“Anamı görsəniz deyin, gəlib məni aparsın”

599

Talehlə Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının qapısının ağzında qarşılaşdıq. O, yoldan keçənlərə baxa-baxa boğuq səslə nə isə deyirdi. Ayaq saxlayıb, onunla maraqlandıq. O, utana-utana: “Anamı gözləyirəm”, – dedi.
– Sənin anan haradadır? – deyə soruşduq.
– Məni atıb gedib. 15 ildir onun yolunu gözləyirəm.
– Onun gələcəyinə əminsənmi?
– Ümid edirəm ki, o da nə vaxtsa buradan keçəcək.

tal2

Taleh 15 ildir ki, Uşaq Nevroloji Sanatoriyasının sakinidir. Uşaq Nevroloji Sanatoriyasının baş həkimi Fəxrəntac Hüseynovanın sözlərinə görə, o, bir yaşından bu sanatoriyada müalicə alır: “Anası Talehi bura gətirəndə o, nevroloji aşağı ətrafların parezindən əziyyət çəkirdi. Biz Talehin müalicəsi ilə məşğul olduq və o, 3 yaşında yeriməyə başladı”. “Amma nevroloji vəziyyəti hələ var”, – sözləri ilə söhbətini davam etdirən Fəxrəntac xanım bunu onun mənəvi aləmindəki boşluqla əlaqələndirdi: “Bu uşaq evlərini, anasını istəyir. Ana isə…” Baş həkim fikrini tamamlamaqda çətinlik çəkdi. Az sonra özünə birtəhər təskinlik verib dedi: “Atası  rəhmətə gedəndən Taleh anasının ümidinə qalıb. Küçələri süpürməklə çörək pulu qazanan ana uşağı, yəni Talehi də özü ilə işə aparmalı olub. Təbii ki, ana işləyərkən onu gah asfaltın, gah daşın, gah da soyuq oturacaqların ümidinə buraxmalı olub. Nəticədə, Taleh xəstəliyə düçar olub. Sözün düzü, anası Talehi bizim yanımıza gətirəndə onun sağalacağına ümidimiz az idi. Allah çox şükür ki, səylərimiz nəticəsində Taleh yaxşı oldu. Amma…”

tal3

Söhbətinin bu yerində Fəxrəntac xanım yenə tutuldu. “Bu qəmli həyat hekayətini danışa bilmirəm”, – deyərək dərindən köks ötürdü. Belə məqamda ona növbəti sualı vermək istəmədik. Handan-hana o dilləndi: “Amma sonradan Talehin anası oğlunun arxasınca gəlmədi”.
Daha sonra Talehin anasının axtarışlarından söz açan baş həkim onun Şəkidə yaşayan yaşlı bir kişiyə ərə getdiyini öyrəndiklərini bildirdi: “Bütün bunlar barədə Talehə məlumat vermədik. Taleh isə hər gün onun yolunu səbirsizliklə gözləyirdi. Nəhayət, günlərin bir günü, daha doğrusu, bu yaxınlarda Talehin anası gəldi. Amma…” Növbəti “amma”dan sonra Fəxrəntac xanım fasilə etmədi: “Amma övladına sahib çıxmaq istəmədi. Sadəcə bizə nəql etdi ki, bəs həyat yoldaşı ona deyib ki, get, uşağını gör, amma onu dalınca bura gətirmə… İnandırım sizi, o, bura gələndə Talehin: “Ana, məni də özünlə apar”, – deyərək necə ağladığını görsəydiniz, ürəyiniz parçalanardı. Amma oğlunun fəryadları ananın daş ürəyini yumşalda bilmədi”.
Fəxrəntac xanımın daha sonra dedi ki, Taleh məktəbə də gedir: “O, 72 saylı köçkünlər məktəbinin 8-ci sinifində oxuyur. Onu da deyim ki, biz Taleh kimi uşaqları 16 yaşına qədər Uşaq Nevroloji Sanatoriyasında saxlaya bilirik. Ona görə də belə uşaqların gələcəyini nəzərə alıb onların bir sənət sahibi olmalarına da çalışırıq. İndi Taleh bərbər uştasından bu sənətin incəliklərini öyrənir. Yeri gəlmişkən, adının çəkilməsini istəməyən bir iş adamı var ki, belə uşaqların təhsil, sənət almasında bizə təmənnasız kömək edir. Allah belə iş adamlarının işlərini həmişə avand eləsin”.
Talehlə söhbətdən məlum oldu ki, Uşaq Nevroloji Sanatoriyasında ona doğma münasibət var: “Amma mən bu divarların arasında sıxılıram”. O, sanatoriyanın işçilərinin onu hərdənbir evlərinə apardıqlarını da söylədi: “İnandırım sizi, mən onlara gedəndə heç bura qayıtmaq istəmirəm. Onda nələr keçirdiyimi bir Allah bilir. Yeri gəlmişkən, mən xəyal qurmağı da xoşlayıram. Hərdən tək bir otağa çəkilib anamla “danışıram”. Bilirsiniz, mən onu nə qədər istəyirəm?” Bəli, Talehin ən böyük arzusu anasına qovuşmaqdır: “Anamı istəyirəm, anamı. Bilirəm ki, o, məni atıb, amma yenə mən onu istəyirəm, onu”.
Talehə bir sual da verdik: “Sən böyüyəndə ananı bağşlayacaqsanmı?” O müdrik adamlar kimi fikrə getdi və az sonra dedi: “Anamı çox istəyirəm, amma bu istəyim qədər ona nifrətim var. Axı mən uşaqlıq illərinin nə olduğunu bilmədim. Anamın əlindən tutub heç yerə getmədim. Hərdən pəncərədən valideyinlərinin əlindən tutub dərsə gedən uşaqları görəndə qəhər məni boğur. Onların arxasınca elə həsrətlə baxıram ki… Kaş mənim də valideyinlərim olaydı. Axı mənim günahım nədir?”
…Sanatoriyadan ayrılanda Taleh bizimlə bir ismarıc da göndərdi: “Əgər anamı görsəniz, deyin, gəlib məni aparsın”.
– Onun gələcəyinə əminsənmi?
– Ümid edirəm ki, o da nə vaxtsa buradan keçəcək.
Esmira Hidayətova,Mingəçevir.