Alıcılıq qabiliyyəti aşağı düşüb

0
467

Bu günlərdə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov mətbuata verdiyi açıqlamada Bakının daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmağa başladığını söyləyib. Nüsrət İbrahimovun sözlərinə görə, mart ayı ilə müqayisədə apreldə daşınmaz əmlak bazarında qiymətlər 3,88 faiz (manatla) aşağı düşüb: “İlkin və təkrar mənzil bazarlarında mənzillərin orta hesabla qiyməti 8,12 faiz, kommersiya obyektlərində 3,63 faiz”.

N. İbrahimov qeyd edib ki, daşınmaz əmlakın qiyməti 2014-cü ilin IV rübündən azalmağa başlayıb, lakin fevralda manatın devalvasiyasından sonra daşınmaz əmlakın qiymətləri yüksəldi: “Daşınmaz əmlak bazarının sabitləşməsi və yeni şəraitə uyğunlaşması üçün vaxt lazım idi. Bundan başqa, başa düşmək lazımdır ki, Bakının daşınmaz əmlak qiymətləri əhalinin alıcılıq qabiliyyətindən yüksəkdir ki, bu da bazarda fəallığın azalmasına səbəb olur. Aktivliyi qorumaq üçün qiymətlər düşməlidir”.

“Alıcı qüvvəsi kəskin şəkildə azalıb”

Daşınmaz əmlak üzrə ekspert Şamo Mikayılov isə bizimlə söhbətində mövcud vəziyyəti qiymətlərin ucuzlaşmasından çox, alıcı qüvvəsinin azalması kimi dəyərləndirdi: “Açığı, mən deməzdim ki, daşınmaz əmlak bazarında qiymət ucuzlaşıb. Son vaxtlar bu sektorda alıcı qüvvəsi kəskin şəkildə azalıb. Bəlkə də durğunluq müəyyən mənada qiymətlərə təsir edə bilər, ancaq ciddi azalma yoxdur”.

Ş. Mikayılovun dediyinə görə, daşınmaz əmlakın alğı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulması qiymətlərə öz təsirini göstərib – bahalaşıb. Məlumat üçün bildirək ki, daşınmaz əmlakın alışı-satışı zamanı əldə edilən gəlirdən vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulur. 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatdan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir (yəni 5000 manat). Başqa sözlə, 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir və s.

Əgər vətəndaş satdığı evdə qeydiyyatdadırsa və orada 3 il ərzində yaşayıbsa, o zaman əldə olunan gəlir vergidən azaddır. Mənzil sahibi qeydiyyatda olmadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, onu satanda vergi ödəməlidir.

Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin, yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın.

Rusiyada iqtisadi baxımdan vəziyyət pisləşəndən sonra…

Müsahibimizin sözlərinə görə, bu gün Bakıda öz evi olan, orada yaşayan, ancaq həmin mənzildə daimi qeydiyyatda olmayan yüzlərlə şəxs, ailə var. Bundan başqa, bir neçə evi olanlar da çoxdur və onlar dövlətə ödəyəcəkləri verginin məbləğini satış qiymətinə əlavə edirlər. Nəticədə, evlərin qiyməti ən azı 9-10 min manat bahalaşır.

Həmsöhbətimiz Rusiyada iqtisadi vəziyyətin ağırlaşmasının, rublun uzuclaşmasının, dolların bahalaşmasının da daşınmaz əmlak bazarına mənfi təsir göstərdiyini vurğuladı: “Bakıda mənzil alanlar arasında Rusiyada işləyən, orada yaşayan soydaşlarımızın sayı kifayət qədərdir. Amma oradakı son vəziyyətlə əlaqədar olaraq, Bakının daşınmaz əmlak bazarında da alıcıların sayı azalıb”.

Əhali arasında söz-söhbət gəzir ki, Rusiyada iqtisadi baxımdan vəziyyət pisləşəndən sonra bəzi soydaşlarımız oradakı daşınmaz əmlaklarını satıb Bakıda alırlar. Həmsöhbətimiz belə faktların şahidi olmadığını və bu cür məlumatların şayiə hesab etdiyini dedi.

“Fərq mənzilin təmiri və mərtəbəsinə görə dəyişir”

Ş. Mikayılov Bakının mikrorayonlarında layihələrinə uyğun olaraq mənzillərin təxmini qiymətlərini də açıqladı. Aşağıda təqdim edəcəyimiz siyahıda eyni mənzillərin qiyməti arasındakı fərq mənzilin təmiri və mərtəbəsinə görə dəyişir:

“Mikrorayonlarda “fransız” layihəli 1 otaqlı mənzillərin qiyməti 50-65 min manat arasında dəyişir. 2 otaqlı eyni layihəli mənzillərin qiyməti 60-80 min manat, 3 otaqlı eyni layihəli mənzillərin qiyməti 80-100 min manat arasında dəyişir. Bu layihəli binalarda 4 otaqlı mənzillər olmur”.

Bakının mikrorayonlarında “Leninqrad” layihəli 1 otaqlı mənzillərin qiyməti 60-80 min manat arasındadır. 2 otaqlı mənzillərin qiyməti 75-100 min manat, 3 otaqlı mənzillərin qiyməti 100-130 min manat, 4 otaqlı mənzillərin qiyməti 110-140 min manat, 5 otaqlı mənzillərin qiyməti 125-170 min manat arasında dəyişir.

Mikrorayonlarda “Xruşşovka” layihəli binalar yoxdur. “Minsk” layihəli binalarda isə qiymətlər belədir: “1 otaqlı mənzillərin qiyməti 55-70 min manat, 2 otaqlı mənzillərin qiyməti 75-90 min manat, 3 otaqlı mənzillərin qiyməti 95-120 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 110-140 min manat arasında dəyişir”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here