Ana – ailədə “tarazlığı” tənzimləyən şəxs

0
591

 

 

Ailə cəmiyyətin ən əsas dirəyidir. Bu dirəyin sağlamlığı millətin də, dövlətin də sağlamlığı deməkdir.
Ona görə də ailə heç vaxt plansız və proqramsız olmamalıdır. Gələcək nəsillərə gözəl cəmiyyət qoymaq istəyiriksə, hər şeydən əvvəl cəmiyyəti təşkil edən ailədən və ailənin fərdlərindən (yəni özümüzdən) başlamalıyıq.Ailədə iki əsas baş rol oyunçusu var: ata və ana. Ata evin söz sahibi, ana isə şəfqət və sevgi qəhrəmanıdır. Ancaq söz sahibi olmaq evdə sərt kişi obrazı oynamaq deyil. əksinə, ailə fərdləri tərəfindən (xüsusilə də, ana tərəfindən) ataya sevə-sevə verilən bir vəzifədir. Çünki ata olmadan ana üçün analıq etmək çox çətindir. Çünki atanın evdə varlığı və ya atanın evdə hiss edilməsi (hətta o heç bir şey etməsə belə) uşaqlarda özünəinama səbəb olur. Atasız böyüyən uşaqlarda davranış pozğunluqlarının müşahidə edilməsinə də səbəb elə budur. Məsələn, əgər atasız böyüyən uşaq oğlan uşağıdırsa, o çox vaxt gücsüz və qətiyyətsiz olur. Evlənir, ancaq yoldaşına yoldaşlıq, uşağına atalıq edə bilmir. Çünki ailədə onun atalığı öyrənəcəyi bir nümunə yoxdur. Qız uşaqlarında da vəziyyət fərqli deyil. Belə ki, qız uşaqları vaxtında atadan görə bilmədikləri “sığınma ehtiyacı”nı başqa yerdə axtarmağa başlayırlar. Nəticədə isə narahat, aqressiv uşaqlar yetişir.

Normal ailə mühitində isə ana şəfqət və sevgi timsalıdır. Ailədə ata ilə uşaqlar arasındakı “tarazlığı” tənzimləyən də odur. Təəssüf ki, çox vaxt ana şəfqətli olduğu üçün ətrafdan sərt reaksiyalar alır və “bu qədər yumşaq olma, sonra uşaqlar səni saymazlar”… kimi ittihamlarla qarşılaşır. Halbuki uşaqların evdə söz eşidib-eşitməməsi atanın nə qədər söz sahibi olmasından asılıdır. əgər ana atanın bu vəzifəsini ona vermək əvəzinə, o özü “söz sahibi” rolunu öz üzərinə götürürsə, onda o evdə güc hakim olur. Halbuki sevgi də bir ehtiyacdır və bunu ailədə ilk təmin edən anadır. Uşağın psixologiyası üzərində ananın psixologiyasının təsiri böyükdür.

Məsələn, doğum zamanı ananın çəkdiyi qorxu və ağrıların nəticəsi kimi, “prolaktin” hormonu ifraz olunmağa başlayır ki, bu hormonun bədənə yayılması nəticəsində analıq hissi maksimum səviyyəyə çatır. Üstəlik, bu hormon cəmi bir neçə saat fəaliyyət göstərir. Ona görə də doğumdan sonra 1 saat ərzində uşağın əmizdirilməsi çox vacibdir. Digər tərəfdən, körpənin hər gözünü açanda anasını yanında görməsi və ya özünü ananın qucağında hiss etməsi bu inamın meydana gəlməsi üçün lazım olan ilk addımlardır. Psixoloqlar uşaqların ilk 4 ildə ananı inam sınağından keçirərək böyüdüklərini bildirirlər. Üstəlik, uşaqda bu inamın meydana gəlməsi onun cəmiyyətdə sağlam bir insan kimi yetişməsi deməkdir. Bir sözlə, uşağın maddi olaraq böyüməsi üçün yeyib-içməyə ehtiyacı olduğu qədər, mənəvi olaraq formalaşması üçün də mənəvi qidaya ehtiyacı var.

Elə isə işləyən anaların uşaqlarında bu inam necə olurə Bu suala cavab verməzdən əvvəl deyək ki, ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Çünki qadın ən şərəfli və ən müqəddəs bir işlə, yəni nəsil yetişdirməklə məşğuldur. Ancaq cəmiyyətimizdə işləyən analar da az deyil. İlk növbədə, hər bir işləyən ana bilməlidir ki, ilk 4 il körpəsi ona möhtacdır. Uşağını başqasının ixtiyarına verib gedən ana bununla uşağının inam hissini zədələdiyini bilməlidir. əlbəttə ki, biz bununla analar işləməsin demirik, sadəcə olaraq, işləyən anaları daha diqqətli və daha həssas olmağa çağırırıq. İşə gedəndə uşaq kimə etibar edilməlidir? İşdən sonra uşaqla necə vaxt keçirilməlidirə əgər analar bunları bilsələr, aradakı inam boşluğunu minimuma endirə bilərlər.  İşləyən qadınların uşaqlarında “Baxıcı qadın sindromu” və “Laqeyd uşaq sindromu” daha çox müşahidə olunur. Bu sindroma sahib olan uşaqlar daha aqressiv və daha qapalı uşaqlar olurlar. Buna görə də işləyən ana və ata uşağını bir baxıcıya əmanət edəcəksə, bu baxıcı təkcə uşağın fiziki inkişafında yox, psixoloji inkişafında da bacarıqlı olmalıdır. Ancaq əgər ailədə nənə varsa, uşaq ilk növbədə ona əmanət edilməlidir. Çünki ana olmayanda uşaq ikinci şəxsə bağlanır. əgər bu nənə yox (bu başqa bir qohum da ola bilər), baxıcıdırsa və üstəlik, bu baxıcı tez-tez dəyişdirilirsə, onda bu uşaq ciddi psixoloji böhrana məruz qalır. İşdən sonra ana iki-üç saatını uşaqları ilə çox faydalı keçirməlidir və ən əsası uşaqlarını ilk 4 yaşda televizor, kompyuter və başqa texnoloji vasitələrlə tanış etməməlidir.

Ümumiyyətlə, uşaq tərbiyəsi ən çətin vəzifələrdən biridir, çünki bu məsələdə, ilk növbədə, özümüzü tərbiyələndirməliyik. Təbii ki, uşaq tərbiyəsində adət-ənənə, mədəniyyət və dini dəyərlər də nəzərə alınmalıdır.

7 yaşına çatmış uşaq artıq ailəsi ilə “ailə yığıncağı” masası arxasında oturmalıdır. Həmçinin o uşaq o evin bir fərdi kimi o masada oturub nə istədiyini ifadə edə bilməlidir. Qəbul edilən qərarlara hamı, o cümlədən ata və ana da riayət etməlidir ki, bir oğlan uşağı orada atasının necə problem həll etdiyini və gələcəkdə atalığın necə olacağını, bir qız uşağı isə orada ananın ataya necə nüfuzunu qəbul etdiyini və analığın necə olacağını öyrənsin.

Ancaq bir də cəmiyyətimizə nəzər yetirsək, küçədə, marketdə, bazarda uşaqlara şəxsiyyət kimi davranılmadığına, hətta insan kimi rəftar edilmədiyinə şahid olarıq. Uşaq bir şey demək istəsə, elə o dəqiqə onu susdurur, hətta zorakılığa da məruz qoyurlar. Halbuki bir ana küçənin ortasında uşağını döyürsə, onun qəlbini, ruhunu öldürdüyünü dərk etmir. Hər dəqiqə zorakılığa məruz qalan uşağa artıq bir müddət sonra zorakılıq da təsir etmir. Digər tərəfdən, zorakılıq yoluxucu xəstəlik kimidir, ailəsində zorakılıq görən oğlan və ya qız da ailə quranda öz uşağına zorakılıq göstərir. Digər tərəfdən, zorakılığı təkcə fiziki mənada başa düşmək doğru deyil. Çünki mənəvi zorakılıq fiziki zorakılıqdan daha ağırdır. Uşaq tərbiyəsi təkcə cəza ilə mümkün olmadığı kimi, təkcə mükafatla da mümkün deyil. Çünki hər hərəkətində mükafat tələb edən uşaq bir az böyüyəndə daha böyük mükafatlar tələb edir ki, onda da bu işin altından qalxmaq çox çətin olar. Bu isə onun artıq nəfsinin istədiyi hər şeyi əldə etmək istəyən bir fərd kimi yetişməsinə gətirib çıxarar. Bir sözlə, atalıq və analıq uşağa təkcə ədəb və ya davranış öyrətməkdən yox, insana insan kimi rəftar etməkdən keçən çətin və şərəfli bir yoldur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here