Altayın müəmmalı sirləri

596

Tarix boyu türklərin ata yurdu, ana ocağı kimi tanınan Altay yalnız türk dünyasının deyil, həm də dünyanın ən sirli yerlərindən biri, sivilizasiyalar mənbəyi hesab edilir. Altay özündə çoxsaylı, bu günə kimi açılmayan sirlər gizlətməkdədir. Bu baxımdan onlardan bəzilərinə diqqəti cəlb etmək istəyirik.

Müəmmalı Turoçak petroqlifləri

Ötən əsrin 70-ci illərində Turoçak qəsəbəsi yaxınlığındakı Biy çayı ətrafındakı qayalıqlarda sığın sürüsünün rəsmləri aşkarlandı. Qayaüstü sığın rəsmlərini araşdıran tədqiqatçı alimlər onun bürünc dövrünə aid olduğunu bəyan etdilər. Amma onun kimlər tərəfindən və nə üçün çəkildiyini aydınlaşdırmaqda alimlər çətinlik çəkdilər. Amma qayaüstü rəsmlərdə diqqəti cəlb edən bir məsələ də ənənəvi Altay petroqliflərindən fərqlənən qırmızı mineral boyadan (oxra) istifadə edilməsidir. Bu boya min illər boyu təbii keyfiyyətini itirmir və yağış, təbii fəlakətlər onları soldura, rənglərini yuya bilmir. Digər bir müəmma isə qayaüstü şəkillərin hansı vasitələrdən istifadə edilərək çəkilməsidir. Bu petroqliflərin hansı məna ifadə etməsi və bununla nəyi anlatması yenə də sir olaraq qalmaqdadır.

Tatuirovkalı şahzadə

Bölgədəki sirli obyektlərdən biri də ötən əsrin 90-cı illərinin əvvəllərində Altaydakı Ukok (üç ox, uç ok, uk ok) yaylasında aşkar edilən və “Altay şahzadəsi” adı verilən mumiyadır. Ukok yaylası qədimlərdən yerli əhali arasında müqəddəs yerlərdən biri hesab edilirdi. Əhali arasında qədimlərdən belə bir rəvayət dolaşır ki, bu yerlərdə qazıntı işləri aparılsa, onda yer üzündə insanlara fəlakət gətirən kataklizmlər baş verəcək. Buna baxmayaraq, həmin yerdə qazıntılar aparılarkən yaxşı saxlanılmış və mumiyalanmış “Altay şahzadəsi” aşkar edildi. 2500 il bundan əvvələ aid edilən mumiya alimləri bir çox suallara cavab axtarmağa məcbur edib. “Altay şahzadəsi”nin 25 yaşı olduğu ehtimal edilir, onun bədənində çoxlu sayda müqəddəs heyvan mərasimlərini özündə əks etdirən döymələr – tatuirovkalar aşkar edilib. “Altay şahzadəsi”nin belində qırmızı kəmər vardı. Qırmızı kəmər qadının döyüşçü olduğunu göstərir. Qadının başındakı baş geyimi isə ölümsüzlük simvolu olan şaman baş geyimidir. Bu da “Altay şahzadəsi”nin ali elitaya məxsus olduğunu sübut edən fakt kimi dəyərləndirilir. “Altay şahzadəsi”nin aşkar edilməsindən sonra yerli şamanlar bildirmişlər ki, bu qadın türklərin anasıdır və onun narahat edilməsi təbii fəlakətlərə gətirib çıxaracaq. Həqiqətən də, “Altay şahzadəsi”nin aşkar edilməsindən sonra Altayda və Rusiyanın bölgəyə yaxın ərazilərində bir-birinin ardınca çoxlu sayda təbii fəlakətlər baş verdi. Təbii fəlakətlər uzun müddət bölgəyə rahatlıq vermədi. Bunun aşkar edilən “Altay şahzadəsi” mumiyası ilə əlaqədar olub-olmadığını söyləmək çətindir. Ancaq hər halda niyə məhz təbii fəlakətlər bu mumiyanın aşkar edilməsindən sonra baş verdi? Bu suala isə heç cür cavab vermək tapmaq mümkün deyil. Bir sözlə, “Altay şahzadəsi” də özü ətrafında çoxlu sayda müəmmalar gizlətməkdə davam edir.

Ukok yaylasındakı sirli qeoqliflər

Ukok yaylasında aşkar edilən və Ukok qeoqlifləri (coğrafi rəsmləri) adı verilən rəsmlər də Turoçak petroqlifləri kimi özlərində çoxlu sirlər gizlədir. Bu rəsmləri yalnız havadan görmək mümkündür. Rəsmlərin yaşını müəyyən etmək olduqca çətindir. Alimlərin fikrincə, yayladakı qeoqliflər eramızdan əvvəl lII-II əsrlərə aiddir. Amma dərhal da sual ortaya çıxır: Qeoqliflər əsrlər boyu necə olub ki, olduğu kimi qalıb və hər hansı bir dəyişikliyə uğramayıblar? Çünki istənilən halda təbii fəlakətlər yayladakı qeoqliflərə təsir etməli, onları sel suları yumalı, izlərini itirməli idi. Amma qeoqliflərə təbii fəlakətlər, ümumiyyətlə, toxunmayıb, ondan qorxurmuş kimi yan keçiblər. Digər tərəfdən də, ancaq təyyarədən seyr edilən və gözlə görülməsi mümkün hesab edilən bu rəsmləri – qeoqlifləri qədim dövrdəki insanlar nəhəng əraziyə necə çəkə bilərdilər? Üstəlik, qeoqliflər olduqca dəqiq riyazi hesablamalara əsasən çəkilib və onda milyonda bir faiz belə texniki sapma – səhv yoxdur.

Ona görə də alimlər Altay qeoqliflərini dünyanın 8-ci möcüzəsi hesab edirlər. Ufoloq alimlər isə Altay qeoqliflərini uçan naməlum obyektlərin (UNO) enməsi üçün aerodrom hesab edirlər. Çünki qeoqliflərin insan əli ilə yaradılması hətta sivil inkişaf dövrü olan günümüzdə belə mümkün deyil. Hər halda Ukok qeoqlifləri özlərində çoxlu sayda sir gizlətməkdə davam edir. Qeyd edək ki, qeoqliflərin sirlərinin açılması üçün alimlər çoxlu sayda araşdırmalara baş vurmuş, onların tədqiqində ən müasir texniki vasitələrdən belə istifadə etmişlər. Ancaq Ukok qeoqliflərinin sirlərini açmaq mümkün olmur. Yenə də ona görə Ukok qeoqliflərinin yerdənkənar sivilizasiya ilə əlaqədar olduğu ehtimal edilir. Amma, doğrudanmı, yerdənkənar sivilizasiyalar Altayda enmək üçün özlərinə hava limanı inşa ediblər? Niyə təbii fəlakətlər zamanı bu yaylada digər yerlər üçün ənənəvi olan torpaq sürüşmələri baş vermir və ya sel suları onları yuyub apara bilmir? Bəlkə, həqiqətən də, Ukok yaylası ufoloq alimlərin dedikləri kimi, uçan naməlum obyektlər üçün baza rolunu oynayır? Yenə də bu suallara hələ ki alimlər cavab tapmaqda acizlik çəkirlər. Beləliklə, Ukok yaylasındakı qeoqliflər də öz sirlərini gizlətməkdə davam edirlər. Bu sirlərin nə vaxt açılacağı isə hələ ki, heç kimə məlum deyil…

Altay stouxencləri

Altayda açılmamış sirlərdən biri də burada İngiltərədəki stouxencləri xatırladan iri qaya parçalarının olmasıdır. Belə stouxenclərə Altaylarda da rast gəlinib. Çuy çölündə yerləşən 7 metr hündürlüyündəki 5 nəhəng qaya parçasının – stouxenclərin üzərində petroqliflər aşkar edilib. Tarixçilərin fikrincə, petroqlifli bu qaya parçaları, Altay stouxencləri yerli şamanların mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulubmuş. Bu iri qaya parçaları müxtlif yerlərdən gətirilib. Bu qaya parçalarının – stouxenclərin mərkəzi hissəsinə gedən istənilən adam qorxulu hisslər yaşamağa başlayır, özü də istəmədən həyəcana düşür. Bunun səbəbini öyrənmək üçün alimlər müxtəlif texniki vasitələrdən istifadə edərək stouxenclərin ətrafını və onların arasında qalan boş sahədə ölçmə işləri aparmışlar. Aparatların bəziləri ətrafda ciddi heç nə aşkar etməsələr də, mərkəzdə onların əqrəblərinin yerindən tərpənmədiyinin və ya kor-koranə fırlandığının şahidi olublar. Stouxenclərin mərkəzindən çıxandan sonra aparatlar yenidən normal qaydada işləməyə başlayıb. Amma nə üçün aparatlar da insanlar kimi stouxenclərin mərkəzində özlərini “itirirlər”, “çaşbaş” düşürlər? Hələlik, bu suallara da cavab tapmaq mümkün olmur.

ƏZIZ MUSTAFA