“AMAF-ın yeni təyin olunmuş Prezidenti Vüqar Əhmədovun  məktəbimizə gəlişi bizi sevindirdi”

309

 

Dünən Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni təyin olunmuş prezidenti Vüqar Əhmədov və yeni seçilmiş idarə heyətinin üzvləri Mingəçevir Uşaq Gənclər İdman Şahmat məktəbinin Avarçəkmə bazasına baş çəkib. Onun Kür çayı sahilində yerləşən və ,,üçüncü baza” kimi tanınan bu bazaya gəlişi məktəbin rəhbərliyi ilə yanaşı, gənc idmançıları çox sevindirib.

Məktəbin tədris hissə müdiri, sərbəst güləş üzrə 4 dəfə Azərbaycan çempionu, Azərbaycan yığma olpinist komandasının üzvü olmuş Aslan Saadovla görüşüb bu idman məktəbi, həmçinin Vüqar Əhmədovun gəlişi ilə bağlı həmsöhbət olduq.

Aslan müəllim qeyd etdi ki, ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən yetkinləşmələri, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri diqqət mərkəzindədir: ”Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyəni, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Dövlət başçısı İlham Əliyev bu sahəni xüsusi şəkildə diqqətdə saxlayaraq bu istiqamətdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir. Mən deyərdim ki, bizim fəaliyyət göstərdiyimiz məktəb şəhərimizin yeniyetmə və gənclərinin ən sevimli, ən gözəl idman məkanlarından biri sayılır. Bu günə kimi məktəb yaxşı ənənələrə sadiq qalmaqla, çoxlu sayda nailiyyətlər əldə etmişdir. Yuzlərlə idman ustası və idman mütəxəssisləri yetişdirmişdir. Və çoxlu sayda avarçəkənlərimiz beynəlxalq yarışların qalibi olmuşlar. Maddi-texniki bazamız zəif olmasına baxmayaraq, üzərimizə düşən məsuliyyəti hiss edirik. Bu baxımdan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni təyin olunmuş Prezidenti Vüqar Əhmədovun və onun yeni seçilmiş idarə heyətinin  məktəbimizə gözlənilməz gəlişi bizi çox sevindirdi və ruhlandırdı.

Vüqar müəllim  avarçəkmə bazasına ətraflı baxış keçirəndə öz işçi heyətinə bu sözləri dedi:  “Elə birinci buradan başlamaq lazımdır. Çünki  biz yüksək dərəcəli avarçəkən idmançılar yetişdirmək istəyiriksə, məhz bura diqqət ayırmalıyıq. Axı bu  idman növünün ilk əlifbası burada öyrədilir”.   Onun bu söləri hamımızı olduqca çox sevindirdi. Onu da deyim ki, Prezidentimiz cənab İlham Əliyevin yeni təyin etdiyi Gənclər və İdman naziri Fərid Qayıbovun ilk başlanğıc addımlarından biri, idmanımızın inkişafı naminə federasiyaların rolunun artırılmasıdır. Bu isə öz növbəsində idmanımızın ayrı-ayrı növlərinin inkişafı deməkdir. Mən fürsətdən istifadə edib  bu gün bu sevinci bizə yaşadanlara saytınız vasitəsi ilə məşqçi-müəllimlərimiz və idmançı şagirdlərimiz adından dərin təşəkkürümüzü bildirirəm”.

Daha sonra Aslan müəllim bildirdi ki, çətinliklər bizi ruhdan salmayıb, biz hər il burada Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə  müxtəlif layihələr həyata keçiriririk: ”Döğurdan da avarçəkmə ən gözəl idman növüdür, Mingəçeviri tanıtdıran bir idman növüdür. Keçmiş sovet dönəmində Mingəçevir avarçəkmə şəhəri kimi tanınırdı. Bu məktəbin tanınmış idmançı müəllimləri olub. İlk müəllimlərindən biri kimi mərhum Ramiz Dadaşovun adını çəkə bilərəm”.

Aslan müəllim məktəbin şəhid idmançılarının da olduğunu vurğuladı. Bildirdi ki, bu ildən tədbirlər planına uyğun olaraq şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirlər həyata keçiriləcək: “Həmişə ümid edirdiki ki, bizə yeni üfüqlər açılacaq və bu ümidlərimiz artıq cücərməyə başlayır. Bu mənada mən deyərdim ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni təyin olunmuş prezidenti Vüqar Əhmədovun məktəbimizi ziyarət etməsi də bu inamımızı birə-beş artırdı”.

Esmira Hidayətova, Mingəçevir