Alimlərin “hücumu”

619

Bəli, son illər paytaxtda yeni bir adət də formalaşıb. Bu da ondan ibarətdir ki, bizim dövlət məmurları sovet dönəmində inşa edilmiş binaların arasını, həmçinin həyətyanı sahələrini yüz ölçüb, bir biçirlər və həmin ərazilərdə “müasir standartlara” cavab verən bir balaca boşluq, daha doğrusu, boş yer tapan kimi başlayırlar həmin boş yerin sakinlər üçün “zərərli, xatalı, təhlükəli” ərazi olduğunu iddia etməyə. Bu iddianı daha yuxarılar qarşısında isbat etmək də onların əlində su içmək kimi bir şeydir (Hələ bu azmış kimi onlar sakinlərin öz əlləri ilə düzəltdiyi istirahət guşələrinə, ya da uşaqlar üçün nəzərdə tutulmuş meydançalara göz dikirlər. Elə onların “mərhəmət”indən son illər belə meydançaların sayı kəskin şəkildə azalıb). Və arxalandıqları şəxslərin müşayiəti ilə başlayırlar “abadlaşdırma, yenidənqurma” adı altında öz fəaliyyətlərinə… Yəni həmin məkanlarda daha vacib “obyektlər”, məsələn, mağaza, ofis, yaxud da hündürmərtəbəli binalar inşa edirlər. Təbii ki, bəzən sakinlər həmin obyektlərin sahiblərinə qarşı mübarizəyə girişirlər. Amma nə fayda… onlar bir qayda olaraq, mübarizədən məğlub ayrılırlar. Yəni hələ ki bu məsələ üzrə heç bir ərazinin sakinlərinin qələbə çaldıqlarının şahidi olmamışam. Bu məğlubiyyətlərlə bağlı çoxlu misallar da çəkib sizi yormaq istəmirəm. Nədən ki, mənim aləmimdə ilin-günün bu çağında məğlubiyyətlərdən söz açılanda insan çox üzülür. Mən də elə həmin səbəbdən bu yerdə çox “ostanovka” etmirəm və keçirəm əsas mətləbə…
Amma, deyəsən, paytaxtın 8-ci mikrorayonundakı 20, 21, 22 və 26 saylı binaların sakinləri bu məğlubiyyətsizlik tilsimini qırmaqda israrlıdırlar. Şəxsən mən onlara bu mübarizələrində uğurlar diləyirəm və can-dildən deyirəm: “Allah işlərini avand etsin”. Yəqin deyəcəksiniz, balam, səndə bu əminlik nədən qaynaqlanır? Qoy deyim, məndə olan məlumata görə, bu mübarizənin önündə gedənlər həmin binaların adi sakinləri deyillər, bizim adlı-sanlı elm adamlarımızdır – alimlərimizdir (Mötəbər mənbədən aldığım məlumata istinadən qeyd edim ki, onlardan yeddisi professordur). Necə? Onlar da mübarizədən məğlub ayrılacaqlar? Necə, həmin məsələdə bir əmma var ki, bu da alimlərimizə böyük əngəl törədir? Nədir o əmma, qardaşım? De, bilim də, ürəyim partladı ki… Qoy deyim: bəri başdan ərz edim ki, bu binaların ümumi həyətində, başqa sözlə desək, arasında “Murad M.S.” MMC çoxmərtəbəli, daha doğrusu, 17 mərtəbəli yaşayış binası tikməyə başlayıb. Elə o gündən həmin o dediyin alimlərin rəhbərliyi altında sakinlər üz tutublar Bakı Şəhər İcra Hakimiyyətinə… İnsafən, burada onları çox yaxşı qarşılayıblar. Üstəlik, tikintinin dayandırılması barədə göstəriş verilib. Bu yandan da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən ərazidə hər hansı inşaat işlərinin aparılmasının qanunazidd olması barədə qərar çıxarıb. Qardaş, belə canıyananlığa görə onlara quzu kəsərəm, quzu. Necə? Quzu kəsməyə tələsməyim, niyə? Nədən ki, sakinlərə onların göstərişlərinin, çıxardıqları qərarın bir faydası olmayıb. Yəni obyektdə tikinti işləri davam etdirilir. Bu isə sakinləri, o cümlədən alimləri ələ salmaqdan başqa bir şey deyil. Buna görə də sakinlər alimlərin rəhbərliyi altında yenidən “hücuma” keçiblər. Hər “hücum”da da onlara deyirlər ki, bəs orada bina tikilməsi qanunsuzdur. Elə isə sual olunur: bəs bu qanunsuz tikintini aparan şirkətə niyə “dur” deyən yoxdur?
Qardaş, mən alim deyiləm ki, belə suallara cavab verim. Mən onu deyə bilərəm ki, görünür, hansısa səlahiyyət sahibi “dovşana qaç, tazıya tut” deyir. Bir də onu deyə bilərəm ki, görünür, həmin səlahiyyət sahibi də alimdir, yoxsa alimlərlə kim kəllə-kəlləyə gələr ki?