Alpaqutçular şəhidlərin xatirəsini uca tuturlar

0
390

Təkcə rayon mərkəzlərində deyil, ən ucqar kəndlərimizdə də Qədim türk döyüş sənəti olan Alpaqut idman növünə maraq artıb. Alpaqut federasiyası, öz fəaliyyəti dövründə Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinə hörmət və ehtiramlarını unutmayıblar. Vətən torpaqları uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsinə xatirə turnirləri, seminarlar təşkil edilir.

Federasiya Ağcabədi rayonu Qaradolaq kəndində Hamlet Məmmədovun xatirəsinə həsr edilən seminar keçirib. Seminarda Ağcabədi, Ağdam, Tərtər, Laçın və s. Rayonlarımızda bu idman növü ilə məşğul olan gənclərimiz, kənd sakinləri, şəhidin ailə üzvləri və yaxınları, federasiya rəhbərliyininin təmsilçiləri iştirak ediblər. Seminar iştirakçıları ilk öncə şəhid Hamlet Məmmədovun məktəbin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyub, anım duruşu nümayiş etdiriblər. 

Daha sonra Hamlet Məmməd oğlu Məmmədov adına 1 Saylı Qaradolaq kənd orta məktəbinin akt zalında toplantı keçirilib. Seminarda  Azərbaycan Alpaqut Federasiyasının regionları inkişafı üzrə vitse-prezidenti Rafiq Qasımov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, Alpaqut döyüş sənətinin tarixindən söz açıb, bu idman növünün digər döyüş növlərindən fərqi barədə seminar iştirakçıların məlumat verib. Toplantı çərçivəsində çıxış edənlər bu idman növünün səmərəliliyindən söz açıblar. Bu idman növünün gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük əhəmiyyətə malik olduğunu xüsusilə vurğulayıblar. Qeyd edilib ki, Hamlet Məmmədov və onun kimi minlərlə vətən fədaisinin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

Alpaqutçuların əsas məqsədlərindən biri də Vətən uğrunda şəhid olan soydaşlarımızın unudulmamasına dəstək olmaqdır. Seminarın sonunda şəhidin yaxınlarına və bu idman növünün təbliğinə dəstək olan şəxslərə federasiya adından fəxri fərmanlar verilib.

Tədbirin ikinci hissəsində məktəbin idman zalında idman növü üzrə həvəskar və peşəkarların birgə məşqləri keçirilib.

Esmira Hidayətova, Ağcabədi