“Alıcılıq qabiliyyətinin zəifləməsi mənzil bazarında ucuzlaşmaya səbəb olub”

0
434

May ayında təkrar yaşayış mənzil bazarında qiymətlər təxminən 3,5% ucuzlaşıb.

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun müşahidələri göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1689 dollar/kv.m-dən 3,5% azalaraq 1630 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1770 manat/kv.m-dən -3,47% azalaraq 1709 manat/kv.m bəndində qərarlaşıb.

“Təkrar yaşayış mənzil bazarında qeyd olunan qiymət azalmasını aprel ayında olduğu kimi may ayında da alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmək olar”, – monitorinq qrupu bildirib. Son aylarda əmlak bazarında baş verən proseslər bazara satış məqsədi ilə təklif olunan mənzillərin sayına da təsirsiz ötüşməmişdir. May ayında bazarın bu seqmenti üzrə təklif həcmi 9,4% azalıb. Aprel ayında ümumi təkliflərin sayı 1726 olduğu halda, bu rəqəm may ayında 1564 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 25% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55,3%-ə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 41,2%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1217 dollar/kv.m-dir.

Ümumi təklif portfelinin 41%-ni 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1735 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17,8% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2348 dollar/kv.m təşkil edib.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 1, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb. 2 və 4 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 11,6%, 13,4%, 9,8% və 42,5%.

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması Xruşşov layihəsində qeydə alınıb (-7.45%). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1630 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,5%-ə malikdir. Mənzillərin orta sahəsi 82 kv.m, orta otaq göstəricisi isə 2,46 təşkil edir. Hər otağın orta satış qiyməti 54 min 509 ABŞ dolları, mənzilin orta qiyməti isə 134 min 92 ABŞ dolları təşkil edib. Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. Nizami küçəsində (Torqovı) yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 min 600 dollar (331,2 min dollar) təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Xırdalan qəsəbəsində yerləşən 78 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb, 685 dollar/kv.m (53,4 min dollar).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here