Alpanın yer adları və onların etimologiyası

47

 

Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişilmiş ola bilər”. (A. Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1951, səh.21)

Tədqiqatçıların fikrincə, coğrafi adlar (toponimlər) xalqın milli və mənəvi sərvətidir. “Toponim” termini yunan mənşəli söz olub, “yer adı”, “coğrafi ad” deməkdir. Coğrafi ada isə heç vaxt səbəbsiz və təsadüfi olaraq ad verilmir. Əgər belə demək mümkünsə, toponimlər şüurlu fəaliyyətin, ictimai-iqtisadi münasibətlərin nəticəsi kimi yaranan ictimai məhsuldur. Bu mənada toponimlər bizim keçmişimizdir. Odur ki, hər kəs yaşadığı kəndin, şəhərin, gəzdiyi yerlərin adlarını öyrənməyə çalışır. Bizim də məqsədimiz bundan ibarətdir.

Biz bu yazıda həm də kəndimizdəki toponimlərin yaranma yollarını da şərh etməyə, daha doğrusu, Alpanın ensiklopedik lüğətini ərsəyə gətirməyə cəhd göstərmişik. Bu, ilk addımdır. Şübhəsiz, mübahisəli məqamlar ola bilər. Həmin mübahisəli məqamlara da sizin köməyinizlə son qoymaq olar.

Alpan (etnotoponim) – Quba rayonunun kəndidir. Rayon mərkəzindən 8,5 km. Şm. Q-qə Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Əhalisi 3764 nəfərdir. Kənddə 1019 təsərrüfat, 900-ə yaxın yaşayış evi var (2020). Alpan şimaldan Qusarın Qayakənd kəndi, cənubdan Qələdüz, Küpçal, qərbdən Uzunmeşə, Kürkün, sərqdən isə Xucbala və Digah kəndləri ilə həmsərhəddir. Onu da qeyd edək ki, ölkəmizdə kəndlər 4 tipdir (Yol kənarı,  Çay kənarı, Düzən, Şəhər ətrafı kəndləri) ki, bizim kəndimiz çay kənarı tipinə aiddir. Quruluşuna görə isə küçəvari formalı kənddir.

Alpan adının Alban formasına ilk dəfə e.ə. I əsrdə başlayaraq antik mənbələrdə təsadüf olunur. Bir qrup tədqiqatçı hesab edir ki, Alban/Alpan türk mənşəli söz olub “alp” və “an” komponentlərindən ibarətdir, bu da “uca, dağlıq yer” mənalarına gəlir. O. Kazımov, Q.Qeybullayev, Q. Məşədiyev, M. Adilov, B. Budaqov, F. Xalıqov və digər tədqiqatçıların isə Alban/ Alpan/Alpout toponimi haqqında fikirləri belədir ki, həmin söz “igid, cəsur” mənasını ifadə edən türk sözü “alp” və cəmlik bildirən “an” morfemlərindən ibarətdir. Ə.Dəmirçizadə isə “50 söz” kitabında “Alban” adının etimologiyasından danışarkən bu sözün mixi yazılarında “al-ban” şəklində yazıldığını, “şimal əyalət”, “dağlıq”, “dağıstan” mənalarında olduğunu göstərmişdir. Bəziləri də belə güman edirlər ki, “al” qədim türklərin mifologiyasından gələn “Al” tanrısı ilə əlaqədardır ki, o da “ucalığı, yüksəkliyi” ifadə edir. “Torpağın köksündə tarixin izləri” adlı kitabın müəllifi A.Axundov isə “Alpan” sözünü  “Alban” sözündən fərqləndirir və göstərir ki, Albaniya toponimi “dağyeri”, “dağıstan” mənasını daşıyır. Alpan sözü isə onun fikrincə, “sərrast, atıcı,  qəhrəman,  pəhləvan, igid,  cəsarətli,  qorxmaz” mənalarını bildirir.

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”un “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da Qazan xan “Alpanlar başı Qazan” kimi təqdim olunur. “Qazılıq Qoca oğlu Yeynək boyu”nda isə Yeynəyin dilindən “Ağ-boz atlar çapdıran alpanlar gördüm” ifadəsi yer alıb. Tədqiqatçılar bildirirlər ki, buradakı “alpanlar” ifadəsini iki mənada başa düşmək olar: etnik məfhum və “igidlər”, “ərənlər” kimi.

Quruçay (hidronim) – Quruçay mənbəyini Susay-Qrız yolunun üstündəki aşırımın yanından (2500 m yüksəklikdən) alır, Xəzər dənizinə tökülür. Yuxarı axarlarında Susayçay (say toponimiyada “çayın dayız yeri” mənasını verir), düzənlikdə isə Mazarçay-Məzərçay (ə-a əvəzlənməzi bizim şivə üçün səciyyəvidir) adlandırılıb. Ehtimal olunur ki, iki qonşu sahənin, kəndin arasından axdığı üçün, daha doğrusu, məzrəni – bizim dialektdə məzrə sərhəd anlamındadır – göstərdiyinə görə belə ad verilib. Yəni onum bizim dərk etdiyimiz qəbir sözü ilə heç bir əlaqəsi yoxdur. Bəzi mənbələrə görə, Məzarçay sözü çayın suyunun həmişə nisbətən sakit olması ilə əlaqədardır.

Kəndimizin ərazisində isə ona Quruçay deyilir. Ümumiyyətlə, bu hidronimin tərkibindəki quru sözü “qurumuş”, “suyu az olan” deməkdir.

Kəndimizin sakini Fərhad Babayev eşitdiyi bir rəvayətə əsasən bildirir ki, Quruçayın əsil adı Dəli çay olubmuş. Bir dəfə bu çaya gələn sel mömün bir bəndənin, daha doğrusu, övliyanın (həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş şəxs) əsasını apardığına görə “Səni görüm quruyasan” qarğışına tuş gəlibmiş. Elə o vaxtdan da çayın suyu kəskin şəkildə azalıb.

Tədiqatçıların fikrincə, Qurucay hidronimi maraq doğurur. Çünki su obyekti olan çayın quru sözü ilə adlandırılması məntiqə sığmır.

Quruçay Xaçmaz ərazisində Alpançay kimi tanınır. Elə yolboyu lövhələrdə də Alpançay kimi qeyd edilib. Hər halda Alpançay hidroniminin alban etnonimi ilə əlaqədar olması da şübhə doğurmur.

Ata yerləri (oronim) – Yaşlı adamların söylədiklərinə görə, kəndimizdə Qoca adlı imkanlı bir şəxs olub. O, kəndimizdə torpaq sahəsi çox olan bir şəxs kimi tanınıb. Hətta deyilənlərə görə, satılan torpaq sahələrini alaraq özünün ərazisini 127 hektara çatdırıbmış. Bununla əlaqədar bir zamanlar belə bir deyim də formalaşıbmış: “Göy Allahın, Yer Qocanın”. Sovet hakimiyyəti illərində Qoca kişinin də torpaq sahələri əlindən alınıb. Həmin illərdə Qocanın övladı (deyilənlərə görə, o, Rafiq müəllim kimi tanıdığımız (əsil adı Darvin olub) şəxsin atası, Balaqızın həyat yoldaşı olub) uzunmüddətli həbsdən qayıdandan sonra o ərazilərdən söz düşəndə deyib ki, o yerlər mənim atamın yerləri olub. Elə o vaxtdan da həmin ərazidən söz düşəndə oranı “Ata yerləri” kimi nişan verməyə başlayıblar. Yəni məhz bu olaydan sonra həmin ərazilər “Ata yerləri” kimi tanınmağa başlayıb.Kəndimizin tanınmış ziyalısı Neman Qədirbəyli isə bu yerin yüzbaşı Qədir bəyə məxsus olduğu iddiasındadır. O, həmçinin bildirir ki, Qədir bəyin vəfatından sonra onun 4 övladı həmin ərazini “Ata yeri” adlandırıblar.

Yeri gəlmişkən qeyd edək ki, kəndimizdə şəxs adları ilə əlaqədar olan yer adları çoxdur. İndiyədək topladığımız yer adlarını diqqətinizə çatdırırıq:

Əlirzanın yeri,  Aşurun yeri, Şixirzanın yeri, Bəkirin yeri, Kəbətin yeri, Heybətin yeri, Minanın yeri, Museyibin yeri, Müslümün yeri, Abgülün yeri, Əliosmanın yeri, Əlişanın, Əlövşahın yeri, Molla İslamın yeri, Pirkişinin yeri, Şirinbalanın yeri, Xosrovun yeri, Ömərin yeri, Osman bəyin yeri, Orucun yeri, Əlibalanın yeri, Şahmuradın yeri, Həmzətin yeri, Muradın yeri, Ramazanın yeri, Ağagülün yeri, Rəcəbin yeri, Hacıəkbərin yeri, Nizamın yeri, Səttərin yeri,  Əlişanın yeri,  Pirkişinin yeri, Məlikin yeri, İsagülun yeri, Məmmədseyidin yeri, Nadir kişinin yeri, Səfərin yeri, Dadaşbalanın yeri, Molla Məhəmmədin yeri, Allahverdinin yeri, Həbinin yeri, Ustabalanın yeir, Hacı Seyidin yeri, Baladarın yeri, Əşrəfinin yeri (ADPU Quba Filialının baş müəllimi Rahib Sədullayevin araşdırmalarına görə, atasının cehiz kimi verdiyi torpaq sahəsi sonradan bu xanımın adı ilə tanınıb). Qeyd edək ki, bir zamanlar Sovet hökuməti bütün mərzləri pozub vahid təsərrüfat yaratsa da, o yerlər öz qədim sahiblərinin adları ilə tanınıb.

Müstəqillik illərində həmin ərazilər kənd sakinləri arasında pay torpağı kimi bölüşdürülib,  buna baxmayaraq, onların ərazilərindən söz düşəndə yenə də o kişilərin adlarıçəkilməkdədir, yəni  o yerlər öz qədim sahiblərinin adları ilə tanınmaqdadır.

Təyyarə yanıb düşən yer (oronim) – Kəndimizdə Əşrəfinin yeri adlanan ərazı var. Həmin ərazi kəndimizdən Qusar istiqamətinə gedən meşə yolunun kənarında yerləşir. Deyilənlərə görə, Böyük Vətən müharibəsi illərində o əraziyə yaxın sahəyə almanlara məxsus təyyarə yanaraq düşdüyü üçün ora “Təyyarə yanıb düşən yer” deyilir. İndi həmin ərazidən Yusif Kəbir oğlu Bədəlov istifadə edir.

Bədəlvurulan yer (oronim) – Tarixçi Zabit Babayevə görə, XX əsrin əvvəllərində Alpan bəylərinin 4784 desyatindən artıq torpaq sahələri olub. Əhalinin iqtisadi vəziyyətinin pisləşməsi 1917-ci ildə özünü daha qabarıq göstərib. Nəticədə Alpan kəndində bir tərəfdən qaçaqçılıq hərəkatı güclənib, digər tərəfdən əhalinin bir qismi sovetləşməyə meyl edib. Qaçaqçılıqla məşğul olan Mürsəl adlı şəxs olub. O, 1917-ci ildə Alpanda ilk sovet yarananda, həmin təşkilatın sədri Bədəl adlı şəxsi öldürüb. Kəndimizdə bu hadisəni özündə əks etdirən yer “Bədəlvurulan yer” kimi tanınmaqdadır. Bəziləri isə həmin ərazinin qrızlı Bədəlin qətlə yetirildiyi məkan kimi qələmə verirlər.

Yataq yeri (oronim) – Bu ərazi kəndimizdən bir qədər kənarda yerləşir. Oronim payızda, qışda qoyun-quzu, mal-qara saxlanılması üçün müxtəlif tikililəri olan yer anlamındadır. Bundan başqa kəndimizdə konket şəxs adı ilə də yataqlar olub: Ərzumanın  yataqları

Yataqqabağı (oronim) – “Yataq yeri”nin qabağındakı ərazidir. Bu ifadə yataq və qarşı mənasında işlədilən qabaq komponentlərinin birləşməsindən yaranıb.

Məmmədxan yaylağı (oykonim) – Tarixçi Zabit Babayevin tədqiqatlarına görə, Alpanda məskunlaşan Atlıxanların nəsilləri yerli alpanlılar tərəfindən indi də “Attuxanlılar” adlandırılırlar və böyük əqrəbadırlar. Alpan kəndi də XIII əsrdən XIX əsrin birinci yarısına kimi onlar tərəfdən idarə edilmişdir. Atlıxan irsinin nümayəndələri yalnız Quba mahalında deyil, Dərbənd mahalında da yüksək nüfuz və vəzifə sahibi olublar.  XIX əsrin əvvəllərində bu nəslin ən nüfuzlu nümayəndəsi Azərbaycanın ən böyük  feodallarından biri olan Müşkür naibi Məhəmmədxan bəy Alpanlı idi. Onun Şahdağ ətəklərində də böyük bir ərazisi vardı. Alpanlılar onu “Məmmədxan” adı ilə çağırdıqlarından ona məxsus olan yaylaq sahəsi indi də “Məmmədxan yaylağı” adı altında xəritələrdə əks olunmuşdur. Bir sözlə, bu oykonim Məmmədxan (mürəkkəb adların tərkibində işlənən Məhəmməd və  arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adı) və “dağlıq ərazidə düzən yer”,  “yayda qoyun-quzu və mal-qara sürülərinin saxlanıldığı yer” mənasını verən yaylaq komponentlərindən əmələ gəlib.

Kostroma (oykonim) – Bu oykonimlə bağlı müxtəlif versiyalar var. Həmin versiyalardan birinə görə, kəndimizdəki həmin ərazidə  ferma tikiləndən sonra, yəni ötən əsrin 50-ci illərində Rusiyanın Kostroma vilayətindən ora cins inəklər gətirilib. O günlərdə camaat arasında bu şəhərin adı  o qədər çəkilir ki, axırda yeni məhəlləyə bu şəhərin adı verilir. Bu mənada məhəlləyə Kostroma adı elə bu şəhərin adı ilə əlaqədar verilib. Bəziləri isə bunu kənd sakinlərinin əsasən ən çox  Kostroma şəhərində meyvə satması ilə əlaqələndirirlər. Bu məhəllənin ilk sakinləri isə Xələf Həmidov və Beykəs Qubatovun ailələri olub. Kostromanın axırı isə sonradan orada məskunlaşmış Canmirzə kişinin anasının ona əzizləmə mənasında verdiyi ləqəbə əsasən Quqod oba kimi tanınıb.

Şələçi (oykonim) – Şələ sözünün çiyində, beldə aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.) mənasını verdiyini hər kəs bilir. Həmin sözə “çi” şəkilçisi artırılmaqla peşə, sənət, məhəllə bildirən isim  düzəldilib, yəni “Şələçi”. Bu məhəllə Quruçayın yaxınlığındadır. Deyilənlərə görə, Quruçaya sel gələrkən özü ilə çoxlu ağac, çör-çöp gətirərdi. Bu məhəllənin adamları da çayın gətirdiyi həmin ağacları şələləyib evlərinə gətirərdilər. Elə bu səbəbdən məhəlləyə “Şələçi” adı verilib.

Nəbi oba (oykonim) – Nəbi oba oykonimi “Nəbi” və “oba” sözlərindən düzəlib, Nəbiyə aid oba, kənd deməkdir. Həqiqətən, kəndimizdə Nəbi Həsənov adlı şəxs olub və deyilənlərə görə o, həmin ərazidə ilk dəfə qeyri-qanuni (həmin ərazi əkin sahələri olub) ev inşa edib. Hətta buna görə Nəbi kişi həbs də olunub. Qeyd edək ki, “oba” sözü Orxon-Yenisey abidələrində, qədim türk dillərində tayfa, nəsil, mənalarında işlənib. Bəzi mənbələrdə isə yurd sözü ilə oba eyni semantik məna yükünə malik olur.

Xələf oba (oykonim) – Kostroma məhəlləsinə “Xələf oba” da deyilir. Çünki həmin ərazidə ilk dəfə Xələf kişi ev inşa edib. Kəndimizdəki oba komponentlərini aydınlaşdıranda aydın olur ki, onların yaranma tarixləri son illərə, daha doğrusu, ötən əsrə aiddir.

Qarğalıq (zoonim) – Ümumiyyətlə, ölkəmizdə qarğa adı ilə bağlı obyekt adları çoxdur. Düzənliklərdən tutmuş yüksək zirvəli dağlara, qayalara qədər müxtəlif ərazilərdə bu quşun adını əks etdirən çoxlu zoonimlər  var. Çox güman ki, bura da belə bir ad  qarğaların çox toplaşması ilə əlaqədar verilib. Yəni bu oykonim qarğa və aidlik mənasında işlənən –lıq şəkilçisindən ibarət  olub, qarğaların çox toplaşdığı yer mənasını daşıyır.

Yuxarıbaş, Aşağabaş (oykonim) – Yuxarıbaş kəndin yuxarı hissəsi, tərəfi anlamındadır. Aşağabaş (Şivəmizə uyğun olaraq aşağıbaş sözü aşağabaş kimi tələffüz edirir. Yəni burada ı səsi a ilə əvəzlənib) isə kəndin aşağı hissəni özündə ehtiva edir. Çox güman ki, bu toponimlər kəndimizin getdikcə böyüməsi nəticəsindən əmələ gəlib. Yeri gəlmişkən kəndimizin körpüdən yuxarıda yerləşən hissəsi Yuxarıbaş, aşağıda yerləşən hissəsi isə Aşağabaş adlanır. Şübhəsiz, baş bu ifadələrdə tərəf, istiqamət mənasındadır.

Culfaçılar (oykonim) – Bu məhəllə  Hikmətgilin, Xanlargilin evləri tərəfdir. Bəziləri Culfa sözünü Culfadan köçüb gələnlərlə əlaqələndirirlər. Amma bu heç də doğru deyil. Belə ki, culfaçılar toxucular anlamındadır. Bir zamanlar həmin ərazidə yaşayanlalr xalça məmulatları toxumaqla məşğul olublar. Elə bu səbəbdən həmin məhəllə bu peşənin adı ilə tanınıb.

Zeynəb sirti (oykonim) –Bir çox türk dillərində işlədilən sırt termininə yamac üstü, təpəliyin üstü, dağın arxası və ya beli, kiçik yüksəklik, dağ, qaya, təpə, yastı yüksəklik  və başqa mənalarda rast gəlmək mümkündür. Bu söz bizim kəndimizdə sirt formasında işlədilir. Özündən yaşça böyüklərə istinadən edən Tofiq Qubatova görə, həmin ərazidə, daha doğrusu Daşdi kişinin atası Fəzayılın qonşuluğunda öz xeyirxahlığı ilə seçilən Zeynəb adlı bir qadın olubmuş. Elə bu toponim də onun adı əsasında formalaşıb. Amma kənd sakinlərimizin bəziləri iddia edirlər ki, guya bu oykonim həmin ərazinin 50-60 metrliyində yaşamış Daşdi kişinin həyat yoldaşı Zeynəb xanımın adı əsasında yaranıb. Yeri gəlmişkən qeyd edək ki, kəndimizdə sırt sözünü özündə əks etdirən digər toponimlər də var: Məsələn, Qovaqlıq sirti (köhnə Kürkün yolunun üstündədir).

Xarmannar (oykonim) – Xırman sözü dilimizdə taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydança anlamındadır. Kəndimizdə də həmin ərazidə belə bir məkan olub. Orada taxıl dənələrinə qarışmış samanı ayırmaq üçün onu kürəklə havaya sovurar, sonradan kisələrə doldurar və anbara daşıyardılar. O ki qaldı Xırmanlar sözünün Xarmannar formasını almasına… Şübhəsiz, bu məsələdə kənd ləhcəmiz önəmli rol oynayıb və həmin ifadə Xarmannar kimi formalaşıb ( yəni assimilyasiya hadisəsi nəticəsində ı səsi a səsinə,  n səsi  isə l səsinə keçib). Bir sözlə, bu oykonim xır (taxıl təmizləyən yer) və müntəzəmlik və məkan bildirən -man şəkilçisi əsasında formalaşıb.

Qalacıq, Qələcuq (oykonim) – Bu məkan kənd əhalisinin hazırda məskunlaşdığı Alpan kəndindən 4-5 kilometr üzü dağlara – qərb tərəfdə yerləşir. Tədqiqatçıların təxminlərinə görə, bu yer qədim Albana şəhərinin yerləşdiyi ərazinin yuxarı çıxacağı olub və Qalacıq  adlandırılmışdır. Belə ki, Alpan kəndi ərazisində Albaniyanın paytaxtı Qəbələnin mühafizəsinə xidmət edən müdafiə istehkamları-qalalar mövcud olmuşdur. Həmin qalalar (Seyfi qala, Qalacıq) artıq qala kimi mövcud olmasalar da, Alpan kəndi ərazisində  toponim kimi qalmaqda davam edir. Məlum olduğu kimi, qala termini toponimiyada istehkam, şəhər, kənd mənalarında işlənilir. Bu oykonimə gəldikdə isə o, qala sözündən və əzizləmə, kiçiltmə mənalı isimlər əmələ gətirən -cıq şəkilçisindən düzəlib və “kiçik qala” anlamındadır. “Qala” sözü ərəb mənşəli “qələ” (qala, həbsxana, zindan) sözünün fonetik dəyişikliyə uğramış formasıdır: qələ-qala. Tarixi mənbələrə istinadən qeyd edək ki, bu qala e.ə I minilliyə aiddir. Bu ərazinin yaxınlığında Qalacıq qəbiristanlığı da var.

Gud bağça (oronim) – Araşdırmalarımıza görə, bu birləşmənin birinci komponenti, yəni gud kənd camaatımızın  indi də istifadə etdiyi “bir tikə”, “bir parça” mənasını verən gud sözündəndir. Bu mənada həmin söz burada kiçik anlamındadır. Bağça sözünün isə “kiçik bağ”, ”həyət bağı”nı ifadə etməsini hər kəs yaxşı bilir. Bu aspektdən çıxış etməklə demək olar ki, Gud bağça kiçik bağ mənasını verir.

Subaba türbəsi (antrotoponim) – Tarixçi Zabit Babayevin araşdırmalarına görə, XVI əsrin əvvəllərində Səfəvilər Alpandan da yan keçməmişlər.  Hazırda kəndimizdə  mövcud olan XVI əsrə  aid Subaba türbəsi Səfəvi  əsgərinin qəbri üzərində  ucaldılmış türbədir.  Türbədə  Səfəvi əsgəri,  Şeyx Cüneydin müridlərindən biri olan Sufi Mikayılın dəfn edildiyi bildirilir. Cabir Albantürkün araşdırmalarına görə, Subaba türbəsində dəfn edilən müridin kəndin naxırçısı olmuş sufi Mikayılın olduğu da rəvayət edilir. (Yeri gəlmişkən qeyd edək ki, Mahmud Kaşğarinin “Divanü-Lüğət it-Türk” əsərində çoban sözü kəndxudanın, kənd ağsaqqalının köməkçisi kimi izah edilir. Bəşir Əhmədovun araşdırmalarına görə, çoban monqul sözü olub  qədim hərfi mənası “şöhrətli”, “hörmətli”, “kefi çağ olan” deməkdir.  Qeyd edək ki, İshaq peyğəmbər, Yaqub peyğəmbər, Musa peyğəmbər çoban olublar. Məhəmməd peyğəmbər də kiçik yaşlarıdan çobanlıq edib). Onu əhali “Sufi baba” deyə  çağırıbmışlar,  daha sonralar  həmin ifadə  “Subaba” (Sufibaba – Sufbaba – Subbaba – Subaba) şəklini almışdır. Qeyd edək ki, baba sözü dilimizdə yaşlı və hörmətli kişi anlamı ilə yanaşı, sadə, adi, fağır mənasında da işlədilir. Türbə 1918-ci il soyqırımında ermənilər tərəfindən dağıntılara məruz qalıb. Türbənin hazırkı vəziyyəti olduqca pis vəziyyətdədir. Belə ki, baxımsızlıq üzündən aşınmaya məruz qalmış türbə – tarix göz önündə yox olmaq üzrədir. Qeyd edək ki, XVI əsrə aid Subaba türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2021-ci tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş abidələr siyahısına daxil edilib. Subaba türbəsi olan yerə el arasında Subaba qəbiristanlığı da deyilir.

Bağış bəyin düzü (oronim) – Kəndimizin inzibati  ərazisi 1920-ci illərə qədər şimalda Qusar çayına qədər uzanırdı. Zabit Babayevin bildirdiyinə görə, indi “Zareçka” adlanan Qusarçay sahilindəki qəsəbə “Bağış bəyin düzü” adı ilə  çağırılırdı.  Bağış bəy isə  Alpan bəyi idi.  O ərazi Bağış bəyə məxsus mülk olduğundan ora “Bağış bəyin düzü” adı verilib. Məlum olduğu kimi, düz enişi, yoxuşu olmaya hamar yer anlamındadır.

Rus qəbirstanlılğı (oronim) – “Dumallar” adlandırılan məhəllənin üstündə, hazırkı  Aşağabaş qəbirstanlığının şimal hissəsindəki meşəlikdə  yerləşir. Tarixi mənbələrə görə, 1796-cı ildə  rus generalları  general Savalyev və  24 yaşlı Zubov mayın 10-da Quba xanı  Şeyx Əlini (Fətəli xanın oğlu) məğlubiyyətə uğradıb Dərbəndi  tutduqdan sonra Qubanı  tutmağa qoşun yeridib. Qubaya yeridilən qoşunlara general-mayor Bulqakov  başçılıq edib.  Tərəflər arasında ən gərgin döyüş  1796-cı ilin iyun ayında Alpan kəndi ərazisində olub. Bu zaman o, Alpan kəndində öz tərəfdarları ilə birgə möhkəmlənmiş Şeyxəli xana hücum edib. Amma Şeyxəli xanın qoşunları Bulqakovu gözlənilməz hücumla sarsıdıb. Hətta bu döyüşdə podpolkovnik Bakuninlə yanaşı, rusların 245  əsgəri də məhv edilib. Deyilənlərə görə, həmin qəbiristanlıq elə o zaman salınıb.

Qaraxan yeri (antrotoponim) – bəzi mülahizələrə görə, bu ifadə “yovşanlı sahə” və “otlaq üçün az yararlı sahə” mənasını verən qaraqan sözündəndir. Digər versiyaya görə, həmin yerin relyefi çox maili olduğundan qışda həmin ərazidə qar axını olarmış. Elə bu səbəbdən də həmin ərazi qar axan adlandırılıb. Yəni komponentin ikinci tərəfi feli sifətdir. Amma deyilənlərə görə, həmin ərazi qara və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gələn və xanlar xanı, böyük hökmdar mənasını verən Qaraxan adlı şəxsin adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, 1831-ci ildə kollec reqistatoru Xotyanovski tərəfindən tərtib edilmiş “Quba əyalətinin kameral təsviri”ndə Qaraxan adlı şəxsin də adı vardır.

Qarabulaq (hidronim) – Qarabulaq toponimindəki qara böyük, bol sulu mənasındadır. Bu aspektdən çıxış etsək, qara və bulaq komponentlərindən düzələn Qarabulaq “daim çağlayan, güclü, bol sulu bulaq” kimi izah olunmalıdır.

Əhməd dərə (antrotoponim) – Bu oronim iki dağ arasında və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur mənasını verən dərə çoğrafi terminindən və Əhməd antroponimindən ibarət olub Əhmədə (şəxs adı) məxsus dərə mənasındadır.

Pərdiqıran (oronim) – Alpanla Digahın sərhədinin yaxınlığında, Ata yerinin alt tərəfindəki meşədəki bu ərazidən pərdi (balta ilə yonulan və evin damının üstünə, taxta və ya küləşin altına qoyulan tir) kəsildiyi üçün belə  adlandırılıb. Bu mənada Pərdiqıran “tir kəsilən yer” anlamındadır. Əvvəllər ərazi “pərdi qırılan yer” coğrafi anlayışını ifadə etmiş və bu, sonradan toponimik vahidə çevrilmişdir. Deyilənlərə görə, bu ərazi 27 hektar sahəni əhatə edib.

 Fındıqlıq  – Bu toponim bir zamanlar həmin ərazinin fındıq ağaclarının zənginliyi  ilə əlaqədardır. Yaşayış evləri bu ağacın çox olduğu ərazidə salındığı üçün belə adlandırılmışdır. Yəni bu ifadə fındıq və -lıq şəkilçisi əsasında formalaşıb. Qeyd edək ki, bu şəkilçi tərkibində işləndiyi toponimin mənasında müəyyən bir çoxluq ifadə edir.

Heyvalıq –  Bu əraziyə belə bir ad həmin məkandakı heyva ağaclarının zənginliyi  ilə əlaqədar verilib. 

Toyuqluq – Ərazidə bir zamanlar, yəni sovet dönəmində toyuq saxlanıldığı, daha doğrusu,  toyuq ferması olduğuna görə bu ifadə formalaşıb.

Donuzluq/ Doozi bağca – Ümumiyyətlə, bu ifadə bir qayda olaraq girib-çıxmaq çətin olan yer mənasında işlədilir. Üstəlik, belə yerlərdən söz düşəndə “ora heç donuz da girib-çıxmaz” deyərdilər. Amma kəndimizdəki həmin ərazinin mənası heç də bu anlamda deyil.  Belə ki, ötən əsrin 60-cı illərindən kəndimizdə Xarmannar tərəfdə donuzçuluq ferması təşkil olunub. Kəndimizdə donuz saxlanılması o vaxtlar sovet hökumətinə rəhbərlik edən Nikita Xruşovun həyata keçirdiyi qarğıdalı və donuzçuluq siyasəti ilə bağlı olub.  Donuzluq da  elə həmin heyvanın adı və -luq şəkilçisi komponentləri əsasında formalaşıb, yəni toponim donuzların olduğu yer mənasındadır.

Buna sinonim kimi işlədilən Doozi (Donuzu) bağcaya gəldikdə isə…  Bağca dilimizdə kiçik bağ anlamındadır. Donuzu bağca, yəni donuzların olduğu kiçik məkan anlamındadır. 1949-cu il təvəllüdlü Fərhad Babayevin məlumatına görə, Doozi (Donuzu) bağca toponimi Donuzluq toponimindən əvvəl meydana gəlib.  Onun sözlərinə görə, bu toponim çox güman ki,  çöl donuzlarının xırmanla əlaqədar həmin məkanda tez-tez görünməsi ilə əlaqədar formalaşıb.

Kəndirlik – Kolxoz dövründə kəndimizdə kətan (saplağından toxunmaya yararlı lif, toxumlarından isə yağ əldə edilən ot-bitki) da yetişdirilib. Bizim kənddə buna kəndir deyərdilər. Elə “Kəndirlik” adlanan ərazi də bu söz əsasında formalaşıb.  Kəndirlik deyilən ərazi Xalı kişinin bağlarının aşağı – düzən hissəsi tərəfdə olub. Deyilənlərə görə, Xələf kişinin evinin yaxınlığında, hazırda Tofiq Qubatovun dükanına yaxın ərazidə kəndir çeşidləyən sex-zavod da fəaliyyət göstərib.

Dəyirman bağı – hazırda Seyran Muradovun istifadə etdiyi fermanın ərazisidir. Orada vaxtilə bağ var idi. Həmin bağda da çəltik, yəni düyü üyüdən dəyirman olub. Elə bu səbəbdən də ora Dəyirman bağı kimi tanınıb. Həmin dəyirman Əmiraslanın oğlu Bağış bəyin yerində olduğuna görə ona “Bağışın dəyirmanı” da deyərdilər.

Doqqazlar – doqqaz kəndimizdə evin, həyətin, bağın və s.-nin hasarında bir-birinə keçirilən ağaclardan ibarət sadə qapı anlamındadır. Bu söz həm də   keçid mənasını özündə ehtiva edir. Sovet dönəmində kolxoz və ya sovxoz bağlarının əsas girişlərinə də belə qapılar qoyardılar. Quruçay boyunca olan bağlarda belə doqqazların sayı  4 olub. Odur ki, onların qarşılarına sıra sayları  əlavə olunub. Bir sözlə, sıra sayları eyni adlı məntəqələr bir-birinə yaxın olduqda toponimlərin birinci komponenti kimi çıxış edib və onları bir-birindən fərqləndirib: yəni Birinci doqqaz, İkinci doqqaz və sairə…

Qızılqaya – Qayanın adı “qızıl”, “qırmızı” mənasını verən qızıl və yarğan mənasını verən qaya sözlərindən ibarətdir. Qaya xırda mamırla örtülüdür və bu mamırdan da xınanı xatırladan maddə alınır. Qayanın adı buradan yaranmışdır. Son zamanlar bura kəndimizdə çayxanaçı kimi tanınan Habil kişinin (Şirinov-Q.M.) danasının özünü atdığı yer də deyilir. Halbuki dananın Qızılqayadan düşməsi onun  ayağının sürüşməsi nəticəsində baş verib.

Hacı parağı – Məlum olduğu kimi, hacı Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbəni ziyarət etmiş, Qurban bayramı günü, daha dəqiq, hicri təqvimi ilə zilhiccə ayının onunda həcc mərasimini icra etmiş müsəlmanlara verilən dini ad, ərəb mənşəli tituldur. Hacı Əbdürrəhim (yeri gəlmişkən Fərhad Babayevə istinadən qeyd edək ki, İrəfillər tərəfdə bağ sahələri olan Hacı Əbdürrəhim 7 dəfə Həcc ziyarətində olub, sonuncu ziyarəti zamanı orada dünyasını dəyişib), o cümlədən Molla İslam və onun nəslinin nümayəndələri Həcc ziyarətində olduqlarına görə, onların həyətləri “Hacı parağı” kimi tanınıb. Bu parağın sakinləri bədəncə pəhləvan cüssəli, bizim ləhcəmizlə desək, iri-miri olduqlarına görə ora “Ayı parağı” da deyiblər. “Paraq” kəndimizdə həyət mənasında işlədilir. Bundan başqa kəndimizdə Hümbət parağı, Qədir parağı, Dadaş parağı və  Ömər parağı  kimi toponimlər də vardır.

Qusar məhəlləsi – Bu məhəllənin sakinləri demək olar ki, hər gün Qusara gedib-gəldiklərinə görə belə adlandırılıb. Həmin ərazi hazırda Şıxhəsən kişinin oğlu Kamil (Qədirov –Q.M.) müəllimgilin yaşadığı məhəllədir.

Şimi – Deyilənlərə görə, Alpan bəylərindən olan Bəybala bəy Şəmi (çox güman ki, həmin şəxsin əsl adı Şamil olub) adlı bir nəfəri öz meşə sahələrinə qarovul təyin edib, həm də orada ona qoyun sürülərini saxlatdırıb.  Bu mənada “Şimi” meşə sahəsi adı həmin şəxsin, yəni  Şəminin adı ilə əlaqəlidir. Amma fikrimizcə, bu ifadə bəzi türk dillərində sahil, kənar, qıraq mənalarında işlənən sım sözü əsasında formalaşıb. Yəni onun adı coğrafi mövqeyi ilə bağlıdır, – i isə mənsubiyyət bildirən şəkilçidir. Bir ehtimala görə, toponim İran dillərindəki şəbi və ya  şövu-şövi (dərə) sözü ilə bağlıdır. Fikrimizcə, bu, daha inandırıcıdır. Belə ki, həmin ərazi həqiqətən də dərədədir. Şimi həm də şah, yəni böyük yer, həm də təmiz yer anlamını verir. Yeri gəlmişkən qeyd edək ki,  Zaqatala tərəfdə meşəyə şibər deyilir. Bəzi mənbələrdə simə təbiət anlamında da işlədilib.

Şahdağ – Baş Qafqaz silsiləsindən Şahyaylaq və Şahdüzü dərəsi ilə ayrılan Yan silsilənin zirvəsidir. Hündürlüyü 4250 metrdir. İlin çox vaxtı qarla örtülü olur. Şah sözü Azərbaycan toponimiyasında “hündür”, “yüksək” mənasında işlənir.  Şahdağ, yəni “uca dağ”, “hündür dağ” anlamındadır. Bir sözlə,  oronimə yüksək, uca, hündür dağ olmasına görə Şahdağ, yəni “dağların şahı”, “ən yüksəyi” deyilir.

Naxır dərə və ya Nohur dərə – Bu ərazi Qayakəndə yaxındır. Orada naxırçılar önə vaxtı, yəni günortaüstü mal-qara saxlayardılar. Qeyd edək ki, dərə iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur anlamındadır. Bu ifadə çay yatağı mənasında da işlədilir. Kəndimizdə Usta əkinin yaxınlığındakı Armudlu dərə ilə yanaşı, dərə sözü ilə bağlı şəxs adları ilə bağlı digər məkanlar da var.

Kərəmətdər nohuru – çox güman ki, kəramətləri (kəramətdəri) olan nohur anlamındadır. Yəni möcüzəli yer deməkdir. Deyilənlərə görə, bir zamanlar Məmmədseyidgilin (Pirqayıbgilin nəslindən) camışları ora girər və dincələrdilər. Bir də deyilənlərə görə, həmin nohura girib-çıxan camışlar daha gümrah olublarmış. Elə bu səbəbdən ora belə bir ad verilib. Qeyd edək ki, kəndimizdə konkret şəxs adları ilə bağlı belə məkanlar olub: Qədir nohurları. Xatırladaq ki, nohur sözü mənşə etibarilə monqol dilindəki “nuur” (göl, gölməçə) sözündəndəndir.  Güclü yağışdan,  seldən sonra su yığılmış gölməçə anlamındadır. Bu söz monqol-tatar istilasından sonra dilimizə daxil olub və toponimiyaya da Azərbaycan dilindən keçmişdir.

Uzun yol – Bu yol kəndimizin sonuncu evindən Xucbala kəndinin sərhədinə qədər uzanır. Oronimin tərkibindəki uzun sözü yolun ensiz, dar zolaq şəklində olmasını bildirir. Yəni çox uzun yol mənasındadır. Bir sözlə, oronim uzun (üfüqi istiqamətdə uzanan) və yol komponentlərindən düzəlib, yolun davamlılığını bildirir. Oykonomin birinci komponenti kəndi eyniadlı digər yollarından fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilib.

Bəzilərinin fikrincə, bu yol  yuxarı başdan, yəni  Rüstəm kişinin evinin yanından başlayır və Quruçaya qədər uzanır.

Ceyran təpə (zootonim) – Keçmişdə bu ərazidə çoxlu ceyran olduğu üçün belə adlandırılmışdır. Bu mənada bu ifadə ceyran və təpə komponentlərindən düzəlib. Təpə isə məlum olduğu kimi, hündür yer, kiçik dağ  anlamındadır.

Dumallar – Deyilənlərə görə, həmin ərazi çox vaxt çay dumanına qərq olduğundan və kəndimizə daxil olan duman ilk olaraq oranı ağuşuna aldığından və kəndimizin digər yerləri ilə müqayisədə uzun müddət orada qaldığına görə  bura belə ad verilib. Dumanlar sözü assimilyası (səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına assimilyasiya deyilir) nəticəsində Dumannar kimi tələffüzü ilə əlaqədar bu formaya düşüb.

İrəfillər – Bu oykonim Rəfi şəxs adından və – lər cəm şəkilçisindən ibarət olub, Rəfi nəslindən olanlar mənasını bildirir. Yeri gəlmişkən bildirək ki 1831-ci ildə kollec reqistatoru Xotyanovski tərəfindən tərtib edilmiş “Quba əyalətinin kameral təsviri”ndə Rəfi adına rast gəlmək mümkündür. Çox güman ki, həmin məhəllənin əsasını Rəfi adlı şəxs qoyub. Elə bu səbəbdən ora belə adlandırılıb. Danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrdə sözün əvvəlinə səs artırılmasına (proteza hadisəsinə)  təsadüf edilir. Rəfi sözünü də bura şamil etmək olar. Bizim şivədə r sonor səssizi ilə başlanan alınma sözlərin əvvəlinə i və ya ya u əlavə olunur. Bu toponimin rəf sözündən əmələ gəldiyini iddia edənlər də var. Belə ki, bu məhəllə çökəkdə, yəni hamar olmayan ərazidə yerləşdiyindən əhali evlərini qaya qırağında rəf (divar tikiləndə qoyulan şaquli çıxıntı) düzəldərək inşa etmişlər. Bu ifadəni dilimizdə işlənən irəvə sözü ilə də izah etmək olar. Qeyd edək ki, kəndimizdə Ustalar, Kürkünlülər, Osmanlılar, Dərgəhlər, Culfaçılar, Qaryaqlılar, Ərəbilər, Vəlibəylilər və Hümmətlər icmaları ilə yanaşı, Rəfillər adlanan icma da mövcud olub.

Darılar (fitotononim) – Darı məlum olduğu kimi, yumru toxumları olan birillik taxıl bitkisinin və bu bitkinin adıdır. Bir zamanlar kəndimizdə darı əkilən sahələr də olub. Elə Darılar oronimi də bu bitkinin adından yaranıb.

Əzgilli dərə – Ümumiyyətlə, ölkəmizdə əzgil bitkisinin adını əks etdirən çoxlu müsbət relyef formaları – oroqrafik obyekt adlarına rast gəlinir:  Əzgilli təpə (Qəbələ), Əzgilli dağ (Qubadlı). Bizim tərəflərdə bu ərazi Uzunmeşə ilə Gərəyin arasındadır. Bu ifadə əzgil və dərə komponentlərindən yaranıb. Bir zamanlar sovxozda baş aqronom vəzifəsində çalışan İsmayıl Ələsgərov həmin ərazidən kəndimizə su çəkmək təklifinin irəli sürüb. Amma yuxarılar tərəfindən onun bu fikri bəyənilməyib. Yəni öz variantlarını gerçəkləşdiriblər. Sonradan məlum olub ki, yuxarıların seçimi o qədər də uğurlu olmayıb. Bu məqamda kənd ağsaqqallarından eşitdiyim bir söhbəti xatırlatmaq istərdim: “Əgər o zaman İsmayıl kişinin sözünə qulaq asan olsaydı, bu gün Alpanda içməli su problemi yaşanmazdı”.

Daşlıq – rayon mərkəzindən gələn avtobusların son dayanacağıdır. Oronim daş (ərazi ancaq daşdan ibarət olduğuna görə) və yer bildirən -lıq şəkilçisindən əmələ gəlib. Yəni bu ərazi daşlı olduğuna görə belə adlandırılıb. Həmin ərazidə Taçı adlı şəxsin evi olduğuna görə, oraya Tacının doqqazı da deyirlər.

Cırnaaltı – E.Q. Mehrəliyevin “Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında (Maarif nəşriyyatı, Bakı,1987) qeyd olunur ki, çırnalıq kolluq, əkinə yaramayan, qoyun otlamasına yaramayan yer mənasındadır. (Cır həm də kiçik mənasını verir). Həmin yer kəndimizin Daşlıq adlanan ərazinin enişində olduğundan Cırnanın altı kimi işlənib. Oronim  çırna (daşlıq) və altı (yanında, aşağısında) sözlərinin birləşməsindən əmələ gəlib (-a burada mənsubiyyət bildirir), yəni əkin üçün yararlı olmayan yer deməkdir.

Fərhad Babayevin fikrincə, bu toponim cir (insan əli ilə deyil, təbii şəraitdə bitən) meyvə fadəsi əsasında formalaşıb. Belə ki, ötən əsrin təxmiənən 30-cu illərində oradakı qəbiristanlığa yaxın ərazidə cır alma və armud tədarükü məntəqəsi olub. Elə Cırnaltı (Cirini altı)  ifadəsi də həmin cır məntəqəsi ilə əlaqədar əmələ gəlib. Yəni bu ifadə cır evinin altı mənasındadır. 

Seyfəli qala, Seyfəqələ/Seyfiqələ/Sifəqələ – İndiki kənd ərazisinin 3-4 km cənub tərəfində yerləşib. Seyfəqələ çox güman ki, Seyfəli şəxs adı ilə bağlıdır. Yəni Seyfi və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Seyfi ərəbcə seyf sözündən olub, qılınca aid anlamını da ifadə edir. Oronim Seyfəli və qala (yerli şivədə qələ) komponentlərindən düzəlib Seyfəlinin qalası mənasındadır. Qeyd edək ki, seyfi ərəbcə “yaya məxsus”, “yaylaq” anlamlarını da ifadə edir.

Qirintilər – qırıntı qırılan, sındırılan, doğranan, kəsilən bir şeydən ayrılan xırda parçalar, hissələr, qırıqlar, tikələr; tullantı; xırımxırda mənalarındadır. Bu söz həm də qırxıntı sözünün sinonimidir: Bir şeyin kənarlarından, ya uclarından kəsilib atılan qırıntılar. Görünür, Qırıntılar adlanan bağ sahəsi həmin qırıntılar olan ərazidə salındığından belə adlandırılıb. Eyni zamanda qır bir sıra türk dillərində yüksəklik, təpəli yer,  dağ yamacı anlamındadır.

Çaydolanan – Digah tərəfdə, Şiminin üst tərəfindədir. Bu çay dolama kimi gedir. Yəni həmin əraziyə bu adın verilməsində çayın coğrafi movqeyi, daha doğrusu axının səmti nəzərə alınıb.

Qiblə güneyi– Şiminin üstü, daha doğrusu, Fəzayılın yerinə düşən yolun üst tərəfidir. Bu ad ona yerləşdiyi səmtə görə verilib. Məlum olduğu kimi, qiblə dilimizdə  müsəlmanların namaz qılarkən üzlərini çevirdikləri tərəf, başqa sözlə desək, Məkkədə müqəddəs sayılan Kəbəninin  səmti anlamında işlədilir.  Konkret bu oronimə gəldikdə isə o, Qiblə və dağın, təpənin, digər yüksəkliyin günəşə baxan hissəsi, günəş şüası çox düşən anlamının verən güney (gün düşən yer) komponentlərindən əmələ gəlib.  (Güney qədim türk dillərində cənub anlamındadır). Qeyd edək ki, kəndimizdə konkret şəxs adları ilə bağlı da güneylər var: Zal güneyi, Məhəmmədin güneyi (Xəlilov Rəşidin qaynatası Məhəmmədin yeridir),  Abasqulu bəyin güneyi, Gülcahanın güneyi, Qibəli güneyi…

Yeddi qaya – Şimiyə gedən istiqamətdədir. Ora çatmaq üçün yeddi eniş və yoxuşu aşmaq lazım gəlir. Elə bu səbəbdən ora Yeddi qaya adlandırılıb.

Cah – fars dilində müstəqil söz olub, yer, məkan mənalarını bildirir. Bu söz bizdə də eyni anlamdadır.

Küləvaxt – Naxır dərənin üst hissəsi belə adlanır. Meşədən təmizlənmiş yer anlamındadır. Əkrəsiyyəti belə yerləri tala  və ya küləvaxt adlandırırdı və buna görə də bu cür yerlərdə həyata keçirilən əkinçiliyə tala əkinçiliyi deyilirdi. Salman Salmanovun verdiyi məlumata görə, bu ərazidə çoxlu alabaxta (meşə göyərçini) olarmış. Bir zamanlar kənd camaatı bu məkanda onları ovlayarlarmış.

Qarasular, Qarasolar – Respublikamızın toponimiyasında qara ilə başlayan coğrafi adlar tədqiq edildikdə qaranın vaxtilə rəng, ağır, qərb, böyük, qoçaq, sıx, qalın, çoxluq, duman, çən, bir sözlə 14 mənada işləndiyi müəyyən edilmişdir. Deyilənlərə görə, Qarasular oronimi suyun çox olduğu yer anlamındadır. Bəzilərinin fikrincə, həmin ərazinin torpağı qara olduğundan və elə bu səbəbdən orada su qara formada özünü göstərdiyini görə belə adlanıb. Bu toponimdəki qara isə şübhəsiz, torpaq sahəsi mənasındadır. Bəzi yerlərdə torpaq sahəsinə indi də qara deyirlər. Ola bilsin ki, bu Qarasular yox, Qarasolardır. Belə olan təqdirdə  qaraso aran, düzəngah anlamındadır. –lar isə cəm şəkilçisidir. So həyət, təsərrüfat anlamını da ifadə edir.

Salman Salmanov bildirir ki, həmin ərazi, yəni Qarasu vaxtilə onun babasının – Sərkar kişinin (Salmanov Sərkar Ağagül oğlu Həcc ziyarətində olduğuna görə sonradan onun adının qarşısına Hacı ifadəsi də əlavə edilib və Hacı Ağagül kimi tanınıb) iqamətgahı olub. Deyilənlərə görə, o, 1 hektarlıq ərazini meşədən, kol-kosdan təmizləyib bağ salıb. Həmin ərazidə Qarasu adlı bir bulaq olub. Həmin bulağın suyu qara olmasına baxmayaraq, içilməli olub. Hətta kənddən gəlib oradan su aparıblarmış. Sonradan genişləndirilmiş həmin ərazinin adı da bu bulaqdan götürülüb. Yəni Qarasu öz adını həmin bulağın adından götürüb.

Fərhad Babayevin araşdırmalarına görə, Quru çayın bir kənarında, təpəciyin altında yerləşən, çay suyunun torpaq, qum-lil qatından süzülərək bulaq formasında üzə çıxan hissəsi çoxdandır ki, mövcuddur. Kənd yaxınlığında yeganə bulaq olduğu üçün əhali içməli su təminatını oradan ğörüblər. Bunun da ən azı 200 ildən çox yaşı var.

Qaryağlar-Qarayaqlar – Bu oykonimlə bağlı bir neçə versiya vardır.  Bir versiyaya görə, bu məhəllənin sakinləri bir qayda olaraq, qara dəridən tikilmiş çarıq geyindiklərinə və ya ayaqlarına qara parçadan dolaq sarıdıqlarına görə qaraayaqlılar (deyilişdə bu sözdəki yanbayana gələn –a hərfinin biri düşüb) adlandırılıblar. İkinci versiyaya görə,  həmin ərazi daim palçıqlı olarmış. Ona görə də camaat hərəkət edərkən ayaqları palçığa bulaşar və onun  rəngini aldığına görə onlara belə ad vermişlər. Üçüncü  versiyaya görə, qışdan sonra hər yerdə qar əriyib qurtarsa da, bu ərazidə qar uzün müddət qalarmış. Yəni həmin ifadə qar sözü və yağdı (yağmaq feli keçmiş zamanda) felinin birləşməsindən əmələ gəlib.

Qılınc pir/Qılıc pir – Bəzi mülahizələrə görə, qılıclı/qılınclı keçmişdə Azərbaycanın müxtəlif ərazilərində yaşamış tayfalardan biridir. Odur ki pirin adının qılıclı tayfasına məxsus yer kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. (Yerli tələffüzə görə qılıç… qılınc/qılınc yerli çoğrafi termin olub dağ tirəsi anlamındadır). Amma ola bilsin ki, Qılınc pir kəndimizdəki digər pirlərdən daha kəsərli pir olduğu üçün belə adlandırılıb.

Tarix müəllimi Şərafəddin Dadaşovun fikrincə, ora meşə yeri olub. 1796-cı ildə qubalı Şeyxəli xan 500 nəfərdən ibarət Bulqakovun qoşunu ilə  həmin ərazidə vuruşub. Deyilənlərə görə, silah kimi yalnız qılınclardan istifadə edilən bu döyüşdə Şeyxəli xan qalib gəlib. Sonradan Şeyxəli xanın bu döyüşdən qalib ayrılması həmin məkandakı pirin kəraməti ilə izah olunub və və elə bu səbəbdən ora Qılınc pir adı verilib.

Cabir Albantürk isə belə  yazır: “Rəvayətə görə, islam dinin Azərbaycanda yayılmağa başladığı ilk dövrlərdə (VII əsrin sonu-VIII əsrin əvvəllərində) Alpan kəndi ərazisindəki qədim şəhərdə dörd dini icma yaşamışdır – xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər və göy cisimlərinə inananlar. Müsəlmanların çoxaldığı bir vaxtda onların qanunlarının keçərli olması əsas şərt idi. Elə bu səbəbdən bu icmalarla müsəlmanlar arasında ədavət güclənir və onlar arasında münaqişə silahlı qarşıdurmaya gətirib çıxarır.  Onların qanunlarına əməl edənlər, onlara tabe olanlar əfv, digərləri isə qılıncdan keçirilir  və ya şəhərdən qovulurdular. Qovulanlar Sifəqələyə çəkilir, sonra isə Müşkür düzünə və ya dağlara gedirdilər. Bu münaqişəyə  şəhərin böyüyü Qılıc xan rəhbərlik edirdi. Son döyüşdə ağır yaralanıb şəhid olan müsəlman sərkərdəsi vəsiyyət edir ki, öldürüldüyü yerdə dəfn edilsin və başdaşı əvəzinə qılınc qoyulsun. Onun vəsiyyətinə əməl edilir. Həmin yer hal-hazırda “Qılıncpir” adlanır”.

Murad quzeyləri – Məlum olduğu kimi, quzey dağın və ya təpənin şimal yamacı, günəş şüası düşməyən kölgəli tərəfdir. Şübhəsiz, bu yer Murad adlı şəxsə məxsus olub və onun adı ilə adlandırılıb. Bundan başqa, kəndimizdə Dadaşın quzeyi adlı məkan da vardır.

Seyiddaşı – Tarixçi Zabit Babayevin fikrincə, VII əsrdə ərəb istilası ilə  əlaqədar  Quba ərazisində  məskunlaşan ərəblərin bir qismi Alpan ərazisinə gəlmişlər. Alpanda ərəb mənşəliləri “Seyidlər” adlandırmışlar. İndiki “Seyiddaşı” adlandırılan böyük qəbir daşının olduğu qədim qəbirstanlıq gəlmə ərəb tayfasından olanlara məxsusdur. Seyid daşı oykonimi vəfat etmiş onlardan birinin, yəni Seyid adlı bir şəxsin adı və daş komponentləri əsasında formalaşıb. Onun qəbri itib, yalnız baş daşı qalıb. Deyilənlərə görə, bir zamanlar buradan “Qaryaqlar” məhəlləsinin sakinlərİ qəbirstanlıq kimi istifadə etmişlər. Yeri gəlmişkən qeyd edək ki, seyid sözü başçı, ağa, cənab, itaət edilən mənasındadır. Elmi ədəbiyyatdan məlum olduğu kimi, İslamdan əvvəl Ərəbistanda seyid adını qəbilə başçıları daşıyırdı. Sonradan, yəni İslam dini qəbul edildikdən sonra bu ad müsəlman aləmində fəxri məna kəsb etmişdir.

Talalar – tala termininə bir çox türkdilli xalqların dillərində rast gəlinir. Bu düzənlikdə açıq yer, çöl mənasındadır. Dilimizdə bu söz meşədə ağacsız, çılpaq yer, sahə, açıqlıq mənalarını bildirir.

Pitomnik – şübhəsiz, bu söz rus dilindən dilimizə keçib və son illərin məhsuludur. Belə ki, bu oykonim bitki şitilləri, tingləri artıran təsərrüfat anlamındadır.

Murad piri – Murad arzu, məqsəd, niyyət, dilək, arzu, kam mənasındadır. Yəni Hacı Seyidin yerində olan bu pirə üz tutanların muradlarına çatması anlamındadır. Qeyd edək ki, bu oykonimdə işlədilən Murad həm də şəxs adı  ola bilər.

Çinar piri – deyilənlərə görə, o zamanlar kəndimizin yalnız bir yerində çinar varmış. Bu da həmin əraziy təsadüf edir. Bu səbəbdən həmin məkana Çinar piri adı verilib. Bir sözlə, bu fitonim çinar ağacının adı ilə bağlıdır.  Qeyd edək  ki, həmin ərazidə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş abidə də var. Hazırda  isə həmin ərazinin lap yaxınlığında Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılır.

Diş piri – Bu məkana belə ad verilməsi ağrıyan dişlərlə bağlı olub. Belə ki, dişləri ağrıyanlar həmin əraziyə gedib oradakı qocaman palıd ağacına mismar vurarmışlar. Bununla da diş ağrısı aradan qalxarmış.

Təzəpir – Oronim təzə və pir sözlərindən ibarət olub, yeni, təzə pir mənasındadır. Təzə pir Qayakəndə gedən yolun üstündə, Nurcahanın yerindədir. İlkin Balayevin araşdırmalarına görə, son zamanlara kimi bu ərazidə görünən saxsı qırıntılarına əsasən demək olar ki, bura qədimdə yaşayış məskəni olmuşdur: “Kəndimizin ağsaqqallarından olan babam Nadir kişidən eşitmişdim ki, qeyd etdiyim ərazidən qədim zamanlarda araba yolu keçmişdir. Və bu yol tarixi ticarət yolu olub Dərbəndlə Qəbələni birləşdirən yollardan biri imiş (Nadir kişi bu yolun “Təzəpir” yaxınlığından keçən hissəsini təmizləməyə də cəhd göstərmişdir.)

Minanın çuxuru, Nəzirin çuxuru, Molla Qulunun çuxuru –Məlum olduğu kimi, çuxur yer səthinin müxtəlif şəkildə ətrafı yüksəkliklərlə əhatə olunan və kənar axını olmayan dərinlik, aşağı çökmüş, oyulmuş sahə, oyuq çala deməkdir. Bu mənada bu oronimlər Minanın, Nəzirin, Molla Qulunun sahəsi anlamındadır.

Dəndə çuxuru –  Elmi dildə adı göyrüş olan bu ağaca bizim tərəflərdə “Dəndə” deyirlər. Həmin ərazidə bu ağaclar çoxluq təşkil etdiyinə görə, ora belə ad verilib.

Xan təpəsi – çox güman ki, xan oturan təpə mənasındadır. Yəni xana məxsus təpə… Bəzi mənbələrə görə, hansısa xan o təpənin üstündə çadır qurub bir müddət qalıbmış. O vaxtdan bu təpəyə Xan təpəsi deyilirmiş.

Amma güman etmək olar ki, bu təpə kəndimizdə adı xanla başlayan və ya qurtaran şəxsin adı ilə bağlı ola bilər.  Yeri gəlmişkən qeyd edək ki, 1831-ci ildə kollec reqistatoru Xotyanovski tərəfindən tərtib edilmiş “Quba əyalətinin kameral təsviri”ndə xanla başlayan və xanla qurtaran şəxs adları çoxdur: Xanmirzə, Xanəhməd, Xanməmməd Gərəyxan Xanmurad, Qazıxan, Muradxan, Əlifxan, Qalibxan, Duraxan, Qaraxan, Muradxan, Bədirxan, Ərəbxan,  Sumxan, Orduxan, Əlixan, Gərəyxan, Dəmirxan, Xangəldi, Qaraxan və s.

Pirabcabbar /Pirab Cabbar- Valəddin (Allahverdiyev) müəlligilin evinin yanındakı pirddir. Deyilənlərə görə, orada Cabbar adlı bir mömün şəxs basdırılıb. Bu səbəbdən ora belə ad verilib. Zənnimizcə, bu ad əslində Abdulcabbar şəklindədir. Yəni bu, mürəkkəb adın tərkibində işlənən Abdul və Cabbar adlarının (əslində abd əl-Cəbbar) birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Özü də bütün niyyətlərini məcbur etdirə bilənin (Allahın) qulu anlamına gəlir. Allahın məlum 99 adından biri də əl-Cəbbardır.

Qızbənövşə piri – Zərif qoxulu bənövşə əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, rəvayətlər vasitəsilə dildən-dilə düşüb. Məlumdur ki, Azərbaycan əfsanələrində və bayatılarında boynu bükük bənövşə ayrılıqdan, həsrətdən bu şəklə düşüb. Kəndimizdə də bənövşə əbədiləşdirilib. Qızbənövşə Quba şəhər yolunun üstündədir. Deyilənlərə görə, Bənövşə adlı qızın oranı tez-tez ziyarət etməsi və nakam bir məhəbbət yaşaması ilə əlaqədar belə bir toponim formalaşıb. Doğrudur, bəzi coğrafi adların mənşəyinin izahında rəvayətlər müəyyən dərəcədə əhəmiyyətlidir. Amma bu toponimin rəvayətlə əlaqədar təşəkkül tapması bir qədər şübhəlidir. Odur ki, belə qənaətə gəlmək olar: həmin ərazi bənövşə çiçəyinin daha çox bitdiyi məkan olduğuna görə, bu müqəddəs məkana belə bir ad verilib. Deyilənlərə görə, kim Qız Bənövşəni yuxuda görürsə, həmin adamın diləyi yerinə yetir.

 Pir Mahmud (oronim) – Deyilənlərə görə, Mahmud  mömün şəxs olub və orada dəfn olunub. Bu səbəbdən ora belə ad verilib. Qeyd edək ki, Mahmud ərəb sözü olub, dilimizdə təriflənmiş, tərifli, şöhrətli mənalarındadır. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Mahmud Məhəmməd Peyğəmbərin epitetlərindən biridir. Məhəmməd Peyğəmbərin adlarından biri olduğundan müsəlman dünyasında geniş yayılmışdır. Bu ifadənin birinci komponenti keçmiş dövrlə əlaqədar olan ictimai-dini vəzifə, titul-mövqe, obyekt və s. bildirir. Bu aspektdən çıxış etsək, çox güman ki, bu ərazi Mirmahmud adlı şəxsə məxsus olduğundan sonralar Pir Mahmud adlandırılıb. Yəni oykonim müqəddəs mənası verən pir və Mahmud (şəxs adı) sözlərindən düzəlib Mahmudun piri deməkdir.

Sona piri – Maarif Əmkişiyevin sözlərinə görə, mərhum Sadıq Qubatovun anası mərhumə Sona nənə yuxuda bir nurani görür. Həmin nurani şəxs müqəddəs yer sayılan ərazini dəqiqliklə Sona nənəyə bildirir. Bundan sonra həmin yer Sona piri adlanır. Bu mənada həmin ərazinin adı Sona adlı şəxsin adından və müqəddəs ocaq anlamını verən pir komponentlərindən əmələ gəlib. Həmin yer şimi tərəfdən – Quba yolunun üstündədir.

Orucun qələmluğu – Qələm peyvənd üçün qələm kimi kəsilmiş (ağaca calanacaq budaq parçası) nazik şiv mənasını verir. Yəni burada şiv yetişdirildiyi üçün belə ad verilib. Daha doğrusu, bu toponim Oruc və qələm sözlərindən və -lıq (bizim kənddə bu şəkilçi luq kimi tələffüz olunur) şəkilçisi əsasında əmələ gəlib.  Yeri gəlmişkən qeyd edək ki, kəndimizdə Poladov Orucun adı ilə bağlı Orucun bağları ilə yanaşı, digər ərazilər də vardır: məsələn, Orucun armudluğu (əsasən armud ağaclarından ibarət olduğuna görə belə adlandırılıb), Orucun çöplüyü (çox güman ki, çoxlu çöp, yəni alaq qırıntısı olan yer anlamındadır)

Mirabın armudluğu – Bu armudluq sovet dönəmində kənd təsərrüfatı elmləri doktoru Əhmədov Mirab Şahpələng oğlunun rəhbərliyi altında salınıb və onun adı ilə yaddaşlara həkk olunub. Təzə pir istiqamətində isə Mirabın qələmluğu adlandırılan ərazi də vardır.

Təmrəzlər – bəzi mənbələrə görə, bu oronim Təmrəz şəxs adından və -lar cəm şəkilçindən düzəlib. Əmirsultan Novruzovun verdiyi məlumata görə, bu şəxsin əsli  Qaryağdandır. Qeyd edək ki, Təmrəz sözü Təhmiraz, Təhmuraz, Təhmiras sözərinin dilimizdə təhrif edilmiş formasıdır.  Təhmiraz  fars sözü olub bədəncə çox güclü, qüvvətli mənasındadır. Deyilənlərə görə, onun şəcərəsi Ramazangilin (Ələsgərov-Q.M.) nəsillərinə gedib çıxır. Yeri gəlmişkən qeyd edək ki, “Quba əyalətinin kameral təsviri” kitabında bu şəxsin adı Dostu Təhmərəz oğlu kimi qeyd olunub. Digər ad isə Məhəmməd Təhmiras kimi göstərilib.

Salman Salmanovun bildirdiyinə görə,Təmrəzlər bir neçə, bəzi mənbələrə görə, 5 bağdan (Allahverdinin, Əhmədin, Vəlinin…) ibarət olub. Həmin bağlar bir-birindən arakəsmlərlə ayrılıb. Elə Təmrəzlər sözünün etimologiyasını da burada axtarmaq lazımdır. Bu mənada bizim versiyamız belədir: Ərəb dilində mərzarası yer anlamını verən məzrə tarla, bağ bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd deməkdir. Çünki həmin yerin coğrafi mövqeyi də bu mənaya uyğundur. Bu mənada cəsarətlə demək olar ki, Təmrəzlər sözü sərhəd, ara barısı, yaxud da mərzarası yol mənalarını özündə ehtiva edən mərz(lər) sözü əsasında formalaşıb. Şübhəsiz, bu ifadənin qarşısındakı təm sözü bütov, lazımi ölçüdə, normada olan mənalarını verən tamdır. Həmin ifadə müəyyən fonetik dəyişikliklərə uğrayaraq Təmrəzlər formasına düşüb. Bir daha xatırladaq ki, -lar,-lər şəkilçiləri əşya məzmunu bildirən sözlərin sonuna artırılıb, qeyri-müəyyən kəmiyyət ifadə etməklə yanaşı, söz yaradıcılığı prosesində iştirak edib yeni sözlər də düzəldə bilir. Bu məqamda şəkilçi qeyri-məhsuldar və leksik səciyyə daşıyır. Məsələn, Ağalar, Bəylər, Şahlar, Xanlar. Çox güman ki, bu oronim məzrə sözündəndir. Həmin yerin coğrafi mövqeyi də bu mənaya uyğundur. Buradan belə nəticəyə gəlmək mümkündür ki, müəyyən bir obyektin necə adlanması çox vaxt onun toponomik vəziyyətindən asılı olur. Yeri gəlmişkən qeyd edək ki, ta fars sözü olub ədəd, dənə deməkdir.

Usta əkin – Bu ifadəni Usta adlı şəxslə əlaqələndirmək olar. Amma dilimizdə usta sözü həm də bir sənəti əsaslı surətdə öyrənib onunla məşğul olan şəxs anlamını da verir. Bu mənada həmin oronim əkinçiliyin sirlərinə daha yaxşı bələd olan şəxsin əkini anlamındadır. Kəndimizdə Daşdəmir (şəxs adı) və əkin komponentlərindən əmələ gələn Daşdəmir əkini adlı ərazi də mövcuddur.

Xarman arxı – Sovet dönəmində çəkilmiş bu arxı (tarlaya, bostana və s.-yə axıtmaq üçün açılan yol, su obyekti) su Gərəyin alt hissəsindən gələrdi. 22 km uzunluğunda olan həmin arxdan sovxoz bağlarını suvarmaq üçün istifadə olunardı.Hazırda həmin arxdan əsər-əlamət qalmayıb.

Xandaqlar – xəndək torpaqda uzununa qazılmış dərin çuxur mənasındadır. Ərəbcə “çala” deməkdir (əsli: xəndəq), səngər rolunu oynayan qazılmış yerə deyiblər. Yeri gəlmişkən qeyd edək ki, bir zamanlar kəndlər arasında sərhədi müəyyənləşdirmək məqsədilə xandaqlar qazardılar. Çox güman ki, həmin məkana belə bir ad onun coğrafi relyefi əsasında verilib.

Tarbəyin kollugukolluq, kollardan ibarət sahə deməkdir. Görünür, Tarbəyə məxsus olan bu ərazi kolu çox olan yer olduğuna görə  bu məkana belə ad verilib.

Urus yeriçox güman ki, bu oronimin yaranması vaxtilə kəndimizdə yaşamış bir rusla bağlıdır. Görünür, əhali ora məxsus yerə həmin şəxsin adını deyil,  mənsub olduğu xalqın adının verib. Bildiyiniz kimi, rus sözü canlı danışıq dilimizdə urus kimi ifadə olunur, yəni bu ifadə onun danışıqda işlənən formasıdır.

Tütünlük (fitotononim) Tütün əkilən yer anlamındadır. Bu ifadə tütün və yer mənası əmələ gətirən – lük  əkilən şəkilçi əsasında formalaşıb. Deyilənlərə görə, bu ərazi Quru çayın sahilindədir.

Qovaqlıq – Aşağabaşda, Digah kəndinə yaxın tərəfdədir. Baladarın üstündəki təpəlikdə yerləşən bu məkanda çoxlu qovaq ağacları vardı. Elə bu səbəbdən belə ad verilib. İndi də ora kiçik qovaq ağacları ilə doludur. Kəndimizdə qızılağacla bağlı Qızılağaclıq adlı məkan da vardır ki, o, Quru çayın iç tərəfindədir.

Armudluq – sırf armud ağaclarından ibarət bağ olduğuna görə belə adlandırılıb. Ümumiyyətlə, kəndimizdə şəxs adları ilə bağlı çoxlu yer adları da var: Hacı Əbgürrəhimin bağı, Bəybala bəyin bağı, Talıb bağı, Babayın bağı, Elçibəyin bağı, Şirinbalanın bağı, Xalının bağı, Orucun bağları, Əmbalanın bağı, Qurbanın bağı, Rəsulun bağı, Buludun bağı, Babayın bağı, Qədirin bağı, Səlimin bağı, Tacının bağı, Babayın bağı (ora Hacəkbərin yeri də deyilir), Səfərin bağı, Muradın bağı, İbriyimin bağı, Orucun bağı, Mirabın bağı, Səbrullanın bağı, Qədirin bağı, Səlimin bağı.  Müstəqillik illərində həmin ərazilər kənd sakinləri arasında bölüşdürülib və onların adları ilə adlandırılmağa başlanılıb.

Camadın parçası  – parça dilimizdə parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi anlamındadır. Bu mənada həmin  toponim Cəmaləddin adının təhrif olunmuş formasından, yəni Camad (şəxs adı) və parça komponentlərindən əmələ gəlib bağın Camada aid hissəsi deməkdir. Burada parça bölük, hissə anlamındadır.Yeri gəlmişkən qeyd edən ki, Camad Molla Seyfəddinin qardaşı olub.

Vələmməd daşlığı – daşlı bir yamacdır. Xalının bağının yanındadır.  Ümumiyyətlə, oronimiyada daş termini daş və qaya mənalarındadır. Bu söz həm də xırda, cınqıl, qumdaşı mənasında da işlədilir. Konkret daşlıq sözünə gəldikdə isə, bu ifadə dilimizdə  daş çox olan, daşla örtülü yer anlamındadır. Bu aspektdən çıxış etsək, Vələmməd daşlığı Vələmməd adlı şəxs adından və daşlıq komponentlərindən əmələ gəlib.

Kadı mərci (Kadının mərci) – Vələmməd daşlığının yuxarısındadır. Deyilənlərə görə, həmin ərazi bir zamanlar Qədir (onun Vəlibəylilərə aidiyyatı yoxdur) adlı bir şəxsə məxsus olub. Bu mənada Kadının mərci oykonimi Kadı (Qadir/Qədir) şəxs adından və dialektlərdə işlənən mərc, yəni biçənək, otlaq komponentlərindən düzəlib.

Dik qəleyçalan – Quba yolunun üstündədir. Kəndimizin bəzi yaşlı adamlarının dediklərinə görə, bir zamanlar həmin ərazidə qablara qalay (tezəriyən, yumşaq, gümüşü ağ metal, mis qab-qacağın üzünə çəkilən incə qalay təbəqəsi) vurublar. Yəni bu ifadə qalayçılarla bağlıdır. Calan sözünə gəldikdə isə… Şivəmizdə çalğçılara çalanlar da deyilir. Yəni çalançılar çalğıçı anlamını verir. Yeri gəlmişkən qeyd edən ki, dilimizdə qılınc vuran, qılınc çalan, çırtmıq vuran, çırtmıq çalan ifadələri də vardır. Bu mənada bu oykonim sərt yoxuş anlamını verən dik və qəleyçalan (vuran) komponentlərindən əmələ gəlib və qəley vurulan dik anlamındadır. Bu oronimin əvvəlindəki dik sözünü nəzərə almasaq, onun qəley və türk dillərindəki çal (təpə, dik) və yer anlamını verən -an şəkilçisindən əmələ gəldiyini də iddia etmək olar.

Kəndimizin sakini Hacı Salman Salmanovun sözlərinə görə, bu toponimin qəleyçiliklə heç bir əlaqəsi yoxdur. Belə ki, Dik Qəleyçalan indiki Dağlı kəndinin ərazindədir. Həmin ərazi ötən əsrin 80-ci illərinin əvvəlinə kimi bizim kəndə məxsus olub. O ifadənin yaranmasına gəldikdə isə… Onun əmələ gəlməsini 1747-ci ildə Hüseynəli xan tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş Quba qalasında (Qəleyi-Quba) axtarmaq lazımdır. Yəni həmin toponim qələ, kiçiltmə mənasını verən -ça və məkan mənasını verən -lan (isimdən fel düzəldən şəkilçi) komponentlərindən düzəlib. Zaman keçdikcə bu ifadə dilimizdə qəleyçalan kimi formalaşıb. “y” isə bu ifadədə bitişdrici samit rolunda çıxış edir.  Bir sözlə, həmin yer Quba qalasının yaxınlığındakı dikdə yerləşdiyi üçün belə adlandırılıb. Şübhəsiz, bu sözdəki qala yaşayış məskəni mənasındadır. Qəleyçalanı, həm də qələyə calanan yer anlamında da başa düşmək olar. Yeri gəlmişkən həmin ərazinin yanında Əyri qəleyçalan adlı məkan da var. Qeyd edək ki, əyri dilimizdə düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən anlamındadır. Bu mənada toponimdəki qəleyçalan sözü isə həmin məkanın əyri yerdə salınması əsasında formalaşıb.

Alpan döyüşünün baş verdiyi yer – tarix elmləri doktoru, professor Tofiq Mustafazadə rus tarixçisi Pyotr Qriqoryeviç Butkovun 1869-cu ildə yazdığı materiallara iistinadən “Quba xanlığı” (Bakı, Elm – 2005) kitabında yazır: “Sentyabrın sonunda (1796-cı il-Q.M.) Qazıqumuq xanı və Şeyxəli xanın 13-15 min nəfərlik qoşunu Quba xanlığının şimal hissəsinə daxil oldu. Dəstələr Alpan kəndinə yaxınlaşdılar”. Göründüyü kimi, burada döyüşün getdiyi dəqiq məkan, yəni Alpan kəndinin hansı hissəsində baş verməsi qeyd olunmayıb, sadəcə, Alpan kəndinin yanında ifadəsi yer alıb. Tarixçi Şərafəddin Dadaşovun fikrincə, həmin döyüş Qılınc pirinin yaxınlığında baş verib.

Aşağı qəbiristanlıq – kəndimizin Aşağabaş tərəfindədir. Elə bura da bu ad onun çoğrafi mövqeyi ilə əlaqədar verilib. Yəni oronim kəndin aşağı hissəsində yerləşən qəbiristanlıq anlamındadır. Tarixçilərin fikrincə, buradakı qəbirlər XVII əsrə aiddir.

Yuxarı məktəb – Hazırda ibtidai siniflərin təhsil aldıqları məktəb nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, bir zamanlar kəndimizin mərkəzindəki məktəb binasından Qayıbovlar təsərrüfat məqsədləri üçün istifadə ediblər. Sonradan həmin tikinti məktəb binası kimi fəaliyyət göstərib. 1971-ci ildə Alpan kənd məktəbinə rəhbərlik edən Ələkbər Qubatov tərəfindən əsaslı təmir olunub.

Aşağı məktəb – Bu məktəb 1969-cu ildə istifadəyə verilib. 2002-ci ildən Alpan kənd orta məktəbi Qarabağ müharibəsində kəndimizin ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyır.

 

Aqil bulağı – Bu bulaq  Alpan kəndindən olan şəhid kapitan Aqil Məlikovun adına tikilib.  Bulağın açılış mərasimi 28 may 2021-ci ildə keçirilib. 44 günlük Vətən müharibəsində 34 yaşlı zabit düşmən üzərinə atılan ilk döyüş qruplarında yer alıb. Füzuli rayonunun dörd kəndinin azad olunmasında iştirak edib. Qaraxanbəyli kəndində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Aqil Aprel döyüşlərinin də iştirakçısı olub. Xidməti ərzində bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Kapitan Məlikov Aqil Niyaz oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İğıdliyə görə” medalları ilə təltif olunub.

Mehdi bulağı – Bu bulaq Vətən müharibəsində şəhid olan Murtuzov Mehdi Muxtar oğlunun xatirəsinə inşa edilib.   23 yaşlı Mehdi Murtuzov Vətən Müharibəsi başlayan zaman müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olub. İlk gündən savaşa qatılan gənc qəhrəman Murovdağ zirvəsinin azad olunması uğrunda gedən qızğın döyüşdə snayper gülləsinə tuş gələrək şəhadətə yüksəlib. 44 günlük zəfər yürüşümüzdə göstərdiyi şücaətinə görə Murtuzov Mehdi Muxtar oğlu (ölümündən sonra) “İgidliyə görə” və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medaları il təltif olunub. Mehdi bulağı 2021-ci ilin …ayında istifadəyə verilib.

Orxan bulağı – 18 sentyabr 2021-ci ildə istifadəyə verilib. Balayev Orxan Vidadi oğlu 2018-ci ildə hərbi xidməti bitirdikdən sonra 3 aylıq gizirlik kursu keçərək Yevlax-Aran korpusundakı “N” saylı hərbi hissədə həmlə qrupunda xidmətini davam etdirib. Vətən müharibəsi başlayan gün, 27 sentyabr 2020-ci ildə ağır döyüş əməliyyatlarında iştirak edib. Döyüş zamanı qəhrəmanlıq göstərən Orxan düşmənin bir neçə tankının hərbi qənimət kimi ələ keçirilməsində igidlik göstərib. Onun sonuncu döyüşü Suqovuşan uğrunda gedən ağır əməliyyatlar olub. …Sonuncu dəfə 6 oktyabrda ailəsi ilə danışan Orxandan bir daha xəbər çıxmayıb. Əvvəlcə onun şəhid olması barədə ailəsinə məlumat verilib. Sonra onun itkin düşməsi haqqında xəbər yayılıb.  Amma 55 gündən sonra Orxanın şəhid olması xəbəri ailəsinə çatdırılıb. 30 noyabr 2020-ci ildə Orxan Alpanda Subaba qəbiristanlığında dəfn edilib. Orxan Balayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  medallları ilə təltif olunub.

Alpan şəhərgahı – Zabit Babayevin tədqiqatlarına görə, Ptolemeyin (eramızın II əsri) bizə gəlib çatmış xəritəsində Albaniyanın 29 şəhər və kəndinin adı qeyd edilmişdir. Bunlardan biri də Ptolemeyin xəritəsində Alban kimi əks olunmuş Albana şəhəridir və tarixçilərin fikrinə görə bu şəhər Quba rayonunun Alpan kəndi ərazisində olmuşdur. Bu ərazinin Təzəpirdən Ceyran təpəyə qədər olması istisna edilmir. Ehtimal olunur ki, bu şəhər köçərilərin – hunların V-VI əsrlərdə ölkəmizin ərazisinə axınına, daha doğrusu, Qəbələyə hücumuna qədər mövcud olmuşdur. Digər məlumatlara görə bu şəhər islam dininin buralarda yayılmağa başladığı ilk dövrlərdə (VII-VIII əsrlər) şəhərdaxili müharibə nəticəsində dağılmışdır. Dağılmış Albananın xarabalıqlarından müasir dövrdə yerli əhali uzun illər ərzində saxsı qırıntıları yığmaqla, həmin qırıntılardan təndir salınmasında istifaə edirdilər. Şübhəsiz, ərazidə bu qədər saxsı qırıntısının olması yaşayış məskəninin əzəmətindən bir daha xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, e.ə. i minilliyinə aid edilən bu toponim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

AylamaDümdüz olmayan; birbaşa, düz xətlə getməyən, o yana-bu yana burulan, əyri-üyrü, dolanbac mənasındadır. Yəni aylam dairə, dövrə, halqa mənalarını ifadə edir. Yeri gəlmişkən qeyd edək ki, dilimizdə aylanma sözü vardır ki, bu da dolamaq, hərlənmək, fırlanmaq mənalarını verir. Bizim danışığımızda isə bu söz aylama kimi işlədilir.

Sincan, Sincanüstü – Çaykənarı tövlələrdən aşağıda – Bəybala bəyin bağı istiqamətindəki  daşlı-torpaqlı ərazidir. Orada dəyirman olduğu da deyilir. Bəzi mənbələrə görə, Sincan türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, düşərgə yeri mənasındadır. (Yeri gəlmişkən qeyd edək ki, bəlkə də həmin məkanın adı Gəngan olub.  Bu söz döyüş meydanı, vuruş yeri mənalarında da işlənir).

Tofiq Qubatovun sözlərinə görə, bir zamanlar Qusardan kənd sakinlərinə məhsul yığımında kömək etmək məqsədilə gələn rus əsgərləri burada istirahət edərlərmiş. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ xanı Mehdiqulu xanın (1806-1822) saldırdığı Xankəndidə 1847-ci ildə çar hökuməti Sunca polkunu (polkun adı Rusiyadakı Terek çayının sağ qolu olan Sunca çayının adından yaranmışdır) yerləşdirilib. Çox güman ki, Qusarda da həmin polkun hissələri olub.

Bu oronimi su daşqınlarından cana doymuş, başqa sözlə desək, xilas edilmiş yer kimi də izah etmək olar. Bu mənada “Sincan” sözü “qazanılmış torpaqlar” mənasını verir. Bu ifadənin sinəcan şəklində yarandığını da güman etmək olar. Türk dillərində sinə sözü yamac anlamındadır. Bu aspektdən çıxış etsək, Sinəcanın yamac və məsafə anlamını verən -can qoşması əsasında formalaşdığını da iddia etmək olar.  Yeri gəlmişkən, can dilimizdə ərazi anlamını da verir. Sinnican olduğu zənn edilsə, onda qeyd etmək olar ki, sinni ərəb sözü olub yüksək, uca hündür mənasını kəsb edir. Xatırladaq ki, sincan eyni zamanda qambatı adlanan çoxillik ot və kol bitkisinin adıdır.

Rüstəmin qozluğu – kəndin yuxarı hissəsindədir. Demək olar ki, Uzunmeşə ilə üzbəüzdür. Bir zamanlarlar rayon meşəçilik təsürrüfatında çalışan meşəbəyi Rüstəm Salmanovun adı ilə bağlıdır. Belə ki, sovet dönəmində, daha doğrusu, 1969-71-ci illərdə Meşə idarəsi tərəfindən Alpan meşəçiliyinin 9 saylı dolayısında salınan bu qozluq onun rəhbərliyi altında ərsəyə gəlib. Əvvəllər bir hektar olan bu ərazinin sahəsi sonradan 3 hektara çatdırılıb.

Punt – Quruçayın sahilinə yaxın yerdə olub. Bura ötən əsrin 30-cu illərində inşa edilib. Sovet dönəmində isə əsasən meyvə qəbulu məntəqəsi kimi istifadə olunub. (Sonradan orada böyürtkən də qəbul edərdilər). Şübhəsiz, bu oronimdəki punt (punt punki sözünün təhrif olunmuş formasıdır) məntəqə anlamındadır. Deyilənlərə görə, punta qədər həmin ərazidə pilirama olub. Nikolay adlı bir rus işlədərmiş. Sonradan, daha doğrusu, 1930-cu ildə onun ətrafında almadan, armuddan qax hazırlayan sex, məntəqə  təşkil olunub.

Qaraj yeri – Burada əsasən sovxoza məxsus texnika saxlanılar və onlara texniki xidmət göstərilər, təmir olunardı. Qaraj ötən əsrin 60-ci illərində, Bədrəddin Talıbovun sovxoza rəhbərlik etdiyi illərdə  salınıb. Deyilənlərə görə, qarajın ərazisinin hasara alınmasında Nəbi Həsənov bir usta kimi çalışıb.

Kənd xəstəxanası – Bu ərazi bir zamanlar Elçibəy kişinin babası Nəzir kişiyə məxsus olub. Orada xəstəxana müharibədən sonra inşa olunub. İlk baş həkim kimi də xəstəxanada əslən Lənkəran zonasından olan Şəfiyev soyadlı şəxs fəaliyyət göstərib.

Klub yeri -Sovet dönəmində kəndin mərkəzində yerləşən klubun ərazisi  Ağasi bəyə (O, məktəbdə təsərrüfat işlərinə cavabdeh olan Cəlil kişinin arvadının nəslindəndir) məxsus olub.

Dəmirçi – Dəmirçi Xarmannar məhəlləsində, fermanın ərazisində (hazırda orada Oqtay müəlliminn evi var) yerləşirdi. Bir zamanlar orada Bəcan kişi dəmirçi kimi çalışardı. Ora dəmirçixana kimi fəaliyyətini başa vurandan, daha doğrusu, kənd qarajının ərazisinə köçürüləndən sonra bir müddət istismar olunmadı. Sonradan, yəni ötən əsrin 60-cı illərinin sonlarında sovxoz oradan pendir emalı sexi kimi istifadə etməyə başladı. Başqa kənddən gəlmiş Mərgəli (soyadı Məlikov – Q. M.) adlı şəxs orada öz həyat yoldaşı Salatın xanımla birgə pendir hazırlayardı.

Əlusultan bəyin mülki – Alpan bəylərindən olmuş Əlisultan bəy Qayıbova məxsus olmuş bu mülk kəndin mərkəzindədir. Bir zamanlar bəyin divanxanası kimi istifadə olunan bu binanın  birinci mərtəbəsində sovet dönəmində mağaza fəaliyyət göstərərdi. İkinci mərtəbədə isə kənd soveti və 1959-cu ildə təşkil olunmuş kitabxana yerləşirdi.

Köhnə Quba yolu –  Ötən əsrin 30-cu illərində Əhməd dərə tərəfdən Digah istiqamətinə çəkilmiş yoldur. Oykonim Quba və yol komponentlərindən düzəlib, Qubaya gedən yol mənasındadır. Vaxtilə çəkilmiş həmin yol indi də qalıb. Ötən əsrin 60-cı illəlrində Quba-Qusar yolu hazır olandan sonra isə Uzun yol istiqamətində kəndimizə  yeni yol çəkilib.

Ayılıq  – bu oykonim ayı (heyvan adı) və -lıq şəkilçindən əmələ gəlib. Bu da ayının çox olduğu yer anlamındadır. Türk dillərində ayı sözünün “çoxlu”, “zəydaşı” mənalarına da rast gəlinir. Bu mənada oronomi çoxlu “çınqıl olan dağ” kimi də izah etmək olar.

Dar-uzun bağ  – Vaxtilə Bəybala bəyə məxsus olan bu məkan kənd çayının üstündədir. Həmin ərazi dar, lakin uzun olduğuna görə ora belə adlandırılıb.

Dardoqqaz – Qələcuq istiqamətindəki meşəyə girişdəki yoldur. Bu yol olduqca dardır. Bu aspektdən çıxış etsək, bu toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən əmələ gəlib və “dar kecid” deməkdir.

Yel suyu dərəsi – Qələcuq deyilən yerin arxa hissəsində yerləşir. Deyilənlərə görə, vaxtilə oradan Albana şəhərinə su çəkilib. Bu su həm də müalicəvidir. Belə ki, ondan yel xəstəliyinin müalicəsində istifadə olunur.  Qeyd edək ki, revmatizm xəstəliyi xalq arasında yel  kimi tanınır.  Toponimə gəldikdə isə o, Yel suyu və dərə (çuxur) komponentlərini özündə ehtiva edir.

Bədirxan bulağı – Bu su mənbəyi Uzunmeşənin qarşısındakı qayanın ortasından çıxır. Bu oykonim mürəkkəb adların tərkibində işlənən  arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adı və yerin altından çıxan sərin, soyuq su mənbəyi mənasını verən bulaq komponentlərindən yaranıb. Cox güman ki, bulaq vaxtilə Bədirxan adlı şəxsin mülkünün və yaxud ərazisinin yaxınlığında yerləşməsinə görə Bədirxan bulağı adlandırılıb. Yeri gəlmişkən qeyd edək ki, Subaba qəbiristanlığındakı qəbirlərin birinin başdaşında belə bir yazı da var: 1807-ci ildə rəhmətə getmiş Bədirxanın qızı Tubu xanım.“Long forest” istirahət mərkəzi də elə həmin məkanda fəaliyyət göstərir.

Aydəmir quramati – Ehtimal etmək olar ki, bu qədim türk dillərindəki qurat (cəmlənmək, yığılmaq, ayrıca yerləşmək) sözü ilə bağlıdır. Quramit, həm də bir il əkilməyib, ikinci il əkilmiş yer anlamındadır. O həm də əkilməmiş, quru, susuz sahə  mənalarını da verir.  Bu mənada həmin bu toponim Aydəmir adlı şəxsin və qurat komponentlərindən əmələ gəlib. Quramit adlı yabanı bitki də var.

Qirim əkini – qır bir sıra türk dillərində yüksəklik, təpəli yer, dağ yamacı deməkdir. Həmin yerin coğrafi mövqeyi, yəni təpəli sahədə yerləşməsi bu izahı təsdiq edir. Yəni bu ifadə dağ yamacındakı əkin anlamındadır.

Yanan Uşkola yeri – Puntin yuxarı hissəsində, daha doğrusu, Molla Bədəlin evinin üst tərəfindəki Niftullagilin evləri olan ərazidir. Həmin məktəb yanğına məruz qaldığına görə, bu məkan bu adla tanınır. Kənan Qayıbov müsahibələrinin birində belə demişdir: “Kənddə atamgilin (Zaman Qayıbov-Q.M.) evi var idi. Seyid daşından Quruçay istiqamətində gedəndə yolun sol tərəfindəki təpəlik tərəfdə – Şələçilər məhəlləsində iki otaqdan ibarət ev vardı. Hansı ki, həmin evin bir otağından bir vaxtlar məktəb sinifi kimi istifadə olunardı. İndi bilmirəm, amma oraya bir vaxtlar elə bu səbəbdən “Uşkullu” yer deyərdilər. Nə isə, atam ora gələndə görür ki, həmin ev yandırılıb. Nə qədər qəribə olsa da kimin yandırdığı da məlum olmadı”.

Hazırladı: Qvami Məhəbbətoğlu (Rəsulov)