Alpanda Diyarşünaslıq muzeyi olacaq

156

 

Alpan kəndində Diyarşünaslıq muzeyi təşkil olunacaq. Bu barədə “Alpan etüdləri” kitabının müzakirəsinə həsr olunmuş tədbirdə “İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa yardım İctimai Birliyinin, həmçinin UNESCO-nun nəzdində fəaliyyət göstərən “Günəşin axtarışında” beynəlxalq ictimai qrupun üzvü Əşrəf Eldar oğlu Əhmədov məlumat verib. Kəndimizin ziyalılarının – Zabit Babayev, Rahib Sədullayev, Neman Qədirbəyli, Maarif Əmkişiyev, Fərhad Babayev, Kamil Qədirov, Rafiq Balayevin iştirakı ilə keçirilən tədbirdə Əşrəf Əhmədov bildirib ki, son illər mədəni irsimizin məhv edilməsi hallarına rast gəlinir: “Belə vəziyyətlə təkcə Alpan kəndində deyil, respublikamızın digər məkanlarında da rastlaşmaq mümkündür. Biz isə  bu məsələ ilə bağlı məmur və dövlət qurumlarına müraciət etməklə özümüzə təsəlli veririk. Bəri başdan deyim ki,  bu kimi məsələlərlə əlaqədar müraciət etmək, hər hansı bir məmur ilə görüş keçirmək çıxış yolu deyildir.”

O daha sonra deyib: “Alpanın mövcud tarixi abidələrinə nəzər saldıqda aydın görünür ki, yaşadığımız kənd əsrlər öncənin yaşayış məskəni olub. Bu kənddəki mövcud abidələrin təhlilini aparanda həm də belə qənaətə gəlmək mümkündür ki, bu məkan eyni zamanda  mədəniyyət mərkəzi olub. Kəndimizdə əldə olunan mədəni irs nümunələri deməyə əsas verir ki, Alpan ətraf kəndlərin də mədəniyyət mərkəzi kimi tanınıb. Çox təəsüüf hissi ilə vurgulamaq istərdim ki, bu gün kəndimizin mədəni irsini tanıtmaq üçün əlimizdə olan eksponatlar bu və ya digər səbəblərdən gündən-günə tükənmək üzrədir. Elə bu səbəbdən  kəndimizdə Tarix-Diyarşünaslıq muzeyinin yaradılmas vacibdir. Artıq müzeyin təşkili üçün lazım olan zəruri sənədləşmə işlərinə başlanılıb. Onu da deyim ki, muzeyin  dövlət hesabına deyil, yerli kənd icması hesabına təşkil edilməsi nəzərdə tutulub. Zənnimcə, yaradılacaq muzey gənc nəsildə mənəvi və milli dəyərlərimizə hörmət, ehtiram hissinin aşılanmaqla yanaşı, kəndimizə gələnlərdə böyük maraq doğuracaq, onlara bu qədim yaşayış məskəninin  tarixi ilə daha yaxından tanış olmaq imkanı da yaradacaq.

Qeyd edək ki, “İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa yardım İctimai Birliyi öz innovativ ideyaları və layihələri ilə fərqlənən bir qurumdur. Məsələn, məktəblərdə “Bayrağa Sədaqət Andı” içilməsi, milli birliyimizi təcəssüm etdirən bayraq təsvirinə oxşar qalstukların hazırlanması bu təşkilatın adı ilə bağlıdır.

Qvami Məhəbbətoğlu