Almaniya Orta Asiyada təsir dairəsi uğrunda mübarizəyə qoşulur

405

Rusiya ilə Avropa Birliyi arasında davam edən qarşıdurma Qərbi Moskvaya qarşı nəinki Şərqi Avropada, həm postsovet respublikalarından olan Orta Asiyada (keçmiş Türküstanda) özünə müttəfiqlər axtarmağa məcbur edir. Bu baxımdan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Orta Asiya respublikalarından olan Özbəkistan, Tacikistan və Qırğızıstana səfəri diqqəti cəlb etməkdədir. Təbii ki, Ştaynmayerin Orta Asiyaya səfərləri zamanı məhz Özbəkistan, Tacikistan və Qırğızıstanı seçməsi və belə demək mümkünsə, Türkmənistanla Qazaxıstanı “yadından” çıxarması bir çox suallar ortaya çıxarıb. İş orasındadır ki, adıçəkilən 3 ölkə ilə müqayisədə Qazaxıstan və Türkmənistan regionun ən zəngin neft və qaz ölkəsidir. Buna paralel olaraq, yenə də Ştaynmayerin səfər etdiyi digər 3 ölkə ilə müqayisədə Qazaxıstan ATƏT-in üzvüdür. Hazırda isə Almaniyanın ATƏT-ə sədrlik etdiyini nəzərə alanda Frank-Valter Ştaynmayerin bölgədə quruma yeganə ölkə olan Qazaxıstana səfər etməməsi çoxlu sayda suallar ortaya çıxarıb. Belə güman edilir ki, Ştaynmayerin regiona səfəri çərçivəsində Qazaxıstana getməməsi iki ölkə arasında pərdə arxasında olan siyasi narazılıqlarla əlaqədardır. Belə ki, Özbəkistanla müqayisədə Qazaxıstan Rusiya ilə daha səmimi münasibətlərə malikdir və Qərbin Moskvaya qarşı sanksiyalarına dəfələrlə öz etirazını bildirib. Qazaxıstanın belə bir mövqeyi isə, təbii ki, Avropa Birliyinin ən böyük dövlətlərindən biri olan Almaniyanı qane edə bilməz. Digər tərəfdən də, Qazaxıstanın hazırda Avropa ölkələrindən daha çox Fransa ilə iqtisadi əlaqələrə maraq göstərməsi, fransız iş adamlarının adıçəkilən ölkəyə Çin, Türkiyə və Rusiyadan sonra daha çox sərmayə qoyması Almaniyada birmənalı qarşılanmır. Belə ehtimal edilir ki, məhz buna görə Almaniya bölgədə özünə strateji müttəfiq kimi bölgədə əhalisinin sayına görə ən böyük olan, ərazi baxımdan isə yalnız Qazaxıstandan geri qalan Özbəkistanı seçib. Düzdür, Orta Asiyaya səfəri çərçivəsində Ştaynmayerin Qazaxıstan və Türkmənistana getməməsini Almaniya rəsmiləri fərqli müstəvidə izah ediblər. Belə bir fikir vurğulanıb ki, Ştaynmayerin Qazaxıstana səfər etməməsinə səbəb bu ölkədə keçirilən parlament seçkiləri olub. Guya Ştaynmayerin belə bir vəziyyətdə Qazaxıstana səfər etməsi hakimiyyətə dəstək verməsi kimi dəyərləndirilə bilərdi… Halbuki Qazaxıstanda parlament seçkiləri martın 20-də, Almaniya xarici işlər nazirinin bölgəyə səfərindən 9 gün əvvəl keçirilib. Ştaynmayerin bölgəyə səfərinə kimi də parlament seçkilərində iqtidaryönlü güclərin qalib gəldiyi rəsmi şəkildə elan edilmişdi. Yəni məntiqi baxımdan Almanyanın yüksək səviyyəli dövlət rəsmilərinin Ştaynmayerin regiona səfəri zamanı Qazaxıstana getməməsini parlament seçkiləri ilə izah etmələri absurd təsir bağışlayır. Bununla belə, siyasi müşahidəçilərin bəziləri Ştaynmayerin Qazaxıstana səfər etməməsinin arxasında iki ölkə arasında daha yüksək səviyyəli münasibətlərin olması ilə də izah edirlər. Məsələn, Berlindəki Siyasət və Elm Fondunun (SVVP) Orta Asiya üzrə eksperti Sebastian Şikin ( Sebastian Schiek) sözlərinə görə, regionun ən sabit ölkələrindən biri olan Qazaxıstanla AB arasında sıx əlaqələr mövcuddur. Şik bu çərçivədə də ötən ilin dekabr ayında AB ilə Qazaxıstan arasında tərəfdaşlıq barədə imzalanan anlaşmanın Almaniya tərəfindən də yüksək qiymətləndirildiyini deyib. Bununla belə, Ştaynmayerin alman ekspertin dediyi kimi, Qazaxıstana iki ölkə arasında əlaqələrin yaxşı olması səbəbindən getməməsini iddia etməsi də inandırıcı görünmür. Çünki, adətən, tərəfdaş ölkələr hər fürsətdən istifadə edərək əlaqələri daha da inkişaf etdirməyə cəhd edirlər.

Bu baxımdan Ştaynmayerin Qazaxıstana səfər etməməsinin arxasında iki ölkə arasında pərdə arxasında müəyyən narazılıqların olması kimi dəyərləndirilə bilər.
Almaniya xarici işlər nazirinin bölgəyə səfəri çərçivəsində Türkmənistanı ziyarət etməməsi də müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Belə güman edilir ki, Almaniya Türkmənistanla da əlaqələrin genişləndirilməsinə ehtiyatla yanaşır. Halbuki Avropa Birliyində Türkmənistana Rusiyadan qaz asılılığını zəiflətmək baxımından etibarlı tərəfdaş kimi baxır və bu məsələdə türkmən qazının Qərbə nəqlinə böyük ümidlər bəsləyirlər. Almaniya rəsmiləri Ştaynmayerin Türkmənistana səfər etməməsinin səbəbləri ilə bağlı susmağa üstünlük veriblər. Lakin əksər ekspertlərin fikrincə, Ştaynmayerin Türkmənistana səfər etməməsinin arxasında bu ölkədə insan hüquqlarının pozulması, avtoritar rejimin mövcudluğu dayanır. Belə bir fikir vurğulanır ki, Avropada Türkmənistanın adının insan hüquqlarının pozulması ilə bağlı müxtəlif səviyyələrdə tez-tez hallandırılması Ştaynmayeri Türkmənistana səfər etməkdən çəkindirib. Lakin o da aydındır ki, Almaniyanın özündə insan hüquqlarının pozulması, xüsusilə miqrantlara və digər millətlərdən olanlara qarşı milli, irqi və dini ayrı-seçkiliyin hökm sürməsi daha çoxdur. Üstəlik, Almaniya ilə müqayisədə Türkmənistanda daha tolerant mühit hökm sürür və bu ölkədə irqi, milli, dini ayrı-seçkiliyə rast gəlmək, demək olar, mümkün deyil. Məhz bu baxımdan Ştaynmayerin Türkmənistanı ziyarət etməməsini demokratiya pərdəsi altında Almaniyanın xarici siyasətində özünü göstərən ikili standartlarla izah etmək olar.

Almaniyanın Orta Asiyadakı maraqları
Ştaynmayerin Orta Asiyaya səfəri istər Rusiya, istərsə də xarici ölkələrin mətbuatında Almaniyanın bölgədə təsir dairəsi uğrunda digər ölkələrlə birgə mübarizəyə qoşulması kimi izah edilir. Bununla bağlı qeyd edilir ki, 2007-ci ildə Almaniya Avropa Birliyində qəbul edilən AB-nin Orta Asiya strategiyası planının təşəbbüskarı və müəllifi olub. AB-nin Orta Asiya strategiyasının əsasında isə bölgə ölkələri ilə ikitərəfli əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi dayanır. Bu müstəvidə də Fransa bölgədə daha çevik iqtisadi, siyasi, hərbi-strateji siyasət yeritməkdədir. Almaniya Orta Asiyaya münasibətdə daha ağır, tərəddüdlü siyasət yeritsə də, bölgəyə öz malları üçün bazar kimi baxır. Eyni zamanda Almaniya bölgənin yanacaq-energetika ehtiyatlarının işlənilməsində daha yaxından iştirak etmək niyyətində olduğunu nümayiş etdirməyə başlayıb. Bundan əlavə, Almaniya Çinlə də ticari əlaqələri Orta Asiya ölkələri ilə vasitəsilə genişləndirmək niyyətindədir. ABŞ-la müqayisədə Almaniya Çinə özünün əsas iqtisadi tərəfdaşı kimi baxır. Almaniya Çinlə Avropa arasında yeni nəqliyyat dəhlizi olacaq “Böyük İpək yolu” (One Belt, One Road) layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərir.

Rusiyanı Özbəkistan, Qırğızıstan və
Tacikistandan sıxışdırmaq cəhdləri
Ştaynmayerin bölgəyə səfəri zamanı Özbəkistan, Qırğızıstan və Tacikistana getməyə üstünlük verməsini təsadüfi hesab etmək olmaz. Belə ki, adıçəkilən hər 3 ölkədə Rusiya bu və ya digər dərəcədə hərbi, siyasi və iqtisadi təsirə malikdir. Bu baxımdan Frank-Valter Ştaynmayerin bölgəyə səfərinə Özbəkistandan başlamasının daha çox adıçəkilən ölkədə möhkəmlənmək niyyətləri ilə izah edilir. Sebastian Şikin fikrincə, Almaniya ilə adıçəkilən ölkələr arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi onlara Rusiya ilə münasibətlərdə daha çevik siyasət yeritməyə, Almaniya və AB ilə Rusiya arasında çevik manevrlər etməyə, onlara tam şəkildə Moskvanın təsiri altına düşmək təhlükəsindən özlərini sığortalamağa imkan verə bilər. Bununla bağlı ekspert xatırladıb ki, ötən il ABŞ dövlət katibi Con Kerrinin Orta Asiya respublikalarına səfəri də bu niyyətə xidmət edib. Şikin sözlərinə görə, Ştaynmayerin bölgəyə səfəri region ölkələrinə Rusiya və Qərbə münasibətdə tarazlaşdırıcı siyasət yeritməyə imkan verəcək ki, bu da onlar üçün olduqca vacibdir.

“Taliban” təhlükəsinə qarşı dəstək
Ştaynmayerin bölgəyə səfəri yalnız Rusiyanın regiondakı təsir dairəsinin zəiflədilməsi ilə bağlı deyil, həm də Taliban təhlükəsinə qarşı bölgə dövlətlərinə dəstək verməklə əlaqədardır. Sebastian Şik belə hesab edir ki, hazırda Özbəkistan, Qırğızıstan və Tacikistan üçün “Taliban” təhlükəsi mövcuddur, ancaq Rusiyanın iddia etdiyi kimi də yüksək deyildir. Belə vəziyyətdə Almaniya digər Qərb ölkələri ilə birlikdə “Taliban” təhlükəsinə qarşı region dövlətlərinə hərtərəfli hərbi, hərbi-texniki yardımlar göstərə bilərlər. Qərbin “Taliban” təhlükəsinə qarşı region ölkələrinə hərbi yardım göstərməyə hazır olması isə olduqca vacibdir. Çünki imperiyanı yenidən bərpa etmək niyyətində olan və bu məqsədlə yenidən “Taliban” və digər təhlükələr adı altında işğalçılıq siyasətinə cəhd edən Rusiya ilə müqayisədə Qərb adıçəkilən ölkələrin müstəqilliklərinin qorunub saxlanılmasında maraqlıdır. Beləliklə, Ştaynmayerin Orta Asiyanın 3 ölkəsinə səfəri bölgə ölkələrinin Rusiyanın yenidən imperiyanı keçmiş sərhədləri daxilində bərpaetmə təhlükəsinə qarşı onlarda Qərbdən önəmli dəstək ala biləcəklərinə yeni ümidlər əmələ gətirib. Bu amilin eyni zamanda Qərbə regionda Rusiyanın təsir dairəsini zəiflətməyə imkan verəcəyi ehtimal edilir.

Əziz Mustafa