükanına qayıtdı. Anasına göndərmək üçün verdiyi sifarişi geri götürdü, gözəl bir buket seçib iki yüz mil aralıda yaşayan anasının yanına tələsdi.

Ömrün çox qısa olduğunu ancaq cahillər qəbul etmir. Ağlı başında olan hər kəs onu canından çox sevən anaya kifayət qədər qayğı göstərməyə, sevməyə tələsməlidir. Heyif ki, həmişə belə olmur. Ata-ananı başqa dəyərlərə qurban verənlər həmişə olub, bu gün daha çoxdur. Belə hallar bəzən sevə-sevə dinlədiyimiz mahnılarda da “tərənnüm” olunur. “Bitlisin yolları” adlı bir türküdə deyilir:

Bitlisin yolları daşdır keçilməz,

Soyuqdur suları bir tas içilməz,

Anadan keçilər, yardan keçilməz…

Belə nəğmələr bizdə də çoxdur. Məsələn, “Uca dağlar başında” xalq mahnısında deyilir:

…Uca dağlar başında nar şirin olar,

Anadan, atadan yar şirin olar…

Bununla yanaşı, xanəndələrimizin yana-yana oxuduqları, sevdiyi qızın felinə uyub anasının qəlbini ona hədiyyə aparan cahil oğulun fəryadlarını təsvir edən “Ana ürəyi” hekayəti də var.

Nə yaxşı ki, ata-anasını şəxsi həyatının hər cür töhfəsindən üstün tutan, yaşatmaq üçün yaşamağı bacaran, öz borclarını ləyaqətlə yerinə yetirərək, nankor övladları utandıran igidlər də az deyil. Bu hekayət də belələrindən biri haqqındadır:

Anasını çox sevən kiçik bir oğlan vardı. Onlar kasıb idilər. Oğlan çox yaraşıqlı və ağıllı idi. O, boy atdıqca daha gözəl, daha ağıllı olurdu. Lakin anasının kədəri azalmırdı. Bir gün oğul anasından soruşdu: – Ana, sən niyə həmişə belə kədərli görünürsən?

Ana dedi: – Bir falçı mənə demişdi ki, sənin dişlərin kimi dişləri olanlar gələcəkdə çox məşhur olurlar.

Oğul soruşdu: – Mənim məşhur olmağımı istəməzdinmi, ana?

Ana cavab verdi: – Eh, oğul! Hansı ana istəməz ki, övladı məşhur olsun? Məni kədərləndirən odur ki, qorxuram, məşhurluq səni məndən ayırar və məni unutdurar.

Oğul ağlamağa başladı. Bir an anasının qarşısında dayanıb, evdən bayıra qaçdı. Yerdən bir daş götürüb ön dişlərini qırdı, ağzı qanla doldu. Arxasınca tələsən ana oğlunu bu vəziyyətdə görüb sarsıldı: – Oğul, bu nə işdir sən tutdun?

Cavabında oğul anasının əllərindən tutub dedi: – Anacan, sənə kədər bəxş edən bu dişlər mənə lazım deyil. Mən sənə qulluq etməklə, sənin xeyir-dualarınla məşhur olmaq istəyirəm.

Ananın qədrini vaxtında bilməyənlər İslam Səfərlinin sözlərinə Cahangir Cahangirovun bəstələdiyi, Rəşid Behbudovun oxuduğu, həzinliyi dağı, daşı kövrəldən “Ana” mahnısını dinləsinlər.

Allah hər birimizi valideyn haqqını dərindən dərk edib, bu borcun məsuliyyətini ləyaqətlə daşıyanlardan eləsin. Amin!

RAHIB ALPANLI