“Alıcı olmasa, səhərdən axşamadək burada durarıqmı?”

499

Əksər insanlar əti adətən, tanıdıqları insanlardan alırlar. Bunu ona görə edirlər ki, aldıqları ət köhnə və ya qoca mal əti olmasın. Lakin tanımadığı insanlardan, bazarlardan ət alanlar da az deyil. İlk baxışdan bu, problemli bir məsələ kimi görünməyə bilər. Ancaq bazar da var ki, orada ətin 1 kiloqramının qiyməti ətin gündəlik satış qiymətindən qat-qat ucuzdur. Məsələn, hazırda 1 kiloqram ətin qiyməti 8-9 manat arasında dəyişirsə, siz bazarda bir kiloqramı 3-4 manata da ət tapa bilərsiniz. Söhbət “8-ci kilometr” bazarından gedir. Uzun illərdir bu bazarın ət satışı hissəsində adi satış qiymətindən ucuza ətlər satılır. Kənardan müşahidə aparsanız görərsiniz ki, buradan ət alan insanlar əhalinin kasıb təbəqəsindən olan insanlardır. Bəlkə onlar da ətin ucuz olmasının səbəbi ilə maraqlanırlar və ya keyfiyyətindən şübhələnirlər, ancaq yenə də alırlar. Bəs bu ətlər haradan gətirilir, qiyməti niyə belə ucuzdur? Bir müddət öncə yolumuz bu bazara düşəndə satıcılardan səbəbi soruşmuşduq. Bildirmişdilər ki, ətin murdar və ya köhnə olması barədə fikirlər doğru deyil. Bəziləri isə səmimi şəkildə etiraf etdilər ki, ucuzluğa səbəb heyvanın qoca olmasıdır.
“Ət adi satış qiymətindən qat-qat ucuz satılırsa…”
Onlardan alıcılarının olub-olmadığını soruşanda isə məmnunluqlarını bildirmişdilər: “Alıcı olmasa, səhərdən axşamadək burada durarıqmı?” Adətən, bu tip mövzuları araşdıranlardan biri də Azad İstehlakçılar Birliyidir. Bunu nəzərə alıb birliyin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Lakin Eyyub Hüseynov bu barədə məlumatsız olduğunu söylədi: “Tam məlumatlı olmadığım, yerində araşdırmadığım üçün konkret bir söz deyə bilmərək. Lakin bir yerdə ət adi satış qiymətindən qat-qat ucuz satılırsa, burada suallar yaranır. Belə ətlər murdar ətlər də ola bilər. Mən vaxt və imkan olduqda mütləq həmin yerə gedib vəziyyətlə, ətin ucuz olmasının səbəbi ilə maraqlanacağam. Mən başqa bir yerdə – “Təzə bazarın” alt qapısında gecələr monitorinq aparmışam. Amma “8-ci kilometr” bazarına, konkret olaraq siz dediyiniz əraziyə getməmişəm. Lakin belə faktlar varsa, gərək dövlət orqanları qarşısında məsələ qaldırılsın və həll olunsun”.
“Ətin qiyməti bu səbəblərdən ucuz ola bilər”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə “Yeni Avaz”a müsahibəsində bazarlarda satışa çıxarılan ətlərə nəzarət olunduğunu söylədi: “Belə çıxır ki, guya bazarlarda ət satışı nəzarətsizdir və ya kim necə gəldi ət satır? Bu, barədə deyilənlər həqiqətə söykənmir şeydir. Əgər ət bazarın piştaxtasına çıxarılırsa, möhür vurulursa, həmin ətlər nəzarətdən, yoxlamadan keçir. Qiymət məsələsi – ətin ucuzluğu və ya bahalığı barədə isə bir söz demək mümkün deyil. Müxtəlif səbəblərdən ucuz ola bilər – qoca mal əti də ola bilər, amma xəstə heyvan əti ümumiyyətlə, bazar və yarmarkalara çıxarılmır”.
“Bazarın laboratoriyasında müayinədən keçirsə…”
Xidmət sözçüsü dedi ki, bazarlarda satılan bütün ətlər tam müayinə olunur: “Ətlər müayinə olunduqdan sonra həm yarmarkalarda, həm də bazarlarda satışa çıxarılır. Əgər ət bazara daxil olursa, bazarın laboratoriyasından müayinədən keçirsə, burada başqa söhbət ola bilməz. Ola bilər ki, kimlərsə xəlvəti bazarın harasındasa ət satırlar, ona baytar həkim neyləyə bilər? Bazarın baytar həkiminin nəzarət elədiyi obyektlərdə ətin keyfiyyətinə şübhə yoxdur”.
Nicat İntiqam