Allah xeyir versin

431

Deyirlər, qulaq gündə bir təzə söz eşitməsə, uzanar. Vallah, bu, doğrudan da, belədir. Yəni hər gün eşitdiklərimiz sayəsindədir ki, qulaqlarımız uzunluq həddini aşmır, hələ də yerində sayır, uzanmır. Buna şükür deməliyik. Bu, məncə, hər şeydən əvvəl, insan qulağının sözə olan məhəbbətinin təzahürüdür. Ümumiyyətlə, bu qulaq ki var, digər insan əzaları ilə müqayisədə çox fərqlidir, belə deyək ki, hamı başa düşsün: onun əsla analoqu yoxdur. Məsələn, ürək bəzən belə təzə sözlərdən bulanır, gözlər bərəlir, baş ağrıyır, əl-qol əsir. Amma belə şeylər qulağın əsla vecinə deyil (Bu məsələdə məncə qulağın 3 əsas hissədən – xarici, orta və daxili qulaqdan ibarət olması mühüm rol oynayır). Odur ki, necə deyərlər, buradan alıb, oradan anındaca yola salır.

O gün eşitdim ki, bəs Bakı Olimpiya Stadionunda toy şənlikləri də keçiriləcək (Bəri başdan deyək ki, Allah mübarək eləsin). Bu kimin ağlına gələ bilərdi ki… İnandırım sizi, heç milyonlarla insanın inandığı Vanqa nənənin gələcəklə bağlı proqnozlarında da belə bir məlumat yer almayıb. Görünür, belə bir şey onun ağlına gəlməyib. Gəlsəydi yəqin ki, bununla bağlı nəsə deyərdi.

Yox, mən bu sözlərlə bəziləri kimi həmin məlumatı heç də urvatsız etmək niyyətində deyiləm. Məqsədim bu ideyanı ortaya atan idman aləmimizin bəzi başbilənlərinə “molodes” də yox a… birbaşa “mərhəba” deməkdir. Niyə? Çünki mən bəzi dediklərimlə müqayisədə yaxşı başa düşürəm ki, elimizin toy kim gözəl adəti var. Onun sədası hər yerdən gəlməlidir, o cümlədən Bakı Olimpiya Stadionundan da. Hələ belə bir məkanda indiyədək elimizin adətini yaşatmayanları da başa düşə bilmirəm. Elə bil fil qulağında yatmışdılar. Yenə də qulaq. Nə isə…

Mətləbdən kənar olsa da, bir bir neçə təkliflə çıxış etmək istəyirəm. Mənə elə gəlir ki, bu məkanın – Bakı Olimpiya Stadionunun adında bir balaca düzəliş etmək lazımdır. Məsələn, təxminən belə: Bakı Olimpiya Şadlıq Stadionu. Vallah, kim nə deyir-desin, çox qəşəng də səslənir. Əgər qəbul etsələr, bu qiymətli təklifimi heç nə ummadan onlara ərmağan edərdim. Qoy bu, məndən onlara bir hədiyyə olsun. Digər bir təkilfim ondan ibarətdir ki, Bakı Olimpiya Şadlıq Stadionunda toy keçiriləcək zalların adları üçün arana-dağa düşməyə ehtiyac yoxdur. Elə Premyer Liqada çıxış edən komandaların adlarını versələr, daha əla olar. Məsələn, “Neftçi”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Xəzər-Lənkəran” və sairə…

Məncə, Bakı Olimpiya Stadionunda toyların təşkili, hər şeydən əvvəl, idmanın bir sıra sahələrinin, o cümlədən futbolumuzun inkişafına öz töhfəsini verəcək. Məsələn, futbolçularımız belə məclislərdə oynamaqla öz potensiallarını daha çox göstərə biləcəklər. Heç şübhəsiz ki, “Hop-Stop”, “Papaq”, “Süleymani”, “Qaytağı” rəqs havaları onların fiziki durumlarının formada olmasına həmişə yardımçı olacaq. Məncə, xoreoqraflarımız bu rəqslərə top elementləri də əlavə edəcəklər. Yaxud da yeni rəqslərimiz yaranacaq. Məsələn, “Top” rəqsi, “11 metrlik” rəqsi, “9-luq” rəqsi və sairə… Bakı Olimpiya Şadlıq Stadionunda keçiriləcək toy məclisləri həm də ölkəmizdə camaata toy tutan şadlıq saraylarına da həqiqi mənada toy tuta biləcək, yaxud onları topa tuta biləcək. Bununla da inkişafımız lap elə top kimi olacaq.

Mənə elə gəlir ki, burada keçiriləcək toy şənliklərində ofisiantlar futbol aləmimizin tanınmış simaları olmalıdırlar. Onların arasında legionerlər olsa, lap əntiqə. Şəxsən mən orada keçiriləcək toyları azarkeşsiz təsəvvür edə bilmirəm. Odur ki, deyirəm, giriş haqqı bir-iki manat civarında olsa, kifayət qədər azarkeş toplamaq problem olmaz. Hə, lap az qala unudacaqdım. Tamada məsələsini deyirəm e… Yaxşı olardı ki, həmin toy məclisləri futbol şərhçilərimizə həvalə olunsun.

Vallah, belə olmaz, billah, belə olmaz. Ay kişilər, siz nə edirsiniz? Nə olub sizə? Hərəniz bir tərəfdən düşmüsünüz gül kimi xəbərin üstünə… Mən isə deyirəm: “Allah xeyir versin”.

S. Bu məkanda yas mərasimlərinin keçirilməsi də nəzərdən keçirilsə, pis olmaz.