Alpanlıların tarixinə dəyərli töhfə

27

Qubada tarixi keçmişə söykənən kəndlər çoxdur. Onların tarixinin öyrənilib xalqa çatdırılması təqdir olunası əməldir. Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” kitabı bu baxımdan diqqətə layiqdir.

Kitabda Alpan bəyləri haqqında məlumatlar, eləcə də onların 1905-1918-ci illərdə erməni daşnaklarına qarşı apardıqları mübarizə maraqlı faktlarla öz əksini tapıb. “Alpan etüdləri”ndə diqqətçəkən məqamlardan biri də “Şərqin Şekspiri”, ölməz ustad dramaturqumuz Hüseyn Cavidin bir müddət Alpanda yaşaması və yaradıcılığının şah əsəri olan “İblis” dramını bu kənddə tamamlamasıdır. Kitabda digər şəxslərin, o cümlədən Səməd Vurğun, Əli Fəhmi kimi tanınmışların Alpanla bağlılığı haqqında da maraqlı faktlar var.

Müəllif kitabında yalnız tarixi məxəzlərlə kifayətlənməyib. Alpan kəndinin qədim tarixinə, mədəniyyətinə, bu yurdun ziyalılarının, tanınmışlarımızın simalarında bəzi faktlara işıq tutmağa, daha doğrusu, yurdunun kiçik ensiklopediyasını yaratmağa çalışıb.

İstedadlı yazar kitabının bir bölümünü belə adlandırıb: “İkinci Qarabağ savaşı və yaxud Vətən müharibəsi”. O, bu bölümdə zəfərlə tamamlanan 44 günlük savaşdan və bu savaşda alpanlıların da göstərdikləri qəhrəmanlıqlardan söz açıb. İstər Birinci, istərsə də İkinci Qarabağ savaşında yüzlərlə alpanlının iştirak etdiyini və onlardan 20 nəfərdən çoxunun şəhid olduğunu və ya itkin düşdüyünü bildirib.

“Alpan etüdləri” mövzu baxımından müəllifin “Hərdən gülməyim gəlir”, “Bu mənim alın yazımdır”, “Bibimin madonna servisi” kitablarından fərqlənir. Ayrı-ayrı oçerklər toplusundan ibarət olan sonuncu kitabda müəllif doğulduğu kəndin keçmişindən və bugünündən bəhs etmişdir.

A.ƏLİYEV,

“Azərbaycan”