Allahyar Muradov: “Elmə investisiya qoyuluşu ən perspektivli sahə hesab olunur”

483
Günümüzün ən aktual müzakirə mövzularından biri də elmi-tədqiqat institutları ilə iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması ilə bağlıdır. Məlumdur ki, inkişaf etmiş ölkələrdə iş dünyası ilə elmi-tədqiqat institutları arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanda bu istiqamətdə hansı işlərin görüldüyü və gələcəklə bağlı hansı planların olduğu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovla söhbətləşdik.
– Allahyar müəllim, hazırda iş dünyası və elmi-araşdırma müəssisələri – institutlar arasındakı əməkdaşlıq hansı səviyyədədir?– Hazırda elmi müəssisələrlə iş dünyası arasında əlaqələr qənaətbəxş deyil. Amma olması, sosial-iqtisadi inkişafın ən zəruri şərtidir. Milli Elmər Akademiyası da bu istiqamətdə ciddi işlər görmək arzusundadır və bu əməkdaşlığı gücləndirmək üçün cəhd göstərir. Lakin bu çox az hallarda uğurla nəticələnir. Sual çıxa bilər. Niyə? Təbii ki, bunun bir sıra səbəbləri vardır. Onlardan bəzilrini sadalamaq istərdim. Birincisi, Azərbaycan elmi nəyə qadir olduğunu göstərə bilməyib. Təbii ki, göstərməsi üçün maliyyə imkanları olmalı və dövlət dəstəyi bir qədər artırılmalıdır. Xüsusilə tətbiqi elmlərdə yeniliyin meydana gəlməsi və sınaqdan keçirilməsi üçün xüsusi infrastruktur olmalıdır. İnkincisi, əksər hallarda sahibkarlarımız tərəfindən innovativ təşəbbüsün olmaması. Üçüncüsü, elmə qoyulan investisiyanın risklilik səviyyəsinin yüksək olması səbəbindən sahibkarların elmə az maraqlı olması. Sahibkarlar bilməlidir ki, xaricdən texnologiyanın alınması ilə normal halda bazarda uğur qazanmaq çox az hallarda baş verir. Ona görə sahibkarlar daim istehsal etdiyi məhsulun və ya xidmətin elmi əsaslı təkmilləşdirilməsinə çalışmalıdır. Bunun üçün isə elmə müraciət etməlidir. Əgər bu mexanizm işləməzsə onda iş dünyası ilə elm arasında əlaqə effektli olmayacaqdır. Məncə iş dünyası nə istədiyini elmə sifariş verməsi bu əlaqələri gücləndirə bilər. Bunu üçün saibkarları riskdən qoruyan stimullaşdırıcı mexanizm yaradılmalıdır.

– Bu gün elmin maliyyələşməsi necə, qaneedicidirmi?

– Ümumiyyətlə elmin inkişafı ilk növbədə əsaslı maliyyə təminatının olmasını tələb edir. Belə bir təminatın olması üçün isə maliyyələşmə mənbələri müəyyən edilməli, ayrılan vəsaitin iqtisadi, sosial, mədəni, mənəvi, siyasi, tarixi və s. aspektlərdən qiymətləndirilməsi aparılmalıdır. Çünki, elmin maliyyələşməsi mexanizmi yalınız vəsaitin ayrılması ilə tamamlanmır. Bu vəsaitlərdən məqsədyönlü şəkildə istifadə olunması da problemin əhəmyyətli tərəflərindəndir.

Bu yolla gedən ölkələr dünya bazarında yeni-yeni nailiyyətlərə imza atmaqla böyük gəlir əldə edirlər. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə tədqiqatlara çəkilən xərclərin ÜDM-ə nisbəti 2-4% arasında, inkişaf etməkdə olan ölkələrdə 1-2% arasında tərəddüd edir. İqtisadi cəhətdən zəif ölkələrdə isə bu 1%-ə qədərdir. Maraqlıdır ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında olmasına baxmayaraq, elm-tədqiqatlara çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi 0,2% təşkil edir. Bu hətta bir çox zəif inkişaf etmiş ölkələrin göstəricisindən də aşağıdır.

– İnstitutlar tərəfindən aparılan elmi araşdırmalar iş dünyasının, sahibkarların tələblərinə nə səviyyədə cavab verirlər?

– Bu suala birmənalı cavab vermək bir qədər çətindir. Düşünürəm ki, iş dünyasından sifariş gəlməlidir və bu sifarişin hansı səviyyədə yerinə yetirilməsi sualın cavabı ola bilər. Əgər bu gün belə bir sifariş yoxdursa onda bunu demək çətindir. Onu da diqqətinizə çatdırım ki, son illərdə Akademiya institutları tərıfindən 500-dən çox kommersiya təklifi olunmuşdur, lakin bunlardan çox az qismi real tətbiq edilmişdir. Bu da iş dünyasının yeniliklərə, daha doğrusu innovasiya yönümlü tədqiqatlara maraq göstərməməsi ilə əlaqədardır.

– İqtisadiyyat İnstitutu olaraq iş dünyası ilə əməkdaşlığı gücləndirmək üçün nə kimi tədbirlər görürsünüz?

– İqtisadiyyat İnstitutu olaraq iş dünyası ilə əlaqələr qurmaq istərdik. Lakin bu, qeyd etdiyim kimi birtərəfli olmur. İş dünyası da institutla əməkdaşlıq etməyə maraqlı olmalıdır. Biz hazırda institut olaraq dövlət orqanları ilə əlaqələrimizi genişləndiririk. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlıq edirik. Biz institut olaraq iş dünyasına hansı xidmətləri göstərə bilərik? Düşünürəm ki, fəaliyyətin səmərəli təşkili, marketinq xidməti, biznes planların hazırlanması, istehsal bazar əlaqələri ilə bağlı treninqlərin keçirilməsi, ixtisas artırma və s. məsələlərlə bağlı əməkdaşlıq əlaqələri qurmaq olar.

– İnstitutla əməkdaşlıq şirkətlərə, sahibkarlara nə qazandıra bilər?

– Hesab edirəm ki, institutla əməkdaşlıq sahibkarlara düzgün qərarların qəbul edilməsi, səmərəli idarəetmə sisteminin yaradılması, konkret məhsullar üzrə bazarda baş verənlər haqqında elmə əsaslanan informasiyanın əldə edilməsində, strateji idarəetmə planını hazırlanmasına əhəmiyyətli ola bilər. Onu da qeyd edim ki hazırda institutumuzda Azərbaycan Respublikasının davamlı inkişafının təmin edilməsinin sosial-iqtisadi problemləri ilə məşğul olur. Burada iqtisadi nəzəriyyənin müasir problemləri və iqtisadi fikir tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsi, sənayenin inkişafı, investisiya qoyuluşları, xidmət sahələrin inkişafi, insan potensialı, aqrar sahənin inkişafı, sahibkarlıq, xarici iqtisadi əlaqələr, sosial problemlərin həlli və yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, maliyyə və büdcə, innovasiyalı inkişaf və s. istiqamətlər tədqiq edilir.

– Hazırda iş dünyasının daha çox hansı ixtisas sahiblərinə ehtiyacı var?

– Bu gün iş dünyasında müxtəlif sahələr üzrə texnoloqlara, İKT mütəxəssislərinə, mühəndislərə ehtiyac vardır.

– Şirkətlər iş üçün müraciət edənlərin daha çox hansı bacarıqlarına önəm verirlər?

– Bu gün daha çox İKT-dən istifadə, dil bilgisinə və təcrübəyə xüsusi önəm verilir.

– İnstitutlarımız şirkətlərlə əməkdaşlığa can atırlarmı?

– Təbii ki, elmi-araşdırma institutları şirkətlərlə əməkdaşlıq etmək arzusundadır. Lakin bayaq dediyim kimi, arzu etmək azdır, gərək qarşı tərəfin də istəyi olsun. Yaxud istəməsi üçün stimul olsun.

– Azərbaycanda elmin hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?

– Azərbaycan elminin vəziyyətinə gəlincə. Azərbaycan elmi mövcud imkanlar daxilində elmi-tədqiqatlar aparır. Əgər əldə olunan nəticələrin tətbiqi və ya sınaqdan keçirilməsi üçün imkanlar məhduddursa onda elmin nəticəsindən danişmaq bir qədər çətindir. Qeyd etmək lazımdır ki, dünya təcrübəsində elmə investisiya qoyuluşu ən perspektivli sahə hesab olunur. Çünki elmə qoyulan investisiya ilk növbədə rəqabətqabiliyyətli məhsul istehsalına və dünya bazarına elmtutumlu məhsulların çıxarılmasına şərait yaradır. Bu amil elmə investisiya qoyuluşunun tənzimlənməsinin, elmi sferada bazar infrastrukturunun yaradılmasının, elmi təşkilatların ən yeni cihaz və avadanlıqlarla təmin olunmasının, qlobal informasiya və rabitə sisteminin yaradılmasının iqtisadi böhran keçirən ölkə üçün zəruri olduğunu göstərir.

– Azərbaycanda alimlərin orta yaş həddi yüksəkdir? Buna səbəb kimi gənclərin elmə marağının az olması göstərilir. Siz bu barədə nə deyə bilərsiniz?

– Bu əvvəllər belə idi, indi əksinə gənclərin elmə gəlməsi artmışdır. Burada əsas məsələ həmin gənclərin elmdə qalması ilə bağlıdır. Elmdə əmək haqqının aşağı olması istedadlı gənclərin biznes sektoruna getməsinə səbəb olur. Bir çox hallarda isə tədqiqat apardığı problemlə əlaqəli olmayan işlərə gedirlər. Qocalmanın əsas səbəbi budur. Elm sahəsində çalışanların sosial müdafiəsinin zəif olması. Əgər bu problem həll edilərsə onda gənclərin də elmə axını artar.

– Sizə görə yaxşı iş nə deməkdir?

– Bu çox ümumi sualdır. Hər bir işin özünün qiymətləndirmə kriteriyası olur. Elmdə yaxşı işin nə olduğunu soruşursunuzsa burda da elm sahəsindən asılı olaraq kriteriyalar dəyişə bilər. Ümumiyyələ cəmiyyətə, dövlətə, millətə, müəssisəyə maddi və mənəvi səmərə verən iş yaxşı işdir.

 

Allahverdi Cəfərov