Altı nigarançılıq

Bir neçə şeydən yana nigaranam. Biri budur ki, eşitdiyimə görə, gənclərin “avtoşluqla” məşğul olduğunu qəbul edən rəsmi qurumlar Güzdəkdə onlar üçün xüsusi meydançanın salınması təşəbbüsü ilə çıxış edib. Məncə, bu, avtomobillərini yüksək sürətlə idarə edənlər üçün o qədər də uğurlu təklif deyil. Hər şeydən əvvəl ona görə ki, bu, bizim avtoşlara qarşı “hörmətsizlikdir”. Niyə? – Axı avtoşluğu hobbiyə çevirən imkanlıların balaları, yaxud da imkanlılar avtomobillərinin təkərləri altında canlar almaqdan xüsusi zövq alırlar. Məmur övladı tanınmış tarzən Ağasəlim Abdullayevin ailəsinə dəhşət yaşatmadımı? Yaxud “Neftçi”nin futbolçusu Araz Abdullayev bir süpürgəçini o dünyaya göndərmədimi? El içində onlar məhz bu cür “ad çıxardıqlarına” görə tanınmadılarmı, “ad-san” qazanmadılarmı? Bir anlığa təsəvvür edin ki, belələrini hansısa bir qapalı məkana doluşdurublar. Onlar öz sələflərinin yolunu davam etdirə biləcəklərmi, canlar ala biləcəklərmi? Təbii ki, yox. Bununla da onlar qazandıqları hörməti itirməyəcəklərmi? Mən bundan nigaranam.
İkinci nigarançılığım budur ki, bizdə elə müğənnilər var ki, qalmaqal olmadan gündəmə gələ bilmirlər. İndi, məsəl üçün, qalmaqal olmadı, o vədə o biçarələrin qəm və qüssəsi yerə-göyə sığışacaqmı? Onlar qara geyinib oturmazlarmı? Bu isə heç də insafdan deyil. Digər tərəfdən: “Onlarsız bir günümüz olmasın”, – deyən televiziyaların imicinə xələl gəlməyəcəkmi?

Bundan yana da nigaranam.

Üçüncü nigarançılığım futbolçularımız barəsindədir. Biz futbolçularımızın beynəlxalq yarışlarda meydançanı başıaşağı tərk etmələrinə artıq vərdiş etmişik. İndi kimsə inkar etməz ki, futbolçularımızın oyunlarının ürəkaçan olmamasına baxmayaraq, onların həyat tərzi avropalı həmkarlarından əsla geri qalmır: bahalı alman avtomobilləri sürür, villalarda yaşayır və məşhur brendlərin paltarlarını geyinirlər. Sözüm burada yox, sözüm oradadır ki, onlara hətta məğlubiyyətə görə də mükafat verilir. Bu isə dövlət və klubların onlara göstərdiyi qayğıdan xəbər verir. (Öz aramızdır, altı il öncə olimpiya çempionu olmuş Elnur Məmmədlinin axırına belə qayğı çıxmadımı?) Deyirəm, birdən onlara göstərdikləri oyuna görə zəhmət haqqı verilsə, ilin-günün bu çağında bu biçarələr başlarına haranın külünü tökəcəklər? Bundan da yana nigaranam.

Dördüncü, bizim toy məclislərində elə səs-küy olur ki, ağız deyəni qulaq eşitmir, daha doğrusu, iki yan-yana oturmuş məclis iştirakçısının biri digərini eşidə bilmir. Bu, bir yana. Süfrəyə o qədər naz-nemət düzdürürük ki, hətta xaricilər bizə həsəd aparırlar. Bu da bir yana. İndi sıravi bir azərbaycanlı bir ayda 6-7 toya gedir və həmin toylara 400-500 manat pul yazdırır. Bu isə təbii ki onun ailə büdcəsinə əsla uyğun gəlmir. Bəlkə, elə bu səbəbdən el arasında “dəvətnamə”yə “dəhşətnamə” deyilir. Sizi bilmirəm, son günlər telefonuma zəng gələndə, yaxud dost-tanışla görüşəndə: “Kaş toya çağırmayaydılar”, – deyərək Allaha yalvarıram. Günlərin bir günü bu kəlməni unudacağımdan qorxuram. Bundan da yana nigaranam.

Axırıncı nigarançılığım ATƏT-in Minsk Qrupu haqqındadır. Bəli, bu qrupun nümayəndələri 20 ildən artıqdır ki, eyni marşrut üzrə hərəkət edirlər. Di gəl, hələ də onlara həvalə olunmuş problemin həllinə nail ola bilmirlər. Hər gəlişlərində də eyni mahnını ifa edirlər. Elə həmin mahnıya görə də bizdən öz “zəhməthaqlarını” alırlar. İşdi-şayəd, biz öz gücümüzə onlara həvalə olunmuş problemi, daha doğrusu, Dağlıq Qarabağ məsələsini həll etsək, o biçarələr görəsən nə işlə məşğul olacaqlar?

Bundan da mən nigaranam.

Hər kəs bu yuxarıda saydığımız nigarançılıqlara bir sakitedici cavab yazıb göndərsə, heç nigaran qalmasın… Qalsa, mən bundan da nigaran olaram. Mənə yazığınız gəlsin…

q.mehebbetoglu@zaman.az