“Ana dilini bilməyəndən yaxşı vətəndaş ola bilməz”

589
Sovet dövründə rus dilini bilmək günün bir tələbi idi. Bu, rus hegemoniyasının ən bariz nümunəsi sayılırdı. Təhsilini davam etdirmək, hər hansı bir işdə uğur qazanmaq istəyirdinsə, rus dilini bilməli idin. Ancaq müstəqillik qazandığımızdan sonra bu qayda tamamilə ortadan qalxdı. Artıq Azərbaycan dilində oxuyub təhsil almaq, iş, karyera qurmaq mümkündür. Ancaq nədənsə hələ də bir çox ailələr övladlarının rus dilində təhsil almasına səy göstərir. Hətta həmin ailələr evdə rus dilində danışmağa da üstünlük verirlər. Bu rus sevgisi nədən irəli gəlir? Məhz bu suala cavab tapmaq üçün tanınmış, ziyalı, ictimai xadimlərin fikirlərini öyrəndik.
 “Ana dilini biləndən sonra neçə dil istəyirsən öyrən”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov insanların rus dilini beynəlxalq dil kimi öyrənməyə çalışdığını bildirdi: “Onda da sual oluna bilər, niyə ingilis dili yox, rus dili? Ona görə ki, ingilis dili bizdən bir xeyli aralıdır. Praktik olaraq ingilis dili yeni-yeni Azərbaycanda formalaşır, oturaqlaşır. Rus dilinin isə təcrübəsi var. Daha çox bununla bağlıdır; beynəlxalq miqyasa çıxma ehtiyacı ilə bağlıdır. Bütün hallarda rus dilində informasiya, televiziya, mətbuat daha genişdir. Biz dilimizi nə qədər tərifləsək də, inkişaf səviyyəsi, dildə olan məlumat, intellektual səviyyə rus dilindəki qədər deyil. Məsələn, Türkiyə türkcəsinə də bizdə meyil oldu. Bu gün də var. Amma Türkiyə türkcəsi də beynəlxalq dil deyil”.  N.Cəfərov rus dilini ana dili ilə əvəzlənməsini isə böyük bir təhlükə olduğunu vurğuladı: “Ana dilinin hesabına rus dilini öyrənib, rus mühitinə düşmək olmaz. Bu, təhlükəlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, bizim uşaqlarımız, övladlarımız orta təhsili mümkün qədər ana dilində almalıdırlar. Çünki ana dili orta təhsil səviyyəsində şəxsiyyəti formalaşdırır”. Millət vəkili istər bağçalarda, istərsə də orta məktəbdə uşaqların rus dilində oxudulmasına marağın artmasının yaxşı hal olmadığını bildirdi: “Bu o deməkdir ki, yəni mənim dilim yaramır. Əgər ailədə, idarədə, müəssisədə rusca danışılırsa, bu o deməkdir ki, biz dilimizi bəyənmirik”. Elə insanlar var ki, təhsilini rusca bitirib, amma kifayət qədər milli bir insandır. Millətini sevir, onun uğrunda mübarizə aparır və bu mübarizəsini rus dilində beynəlxalq miqyasda davam etdirir. Amma bu,kütləvi deyil. Ana dilini, dövlət dilini bilməyən şəxsiyyət yaxşı vətəndaş ola bilməz. Ana dilini biləndən sonra neçə dil istəyirsən öyrən”.

“Məni Azərbaycan sektorlarındakı təhsil qane etmir”

Şən və Hazırcavablar Klubunun tanınmış siması, aktyor Bəhram Bağırzadə insanların rus təmayülünə  üstünlük verməsini məktəblərdəki təhsilin səviyyəsi ilə əlaqələndirdi: “Bu tamamilə insanların seçimləri ilə bağlıdır. Məsələn, mənim övladlarım rus dilində təhsil alırlar. Bu seçimi mən etmişəm. Çünki Azərbaycan sektorlarındakı təhsilin səviyyəsi məni qane etmir. Ancaq biz evdə Azərbaycan dilində danışırıq”. B. Bağırzadə məsələnin maddiyyatla da bağlı olduğunu bildirdi. Aktyor qeyd etdi ki, başqa xarici dildə yüksək səviyyədə təhsil verən məktəblər də var. Ancaq həmin məktəblər hər ailənin büdcəsinə uyğun gəlmir: “Əgər mənim imkanım olsaydı, övladlarımı ingilis dilində təhsil verən məktəbə qoyardım. Orada verilən təhsil daha  yüksəkdir”.

 “Hələ də Azərbaycanın müstəqilliyini ötəri qəbul edənlər var”

Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri, tanınmış jurnalist, professor Qulu Məhərrəmli insanların övladlarının rus dilində təhsil almaq istəyinin iki böyük səbəbinin olduğunu söylədi. Onun sözlərinə görə, bir qrup valideyn övladlarının rus dilində daha gözəl təhsil alacağına inanır: “Bunun da əsası var. Hələ sovet dövründə rus dilində təhsil alan şagirdlər səviyyəli olurdular, rusca çıxan qəzetlər, kitablar daha sanballı olurdu. Bu stereotiplə indi də davranırlar. İnsanların hələ də övladlarının rus dilində yüksək səviyyədə təhsil alacağına inanırlar. Bu, psixoloji əsasdır”. Q. Məhərrəmli ikinci səbəbin bəzi insanlarda hələ də rus dilinə sevgisinin qaldığını qeyd etdi: “Bunların bəzisi hələ də, hesab edir ki, Azərbaycanın müstəqilliyi ötəri bir şeydir. Ona görə də özlərini rus dilinə hazırlıqlı saxlayırlar. Birinci səbəb başa düşüləndir. Ancaq ikinci səbəb çox qorxulu tendensiyadır”.

 “Azərbaycan dili bizim varlığımızın ifadəsidir”

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladan Q. Məhərrəmli Azərbaycan dilinin dövlət dili səviyyəsində hüquqlarının, statusunun qorunmasına ehtiyac olduğunu bildirdi: “Həmin proqramda qeyri-Azərbaycan dili məktəblərində dövlət dilinin tətbiqi məsələsi öz əksini tapıb. Oxusunlar rus dilində, ancaq Azərbaycan dilini də gözəl bilsinlər, dilin statusunu qorusunlar, bunun dövlət dili olduğunu nəzərdən qaçırtmasınlar. Bu çox vacibdir”.

Q. Məhərrəmli rus dilində təhsilin tədris olunmasının dövlət tərəfindən maliyyələşdirilməsinin, insanların buna stimullaşdırılmasının da yolverilməz olduğunu bildirdi: “Necə ki, insanlar pul verib, ingilis dilində təhsil alır, rus dilində təhsil üçün də bu sistem tətbiq edilməlidir. Hər kəs bilməlidir ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir. Bu bizim bir namusumuzdur, varlığımızın ifadəsidir. Bu dili sevmək bu dildə danışmaq, hörmət etmək lazımdır. Bunun başqa yolu yoxdur”.

“Azərbaycan dilinin özü bir vətəndir”

Sonda məsələ ilə bağlı Xalq şairi Fikrət Qocanın da fikrini öyrəndik. Fikrət müəllim bildirdi ki, azərbaycanlı qanı daşıyan hər kəs birinci növbədə Azərbaycan dilini öyrənməlidir: “Sonra 10 dil öyrənsin, 10 dildə danışsın, bu başımızın ucalığıdır. Amma birinci növbədə Azərbaycan dilini bilsin. Bu torpağa da ayaq basan adam azərbaycan səsi, azərbaycan sözü eşitsin. Bu vacib şeydir. Azərbaycan dilinin özü bir vətəndir və hər bir azərbaycanlı hansı başqa ölkəyə gedirsə, ora vətənin bir parçası kimi gedir”. BƏYLƏR MƏCIDOV