“Ana heykəli”

199

 

 

Öndəki oturacaqda əyləşdim və taksi yola düşdü. Bir qədər getdikdən sonra sürücü və sərnişinlərdən biri bayaqdan başladıqları söhbəti ata-anaya hörmət bəsləməyə yönəltdilər. Öz argumentlərinin təsdiqi üçün mənim də fikrimi öyrənmək istəyərək, “Elə deyilmi, müəllim?” – sualına cavab istədilər. Mən də eşitdiklərim və gördüklərimə arxalanıb onların sözünə qüvvət verdim:

– Ata-anam və böyüklərdən eşitdiklərimi demirəm, öz gördüklərimdən, sizlərin də yaxşı tanıdığınız, valideynlərinə göz verib işıq verməyən ən azı on nəfərin adını sayaram ki, elədiklərinin cəzasını artıqlaması ilə çəkiblər və çəkirlər. Mən oğul görmüşəm ki, anası son nəfəsində onu görmək istəsə də, yanına getməyib. Qızlar, oğullar tanıyıram ki, illər xəstəsi atanın gözlərini yolda qoyub, dəfnində belə iştirak etməyiblər.

Digər sərnişinlər də söhbətə qoşuldu, heç özümüz də bilmədən, sözün əsl mənasında yola nərdivan salaraq kəndə çatdıq. Bir müddətdən sonra yol söhbəti yadıma düşdü və öz-özümə sual verdim ki, birdən sərnişinlər həmin nankor adamların adlarını saymağımı istəsəydilər, o acı faktı ortaya qoya biləcəkdimmi? Özümü sınağa çəkib, yaddaşımı qurdaladım, barmaqlarımı on dəfədən də artıq qatladım. Bu zaman nəinki doğma, hətta ögey anasına qarşı nankorluq edən övladın acı taleyi haqqında atamın danışdığı bir əhvalatı da xatırladım.

Atam deyirdi ki, yaxın qohumlarından biri ögey anası ilə mübahisə zamanı ona xəncər çəkib əllərini yaralayıbmış. Ata bu hərəkətinə görə oğlunu – “Səni görüm qulaqların övlad səsinə həsrət qalsın, bala”, – deyərək qarğıyıbmış. Altı dəfə ailə qursa da, həmin oğul həqiqətən övlad görmədən köçübmüş dünyadan.

***

Amerikanın Yeloustone Milli Parkında (Yellowstone National Park) çıxan yanğın sonrası işçilər dəymiş ziyanı müəyyənləşdirmək üçün meşədə gəzirdilər. Onlardan biri külün içərisində kömürləşmiş bir quş heykəli gördü. O, əlindəki çubuqla yüngülcə ona toxundu. Elə bu an quşun qanadları altından civildəyərək üç kiçik quşcığaz çıxdı. Ana quş yanğın təhlükəsini duyaraq balalarını bir ağacın gövdəsinə sığındırıb, onları öz qanadları altında qoruyb saxlaya bilmişdi. Uçub canını qurtarmaq imkanı olduğu halda balalarının yanında qalmağı üstün tutmuşdu. Bədəni yanıb kömürləşsə də, yerindən tərpənməmişdi. Özündən sonraya heç vaxt ölməyəcək bir “ana heykəli” qoymuşdu ana quş.

***

Ananın öz övladını dünyaya gətirənə qədər və ondan sonra onun böya-başa çatması üçün çəkdiyi qayğı və çətinlikləri saymaqla bitməz. Bu hesaba alına bilməyəcək əməyin qarşılığını ödəmək qeyri-mümkün olsa da, onu unutmamaq, heç olmazsa bir ömür boyu ananın qulluğunda durmaq hər bir övladın borcu və xoşbəxtliyinin açarıdır. Bu imkanı layiqincə dəyərləndirə bilməyənlərin vay halına!  Həzrəti Musanın cənnət qonşusu haqqında hamıya məlum hekayətin qəhrəmanı bir qəssabın yaşlı anası üçün göstərdiyi fədakarlıq belələrinə dərs ola bilər:

Musa Aleyhissalam bir gün: – Ya Rəbbim, Cənnətdə mənim qonşum kim olacaq, mənə bildir, gedib onunla görüşüm, – dedi.

Musa Aleyhissalama belə vəhy edildi:

– Filan mahala get! Orada bazarın başında bir qəssab dükanı var. O dükanın sahibi olan qəssabı gör! O, vəli bir qulumdur. Lakin unutma ki, onun çox mühüm bir işi vardır. Çağırarsan, gəlməz. Bax, o, sənin cənnətdəki qonşundur.

Musa Aleyhissalam dərhal həmin yerə getdi. Qəssabı tapdı və ona: – Mən sənə qonaq gəlmişəm, – dedi. Qəssab, Musa Aleyhissalamı tanımırdı. Ona “Xoş gəldin” deyib iltifat göstərdi. Musa Aleyhissalam bu gənc qəssabın nə qədər dürüst və insanpərvər olduğunu könül xoşluğu ilə seyr edirdi. Qəssab işini bitirib onu evinə apardı və süfrəsinin başında oturdub qulluğunda durdu.

Musa Aleyhissalam, ev sahibini diqqətlə izləyirdi. O, qəssabın ocaqda qazanın içində ət bişirdiyini gördü. Ət bişən kimi onu kiçik parçalara ayırdı, tabağa düzüb bir kənara qoydu. Sonra bir ət parçası daha çıxardıb, onu da qonağı Musa Aleyhissalama təklif edərək dedi: – Mənim mühüm bir işim var. Sən məni gözləmə, yeməyini ye! – Sonra da yanından ayrıldı. “Mühüm bir işim var” deyincə, Musa Aleyhissalam, “onun mühüm işi nədir” deyə maraqlandı və gizlincə qəssabı təqib etdi.

Qəssab, Musa Aleyhissalamın yanından ayrıldıqdan sonra, yandakı otağa geçdi. Divardan asılmış böyük bir zənbili endirdi. Zənbildə çox ixtiyar, kövrək bir qadın vardı. Ona kiçik parçalara böldüyü ətləri yedirdib qarnını gözəlcə doyurduqdan sonra, altındakı kirlənmiş bezləri aldı, yerinə təmizlərini qoydu. Kirli bezləri yuyub asdıqdan sonra Musa Aleyhissalamın yanına gəldi. Hələ yeməyə başlamadığını görən qəssab soruşdu. – “Niyə yeməyə başlamadınız?

Musa Aleyhissalam: – Sən mənə zənbildəki sirrı söyləməyinçə bir tikə belə yemərəm, – dedi.

– Madam ki maraq edirsən, anladım:

– Ey qonaq, bu zənbildəki mənim anamdır. Çox yaşlı olduğu üçün taqətdən düşüb. Evdə baxacaq başqa kimsəm də yox. Evlənəcəyəm, xanımım anamı incidər, onu üzər deyə evlənə bilmirəm. İşə gedəndə də hər hansı bir heyvanın ona zərər verməməsi üçün onu gördüyün kimi bir zənbilə qoyuram. Hər gün gəlib iki dəfə yemek yedirirəm. Diğər ehtiyaclarını da  görüb könül rahatlığıyla işimə gedirəm.

Musa Aleyhissalam dedi:

– Ancaq anlamadığım bir şey daha var. Sən anana yemək yedirib su içirdikdən sonra dodaqlarını tərpədib bir şeyler söylədi, sən de “Amin!” dedin. Anan nə söylədi ki, amin dedin?

– Anam, hər xidmət göstərdiyimdə Allah səni Cənnətdə Musa Aleyhissalama qonşu eyləsin, –  deyə dua edir. Mən də heç düşünmədən bu gözəl duaya “amin” deyirəm. Mən kiməm ki, o böyük peyğəmbərlə qonşuluq edə biləm. Onunla qonşuluq edə biləcək nə əməlim var ki?

O zamana qədər kim olduğunu gizlədən Musa Aleyhissalam buyurdu:

– Ey Allahın sevgili qulu, mən Musayam. Məni sənə Allah göndərdi. Ananın rızasını qazandığın üçün Cənnəti və orada mənə qonşu olmağı qazandın…

***

Dünyanın ən məşhur heykəltaraşlarına ayrı-ayrılıqda bir ana heykəli hazırlamaq tapşırılarsa, boy-buxunundan, irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün heykəllərin üzündə sevgi, şəfqət, mərhəmət, mehribançılıq, rəğbət, anlayış, cəsarət, dözüm, istiqanlılıq, xeiraxhlıq, zəriflik, incəlik, nəcibıik, nəvaziş, narahatçılıq … kimi bu gün insanılğın susamış olduğu ən mühüm insani keyfiyyətlər əks olunar. Ona görə də anaların yaşadıqları hər günün onlar üçün bayram olmasına, Allahın bizlərə əmanət etdiyi bu müqəddəs varlıqların dilindən çıxan, geri dönməyəcək dualarla ömrümüzün bərəkətlənməsinə çalışmalıyıq.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi