Almaniya çempion oldu

Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yekun vurulub.  Bir ay öncə start götürən XX mundialın final matçı Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda baş tutub.

İtaliyalı baş hakim Nikolla Ritsollinin idarə etdiyi həlledici görüşdə Almaniya və Argentina yığmaları qarşılaşıblar. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində (114-cü dəqiqədə) isə almanlar hesabı açmağa nail olublar. MarioGötzegözəlqolvurub. Məhz bu qol Bundestimə qızıl medalları qazandırıb.

Qeyd edək ki, bu, Almaniyanın dördüncü dünya çempionluğudu. Avropa təmsilçisi bundan öncə daha üç dəfə – 1954, 1974 və 1990-cı illərdə kuboka sahib çıxıb.

Argentinalılar isə 1978 və 1986-cı illərdə dünya çempionatını birinci yerdə başa vurub.

Görüşdən əvvəl turnirin təntənəli bağlanış mərasimi keçirilib. Azadlıq, həmrəylik, ehtiras və rəngarəngliyi özündə cəmləşdirən mərasim sambo musiqisinin sədaları altında keçirilib və 400-ə yaxın insan rəqs edib.
Sonra mundialın rəsmi himni – “Dar um Jeiro”nu ABŞ gitaristi Karlos Santana, tanınmış hip-hopçu Jan Vayklef və braziliyalı müğənni Aleşandre Pirez ifa etmişlər. Sonda dünya şöhrətli kolumbiyalı müğənni Şakira “Dare” mahnısını oxuyub..