Almaniya Özbəkistanı tərk edib

0
365

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Özbəkistanın Termez şəhərindəki hava limanından istifadəni dayandırıblar.

Bu barədə məlumatı “Azadlıq” radiosunun Özbəkistan xidməti verib. Almaniyalı hərbi təyyarəçilərin Termezi tərk etməsi ilə bağlı xüsusi mərasim də keçirilib. Xatırladaq ki, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 2002-ci ildən başlayaraq, Əfqanıstandakı xidmətlərini həyata keçirmək üçün Özbəkistanın Termez şəhərindəki hərbi hava bazasından istifadə edirdilər. Bununla bağlı Almaniya ilə Özbəkistan arasında müvafiq anlaşma 2002-ci ildə imzalanmışdı. Anlaşmaya əsasən, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 2014-cü ilin oktyabr ayının 31-nə kimi Termezdəki hərbi hava bazasından istifadə etməli idilər. Məsələyə münasibət bildirən Almaniyanın tanınmış “Der Spiegel” nəşrinin yazdığına görə, ötən ilin payızında Almaniya hökuməti müqavilənin vaxtının uzadılması ilə bağlı Özbəkistan hökumətinə müraciət edib. Lakin qarşı tərəf bununla bağlı müraciətə cavab verməyib. “Der Spiegel” nəşrinin araşdırmalarına görə, Almaniya hökuməti Termezdəki hərbi hava bazasından istifadə etmək üçün ilk illərdə Özbəkistana ayda 240 min avro (bir ildə təxminən 2,6 milyon avro) ödəyib. 2005-ci ildən isə başlayaraq, Almaniya hər il Termez hərbi hava bazasından istifadəyə görə qarşı tərəfə ildə 12,4 milyon avro ödəməyə başlayıb. 2011-ci ildə tərəflər arasında əldə edilən razılığa əsasən isə Almaniya Termez hərbi hava bazasından istifadəyə görə Özbəkistana ildə 15,95 milyon avro ödəyirdi. Bu ilin oktyabr ayının 14-də isə “Der Spiegel” nəşri yazmışdı ki, Özbəkistan və Almaniya Termez hərbi hava bazasından istifadə məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, adıçəkilən nəşrin iddiasına görə, Özbəkistan Termez hərbi hava bazasından istifadə üçün Almaniyadan ildə 70 milyon avro tələb edirdi. O vaxt əksər mütəxəssislər Özbəkistanın Termez hərbi hava bazasından istifadəyə görə icarə haqqını qaldırmasının arxasında müəyyən niyyətlərin dayandığını ehtimal kimi ortaya atmışdılar. Hər halda bunu hadisələrin gedişi də bir daha sübut etdi. Özbəkistanın gözlənilmədən Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin üzünə Termez hərbi hava bazasını bağlaması isə təsadüfi deyil. Belə ki, bu ilin avqust ayının 31-də Özbəkistanın müstəqilliyinin 24 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İslam Kərimov: “Özbəkistan bundan sonra hər hansı hərbi bloka qoşulmayacaq və onlarda iştirak etməyəcək. Özbəkistan öz ərazisində xarici hərbi baza yerləşdirməyəcək və xaricə əsgərlərini göndərməyəcək. Beynəlxalq aləmdə hazırda əmələ gələn hərbi, siyasi vəziyyət də bizdən məhz bunu tələb edir”,-demişdi.

Onu da deyək ki, Özbəkistan müstəqilliyini əldə etdiyi ilk günlərdən qapılarını Almaniya sərmayəçilərinin üzünə açmış, onları əlverişli şərtlər daxilində ölkələrinə sərmayə qoymağa dəvət etmişdi. Lakin alman iş adamları Özbəkistana ötən müddət ərzində cəmisi 120 milyon avro sərmayə qoyublar. Təbii ki, bu da Daşkəndi qane edə bilməzdi. Almaniyanın iddiasına görə, Özbəkistanda insan hüquqlarının pozulması davam edir və belə vəziyyətdə bölgəyə sərmayə qoymaq arzuedilən deyil. Üstəlik, Özbəkistana sərmayə qoyan alman iş adamlarının əksəriyyəti Almaniya mətbuatı tərəfindən ciddi şəkildə tənqid edilirdi. Məhz bu tənqidlər də alman iş adamlarını Özbəkistana sərmayə qoymaqdan çəkindirən əsas amillərdən biri hesab edilir. Onu da deyək ki, hazırda Almaniya Mübadilə Xidməti Akademiyasının xətti ilə adıçəkilən ölkədə 1400 nəfər özbək tələbə ali məktəblərdə təhsil alır.

Bütün bunlarla yanaşı, iki ölkə arasındakı münasibətlərin heç də yüksək səviyyədə olduğunu söyləmək olmaz.

Almaniya Hərbi Hava Qüvvələrinin Termezdən çıxarılmasına gəlincə, Daşkənd təxminən 10 il bundan əvvəl də analoji addımlardan birini atmışdı.

Xatırladaq ki, Özbəkistan 2001-ci ildə Xanabad şəhərindəki hərbi bazasından Əfqanıstanda aparılan hərbi əməliyyatlar zamanı ABŞ hərbi təyyarələrinin tranzit məntəqəsi kimi istifadə etməsinə icazə vermişdi. Lakin 2005-ci ildə baş verən Əndican iğtişaşlarından sonra Daşkənd ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Xanabad hərbi hava bazasından istifadə etməsinə icazə vermədi.