Alpannamə-1

148

 

                    1

Hər parağın öz cəhrəsi, dəhrəsi,

Hər bir bağın vardı gözəl bəhrəsi,

Sevincli idi hər bir şəxsin çöhrəsi,

Təbəssümlər məlhəm idi hər kəsə,

Belə yerdə kim gəlməzdi həvəsə?

2

Alpan kəndim, “Yeddi qaya” aşardım,

Mən “Şimi”də hərdən tamam çaşardım.

“Təmrəzlər”də özgə aləm yaşardım;

Ovsunlayıb məni sanki bənövşə,

Çağırardı özü ilə görüşə.

3

Gülə-gülə qəlbdə sevinc hər dəfə

Üz tutardıq  “Qarabulaq” tərəfə,

Yetişməmiş biz heç oradan evə

Könlümüzə hakim olardı sevgi,

O çox gözəl, o çox şirin bir duyğu.

4

Gözlərini bulud hərdən sıxardı,

Quru çayım məcrasından çıxardı,

Qabağına hər nə çıxsa, yıxardı…

Peşman olub xəyallara dalardı,

Aylar ilə bu çay quru qalardı.

                  5

“Subaba”mız tuş gəlibdi qadaya,

Hazırlaşır tarix ilə vidaya?

“Qələcəq”un sirri qalıb Xudaya…

“Seyrahgah” da qazı məni, bax deyir,

Əsrlərdir o bu sözü haqq deyir.

6

Qılınc piri, Murad piri, Diş piri…

Müqəddəsdir bizim üçün hər biri,

Məscidimiz səcdə, ibadət yeri

Biz anırıq orda hər an o Rəbbi

İbrahim bəy olub rəhmət sahibi.

7

“Ceyran təpə”, “Seyfi qələ” tamaşa,

Neçə sirlər verib burda baş-başa.

“Qızıl qaya”… dili yoxdur danışa

Öz dərdini yoxsa bizə açardı,

Tariximə parlaq işıq saçardı.

                8

Ramazanda qanad açıb uçardıq,

El əhlini sidq-ürəklə qucardıq,

Xeyir-dualardan biz güc alardıq

Yolumuza mayak idi hər alqış,

Kar etməzdi bizə əsla qar-yağış.

9

Hər Novruzda gur yanardı şamımız,

Uşaq kimi sevinərdik hamımız.

Saf olardı  niyyətimiz, kamımız

Ağırlığı biz tökərdik tonqala,

Odur ki, heç gəlməz idik zavala.

10

Bərəkətli çöllərinə çıxardıq,

Yeməliyi  gözümüzə tıxardıq,

Cigəri biz əkinlərdən yığardıq,

Qabığını atardıq yol-rizlərə

Deyərdilər, cigəryeyən  bizlərə.

11

Ləzzətli idi pendir soğan dürməyi

Çox sevərdim mən düzü bu yeməyi…

Bazlamacın, çitgal adlı əppəyin,

Həm təndirin çox olardı faydası,

Bir özgə idi bişirilmə qaydası.

12

Alpan kəndim, qoy dəyişib yönünü,

Bir demişəm, bir də deyim mən bunu:

Aləm idi paxla, kartof qafunu

Doymaz idik ləzzətindən, dadından

İndiyədək heç çıxmayıb yadımdan.

13

Qorxuram ki, birdən çıxa yadımdan

Xəyallara dərin-dərin dalmadan,

Gəl söz açaq indi armud-almadan,

Bu “cırhacı”, bu da “sinab” deyərdik,

“Sərçəbudu”n ləzzət ilə yeyərdik.

              14

Açıb baxsaq “Gülüstani-İrəm”ə

Rast gələrik onda Hacı Qayıbə.

Nəcəfqulu Atlıxandan törəmə…

Qan uddurub erməniyə Bəybala…

Azay bəyim səs salıb kənd, mahala.

15

Baməzəydi Ömər qağa, Şıxhəsən

Yumorların bəyənərdi hər insan.

Qiyasəddin qoyub özgə bir ad-san-

Uymayaraq o sovet cik-bikinə

Əl tutubdur kənddə hər bir sakinə,

16

Unudulmaz Ələkbərin zəhməti,

Verməkdədir tarix onun qiymətin.

Sehirliydi çubuğu Cövhərətin

Kürəymizə hərdən “sığal” çəkərdi –

Zənn edərdin sanki baldı, şəkərdi.

17

Oynayanda on iki çip, ya taqqana

Yayılardı gur səsimiz hər yana,

Səsimizdən qonşu doymazdı cana

Bu səbriylə bizə ilham verərdi,

Bu sevinc də öz işini görərdi.

18

Hay düşərdi bir hind filmi olanda,

Olmaz idi  bu şənlikdən qalan da.

Klubumuz ağzınacan dolanda

Sevinərək Mirzəbaba, Bədirxan

Deyərdilər, minbir kərə can, ay can.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazı ilə buradan da tanış olmaq olar: https://alpaninfo.com/alpannam%c9%99/