Almanların əksəriyyəti Yunanıstanın avrozonadan çıxmasını istəyir

750
Almaniya vətəndaşlarının əksəriyyəti – 52 faizi Yunanıstanın avrozonadan çıxmasını istəyir.
 Bu münasibət Almaniyanın ZDF telekanalının apardığı rəy sorğusunun martın 13-də dərc edilmiş nəticələrindən bəlli olub. TASS informasiya agentliyinin xəbərinə görə, sorğuda 1,2 min nəfər iştirak edib. Respondentlərin 40 faizi böhran keçirən Yunanıstanın valyuta ittifaqında üzvlüyünün lehinə səs verib, 8 faizi isə cavab verməkdə çətinlik çəkdiyini deyib.

Bununla yanaşı, Baş nazir Aleksis Tsiprasın siyasətinin almanlar tərəfindən getdikcə daha az dəstəklənməsi tendensiyası da müşahidə olunur. Bir ay bundan əvvəl isə vəziyyət tam fərqli idi. O vaxt almanların 52 faizi avrozonanın bütövlüyünü dəstəkləyir, yalnız 41 faizi Afinanın üzvlükdən çıxmasını istəyirdi.

Son zamanlar yunan siyasətçiləri ikinci Dünya müharibəsi zamanı millətçi-sosialistlərin cinayətlərinə görə təzminat ödənilməsi məsələsini daha çox qabardırlar. Belə görünür ki, almanların Yunanıstana münasibətinin dəyişməsinə bu amil də öz təsirini göstərib.

Afina parlamentinin bəzi nümayəndələrinin hesablamalarına görə, Almaniya Federativ Respublikası böhran keçirən Yunanıstana 1938-ci il qiymətləri ilə 7,1 milyard dollar, yəni indiki qiymətlərlə faizsiz 108 milyard avro ödəməlidir.

Berlin isə öz növbəsində 2012-ci ildə İtaliyanın Almaniyaya analoji tələbinin əsassız sayıldığı hüquqi presedentə əsaslanaraq bu tələblərin qanunsuz olduğunu bildirib.