Ali təhsil proqramlarından “Bədən tərbiyəsi” fənni çıxarılıb

“Bu gün tələbələrlə iş, xüsusilə tərbiyə işi, onların asudə vaxtlarının təşkili və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir”. Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: “Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Ali təhsil müəssisələrində maraqlar üzrə istiqamətlər inkişaf etdirilməlidir”.

Nazir qeyd edib ki, ali təhsil proqramlarından “Bədən tərbiyəsi” fənni çıxarılıb: “Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. ?slində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər”.

M.Cabbarov deyib ki, missiya peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə fəaliyyətin dəstəklənməsi üçün təklifləri qəbul etməyə və dəstəkləməyə hazırdır: “Mən səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləyə bilərik”.

 

“Ali təhsildə lazımsız yüklənmə, süni ixtisarlar kimi ağrılı mövzular müzakirə olunmalıdır”

M. Cabbarov qeyd edib ki, ali təhsil müəssisələrinin idarə edilməsinin keyfiyyətinin yüksəldilməsində birlikdə iştirak edilməlidir. Onun fikrincə, bu, yalnız universitet rəhbərinin deyil, bütün kafedra müdirlərinin, professorların, hər bir əməkdaşın işidir. Təkcə əmrlə Boloniya prosesinə keçidin mümkün olmadığını deyən təhsil naziri vurğulayıb ki, əmrlə Boloniya prosesi, yaxud hansısa akademik proqramın islahatı tətbiq oluna bilməz: “Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Boloniya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Boloniya prosesi bizdən bunu tələb edib. Ötən il bir çox ixtisaslar üzrə akademik yük azaldılıb. Çünki Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbələrin akademik yükündən təxminən 30 faiz çoxdur. Tələbənin il ərzində tədris proqramını mənimsəmə imkanı da akademik yüklənmənin həcminə bağlıdır. Bu mövzularda bir çox hallarda ağrılı və qəti qərarlar tələb olunur. Bu qərarlar da müzakirə olunmalıdır. Lazımsız yüklənmə, süni ixtisarların, istiqamətlərin artımı kimi ağrılı mövzular müzakirə edilməlidir. Hamı sehrli açar axtarır ki, biz o bir səbəbi axtaraq, onu aradan qaldıraq və düşünülür ki, bundan sonra bütün işlər gözəl olacaq. Ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsinə çalışaq. Biz Təhsil Nazirliyi olaraq o ali təhsil müəssisələrində, kollektivlərdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görəcəyik, ona dəstək də veriləcək. Mürəkkəb qərarlar dedikdə isə heç də nəzərdə tutmuruq ki, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Əsla, biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidirlər”.