Analarımıza baxaq, qızlarımızı düşünək…

590

 

Xalqımızın çox maraqlı bir məsəli var: “Anasına bax, qızını al” söyləyib müdriklərimiz.

Mənim anam təhsilsiz, erkən nikah qurbanlarından biri olmuşdu deyə, ilk gəncliyimdə bu deyimi qəbul etmirdim. Çünki özüm təhsil almağa, cəmiyyətdə fərqli bir yeri və işi olan xanım kimi tanınmağa can atırdım. 14 yaşından sonra nişanlanıb təhsildən aralanmağa vadar edilən anamın həyat tərzini deyil, kitablardan, filmlərdən tanıdığım qadınların, xüsusən də məktəb müəllimələrimin tərzini, onlar kimi olmağı seçirdim.

Orta məktəbi bitirən kimi özümü də ailə qurmağa vadar etməyə cəhd edən ailəmə, içində yaşadığım topluma qarşı çıxmağım da bu üzdəndi. Məni hər zaman fağır, dinməz gördükləri anamdan fərqli, üsyankar görən doğmalarımızın təəccübünün ilk təzahürü bu olurdu: “Anası hara, özü hara…”

Elə buna görə də mən “Anasına bax, qızını al” deyimini ilk gəncliyimdə qəbul etmirdim.

Mütləq təhsil almağa, üstəlik də mütləq yazıçı olmağa qərar verməyim qəti idi.

Qarşımda hörülən divarları bir-birinin ardınca yıxdıqca, özüm də az yara almadım, amma qurtuldum, illəri itirmək bahasına da olsa, ali təhsil də aldım, yazıçı da oldum, ailəm də məni seçən yox, mənim seçdiyim insanla oldu.

Qurtulmasam, indi özüm ana ikən, qız övladlarımı təhsildən kənar tutmağa, erkən nikah qurmağa vadar edəcək topluma yeniləcəkdim…

Hərdən anamın qızlarıma dediyi sözləri eşidirəm: “Mütləq təhsil alın, mütləq!”

Və mən indi ürək ağrısı ilə anlayıram ki, əslində mənim anam da təhsilə, elmə, kitablara meyilli olub, axı onun qarşısını kəsməsələr, erkən ərə verməsələr, o da orta məktəbi bitirəcək, ya ali, ya orta ixtisas, ya peşə-sənət məktəblərindən birində mütləq oxuyacaqdı.

***

Özləri erkən nikah qurbanları olan qadınların qızları da mütləq özləri kimi yaşamağa və qurban olmağa vadar edilirlər, istisna hallar olsa belə, bu, ümumən, danılmaz faktdır.

Sizə bu yaxın günlərdə gördüyüm üç belə nümunəni təqdim etmək istərdim.

İcra Hakimiyyətinin torpaq şöbəsində beş yaşlı oğlan uşağı ilə növbə gözləyən çəlimsiz, qarayanız, şərti olaraq Solmaz adlandıracağımız qadın ucqar kənd sakinlərindən biri deyil, rayon mərkəzinə və demək, daha qaynar və rəngarəng həyat tərzinə yaxın ərazidə yaşayanlardandır. Həyətyanı torpaq sahəsi almaq üçün gəldiyini söyləyir.

– Qızım üçün istəyirəm, – deyir, – özü gəlmədi, atasıyla ərinin xasiyyətləri pisdi, buraxmadılar. Bilirsən, bunu ər evində yola vermədilər, kiçik qaynı evlənməyə qərar verdiyi zaman bunu çölə atdılar, dedilər, get, atan-anan sənə torpaq alsın, ev tiksin, ərini də al yanına, yaşa. Mənim ərim bu məsələdən sonra içkiyə qurşandı, hər gün məni də, qızı da döyməyə başladı, o qədər içdi ki, özü də xəstələndi, ciyəri zədələndi. İndi qızımız bizim yanımızda qalır, onun ərini isə biz evimizə buraxmırıq. Necə ki, onlar bizim qızımızı öz evlərinə buraxmırlar. Bu beş yaşlı uşaq gələn il məktəbə getməlidir. Amma başına nələr gəlir, baxın. Hər gün mənə, anasına olan zülmləri görməyə məcburdur, böyüyüb necə olacaq, bilmirəm.

– Atası, babası necə olmuşdusa, o cür, – deyirəm, – çünki fərqli bir tərzdə həyat görmədi, hələ mən soruşsam ki, bu uşağın anasının neçə yaşı var, nə deyərsiz?

– On doqquz, – deyir fəxrlə, – imkan vermədilər ki, qız gözünü açsın, elə məktəbliydi, gəldilər aldılar, dedilər, gözəgəlimli uşaqdı, ərə verməzsiz, yolda-filanda biri götürər, qaçırdar, biabır olarsız, yazıqdı. Biz də verdik, bunun sinif yoldaşları son zəng şənliyinə gedəndə, bunun qucağı körpəliydi artıq…

 

***

İkinci qadının adını şərti olaraq Sevil deyək.

Eləcə qapını açıb, içəri girdi və halsız görkəmiylə divara söykəndi. Nə lazım olduğunu soruşduğum zaman isə gözləri doldu, imkansız, işsiz olduğunu, evdə 1-ci qrup əlil ərinə baxdığını, 11-ci sinifdə oxuyan bircə qızını ərə verməyə qalxsa, nəinki əyin-baş, cehiz belə ala bilməyəcəklərini, imkanlı adamlardan yardımlar istədiyini, amma gah yardım üçün vədlər, gah da kobudluqlar gördüyü ilə qarşılaşdığını söylədi.

Danışdıqca zəif vücudu tir-tir əsirdi. Qızının orta məktəb qiymətləri ilə maraqlandım, anlatdı ki, özü kimi savadsız, fağırdır.

– Niyə bir dərzi, yaxud saç ustasının yanına şagird kimi göndərmirsiz? Bir sənət öyrənməlidir, hər halda, özünü ayaq üstə saxlaması üçün qazanc yeri olmalıdır, – dedim.

– Yox e, nə sənət? – dedi, – bir sakit, özünə bab uşaq olsa, verərəm getsin, çörəyini də əri qazansın.

Susdum daha.

Və qadın miskin, yazıq halıyla ona qarşı kobudluq edən adamlar barəsində şikayətlərini bir az da mənə etdi.

– O baxar mən ona neylərəm, mən Zaura bir dənə zəng eləyərəm, heç bilirsən Zaur ona neyləyər? Mənim yazığım gəlir axı…

– Hansı Zaur?

– Tilvizirdəki…

Ağladı sonra, gəldiyi kimi də çıxdı getdi.

***

Üçüncü qadını Gülzar adlandıraq şərti olaraq.

Bu Gülzar da iş yerimizə təşrif buyurmuşdu.

Məndən xahiş edirdi ki, onun dilindən təhsil naziri Mikayıl Cabbarova məktub yazıb yollayım.

– İş istəyirəm, – deyirdi, – mən mühasibliyi bitirmişəm, məktəbi yaxşı qurtarsam da, mənə paytaxtda oxumağa deyil, rayonda mühasibliyi öyrənməyə icazə verdilər. Elə texnikuma getməyə başladığım günlərdə də həmən nişanladılar ki, nişanlımın gözü üzərimdə olsun, tək getməyim evdən. O da oxuyandan sonra işləməyə icazə vermədi. İndi neçə illər keçib, daha yaşlanıram, qızım bir-iki ilə məktəbi qurtaracaq, gözəlliyim yox, cavanlığım yox, indi icazə verir, deyir get işlə, amma işə götürən yoxdur. Nə olardı, elə kənddə, qapımızın ağzındakı məktəbdə mənə bir iş verəydilər, xahiş edirəm…

– Qızınızı da oxumağa, işləməyə buraxmayacaqsız? – soruşdum.

– Allah hamının balasını xoşbəxt eləsin, qızı vermişəm, adaxlıdır, oğlan evi nə desə odu, qurban olum, özü istəyir oxumaq, amma…

Yenə susdum.

Sadəcə, nazirliklərə məktub yazacaq adam olmadığımı, yanlış ünvana gəldiyini anladıb, yola saldım…

***

Yox, o qədər də ümidsiz deyiləm.

Bölgələrdə, əyalət kəndlərində qızlarına təhsil verməyi, işlə təmin olmaqlarına yardımçı olan valideynlər, həyat yoldaşları olan xanımlara, sözün hər bir mənasında dəstək, dayaq olan kişilər az deyil.

Məsələn, elə bu günlərdə qızımın müəlliməsinin dəvəti ilə iştirak etdiyim valideyn iclasında özü xadimə işləyən, şərti olaraq Firuzə adlandıracağımız qadının çıxışı ürəyimi riqqətə gətirmişdi:

– Qızımın oxumasını, təhsil almasını, mənim kimi əziyyət çəkməməsini istəyirəm, – deyirdi, – Mən də orta məktəbdə yaxşı oxuyurdum, evdən icazə versəydilər, ərə tez verməsəydilər, heç olmasa, peşə məktəbi də olsa bitirərdim, əlimdə ali məktəb diplomu da olmasa, hansısa sənət üçün kağızım olardı. İndi hər gün ona özümü nümunə göstərirəm, mənə baxıb, mənim kimi yaşamaq istəməsin, deyirəm, müəllimələrinə baxsın, başqa təhsilli xanımlara baxsın, onlar kimi olmaq istəsin, deyirəm. Ər, ailə hər zaman var, təhsilli olsan, ağıllı olsan, təhsilli və ağıllı oğlanla ailə qurmaq qismətin də ola bilər hətta. Biz insanıq axı, həyata elə evlənib nəsil artırmaq üçün gəlməmişik ki, Allah əlbət bizdən başqa insanlara da yararlı olmaq üçün nəsə gözləyir axı…

***

Mən yazımdakı qadınlara Cəfər Cabbarlı qəhrəmanlarının adlarını verdim.

Onların hər birinin övladlarını xoşbəxt, rahat görmək istəyi ilə yazdım bunları.

Analarımıza baxaq, qızlarımızı düşünək, demək istədim…

Cavi Dan, Lənkəran