Ali məktəbə daxil olmaq asan, oxumaq çətin olacaqmı?

586

Nərmin Haqverdiyeva
Bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuata verdiyi açıqlamasında “ola bilsin ki, gələcəkdə dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər” deyə bir fikir səsləndirmişdi. Bunun real olub-olmayacağı isə, hələlik, bəlli deyil. Dünyanın bir çox ölkələrində isə universitetlərə qəbul prosesi bir qədər fərqlidir. Belə ki, orta məktəbi başa vuran şagird çox asanlıqla attestatını təqdim edərək universitetə daxil ola bilir. Savadı olan, bacaran tələbə oxuyur, bacarmayan da ya universiteti tərk edir, ya da məzun olana kimi oxuyur. Bir sözlə, ali məktəbə qəbul olmaq asan, oxumaq çətindir. Bizdə isə bir çox şagirdlər qəbul imtahanını həyatlarının dönüş nöqtəsi hesab edirlər. Bu imtahan onlar üçün o qədər əhəmiyyətlidir ki, bəzən imtahanda uğursuz nəticə göstərən tələbə intihar etməkdən belə çəkinmir. Bəzən də yaxşı oxumasına rəğmən, imtahan stresi ucbatından bildiyini unudanlar da var. Qeyd etdiyimiz kimi, bütün bunların olmaması üçün xarici ölkələrin çoxunda ali məktəbə daxil olmaq asanlaşdırılıb. Bəs, görəsən, bizdə də gələcəkdə bu üsul tətbiq edilə bilərmi? Əgər edilərsə, uğurlu alınarmı? Bütün bu suallarımıza cavab almaq üçün Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevə müraciət etdik. Onun məsələyə münasibəti belə oldu: “Bunlar hələ ki düşüncələrdir, fərziyyələrdir. Bu fikirlər hələ tam olaraq təsdiqini tapmayıb. Təhsil sistemində yeniliklər etmək üçün aparılan bu kimi axtarışlar nəticəsində bir çox variant üzə çıxacaq. Bu gün düşünülür ki, necə edək ki, ali məktəblərə qəbul obyektiv keçirilsin, universitetlər yüksəkqabiliyyətli şagirdləri qəbul etsinlər. Mən istəyərdim ki, öz qabiliyyətinə, savadına inanan şagirdlər ali məktəblərə daxil olsunlar. Əgər tələbələr tədris prosesində problemlə üzləşirsə, bu çətinlikləri aşa bilmirsə, eybi yoxdur, qoy universiteti 4 ilə deyil, 5, 6 ilə bitirsin. Ancaq savadlı bir kadr olaraq bitirsin. Bildiyimiz kimi, xarici ölkələrin çoxunda ali məktəblərə qəbul imtahanları asan keçirilir. Hətta bəzən imtahana ehtiyac olmur. Sadəcə, orta məktəb attestatı kifayət edir. Ancaq təhsil almaq çətin olur. 100 nəfər universitetə qəbul olunursa, onlardan, sadəcə, 30, 40-ı məzun ola bilir. İndi bizdə də buna bənzər bir model tətbiq etmək barədə düşünürlər. Ancaq onu da qeyd edim ki, hər bir ölkənin özünün sosial şəraiti, iqtisadi mühiti və fərqli düşüncəli insanları var. Biz “xaricdə belədir” deyə hər hansı bir sistemi özümüzdə də tətbiq edə bilmərik. Ümumiyyətlə, heç bir təcrübədə də bu qəbul olunmur. Bunu etmək üçün mütləq özününküləşdirmək lazımdır. Öz mühitimizə, xarakterimizə, şəraitə uyğunlaşdırmaq lazımdır. Bu elə bir şeydir ki birdən-birə tətbiq oluna bilməz. Əgər elə bir sistem bizdə tətbiq olunarsa, onu mənimsəməsək, xaricdəki şəffaflıq, obyektivlik burada olmasa və onun müsbət inkişafına təkan verməsək, onda istənilən nəticəni ala bilməyəcəyik. Düşünürəm ki, bu söhbətlər, fikirlər hələ öz əksini tapmayıb. Ona görə də bu barədə hələ heç bir hökm vermək olmaz. Məncə, özümüzdə olan təcrübənin nəzərə alınması daha yaxşıdır. Burada məsələ nə hansısa bir sistemdən, nə də qurumdan gedir. Əsas məsələ insandadır. İnsanlar necə yanaşacaq bu məsələyə? Bax bu, sual altındadır. Bu sistemin uğurlu alınıb-alınmaması da insanlardan asılıdır. Əgər belə bir şey olarsa, insanlar onu dəstəkləyəcəklərmi, ona qoşulacaqlarmı, əvvəlcə, bunları bilmək lazımdır. Yox, əgər məcburi ediləcəksə, uğurlu alınmaya da bilər. Ona görə də yüz ölçüb, bir biçmək lazımdır. Bunlar hələ fikirlərdir. Nəyin necə olacağını konkret desələr, biz də fikrimizi tam aydın izah edə bilərik”.

“Orta məktəbi bitirən bu şagirdin,
həqiqətən də, savadı varmı, yoxsa…”

Ali məktəbə daxil olmaq asan,
oxumaq çətin olacaqmı?
Müsahibimiz dedi ki, yeniliklər tətbiq olunsa, ali məktəbə attestatla qəbul olacaq şagirdlərin bu sənədi necə aldığı müzakirə predmeti olacaq: “Məsələn, orta məktəbi bitirən bu şagirdin, həqiqətən də, savadı varmı, yoxsa attestat qiymətlərində saxtakarlıq edilib? Birinci növbədə bunlar yoxlanılmalıdır. Xarici ölkələrin çoxunda ali məktəblər bilirlər ki, hansı orta məktəb şagirdə necə təhsil verib; onun qiymətləri nə dərəcədə obyektivdir. Orta məktəblər də bunu nəzərə alaraq, şağirdləri yüksək səviyyədə hazırlamağa çalışırlar. Təəssüf doğuran məsələlərdən biri də odur ki, bəzi xarici universitetlər azərbaycanlı məzunları çox aşağı bal yığmalarına, qiymət göstəricilərinin aşağı olmasına rəğmən, qəbul edirlər. Bu cür kadrların hazırlanması xariciləri düşündürmür. Çünki orada onlar əcnəbi tələbələrdir və əvvəl axır qayıdıb gedəcəklər. Mən istəməzdim ki, xarici universitetlər bizim tələbələri attestatla qəbul etsinlər. Onu yoxlamaq lazımdır. Qabiliyyəti varsa, götürmək lazımdır. Elə ölkələr var ki, bizim tələbələrin sayı orada həddindən artıqdır. Ancaq qiyabi və əyani oxuyan tələbələrin çoxu təhsil aldıqları ölkənin dilini bilmir. Pul verir, imtahandan keçir. Belə olmaz. Bundansa, bizim öz sistemimiz yaxşıdır. Biz də öz təcrübəmizlə çalışarkən işimizi daha obyektiv, şəffaf qurmalıyıq. Gələcəyə savadlı nəsil yetişdirməliyik. Buna insanları hazırlamaq lazımdır. Xaric mənim üçün nümunə deyil. Mən qəbul imtahanlarının keçirilməsinin tərəfdarıyam. Ancaq istəyərdim ki, qəbul imtahanı buraxılış imtahanı ilə birləşdirilsin. Orta məktəbi bitirən insan hansı göstəricidədirsə, həmin bala uyğun olaraq istədiyi ali məktəbə qəbul ola bilsin. Bu, ən yaxşı yoldur, nəinki ali məktəblərin qapısını açıb 100, 1000 nəfəri qəbul etmək. Təhsillə bağlı hələ Azərbaycanın başqa bir layihəsi də var. Bu, 12 illik təhsil və təmayüllü məktəblərin yaradılmasıdır. Əgər təmayüllü məktəblər yaradılarsa, elmin arxasınca gedən insanların yetişdirilməsi istiqamətində işlər görülməyə başlanacaq. Düşünürəm ki, hər bir fəaliyyət, eləcə də təhsil fəaliyyəti dəyərləndirilməli və həmin dəyər əsasında ali məktəbə və ya hər hansı bir müəssisəyə qəbul olunmalıdır. Ancaq burada mərhələli imtahandansa, bir imtahanın olmasını istəyərdim. Orta məktəblərdə keçirilən imtahanların nəticəsi ali məktəblərə qəbul olmaq üçün məqbul sayılsın – mən bunun tərəfdarıyam”.

“2, 3 il oxuyub, qayıdıb gəlirlər…”
Qafqaz Universitetinin Riyaziyyat və informatika müəllimliyi bölməsinin müdiri, tədris məsləhətçisi, professor Fəxrəddin İsayev isə hesab edir ki, şagirdlərin yalnız attestatla ali məktəbə qəbul olunması çox da uğurlu olmaya bilər: “Çünki bizdə tələbələrin əksəriyyətinin attestatı necə aldığı məlumdur. Buna görə də xaricə təhsil almaq üçün gedənlərin əksəriyyəti məzun ola bilmir. 2, 3 il güclə oxuyub, pulunu ödəyib, qayıdıb gəlirlər. Ancaq imtahanda yüksək bal toplayıb gedən tələbələr axıra qədər oxuya bilirlər. Statistika göstərir ki, attestatla qəbul olanların böyük əksəriyyəti pulunu ödədikdən sonra oxumağa başlayır. Bizdə də bu sistem tətbiq olunarsa, tələbə 1, 2 il oxuyacaq, görəcək ki, bacarmır atacaq. Bu sistem hər yerdə tətbiq olunursa, Azərbaycanda da olacaq. Belə bir sistem həyata keçirilərsə, şagirdlərin universitetə qəbul olunması prosesi bir az asanlaşa bilər. Ancaq bu zaman ciddiyyəti artırmaq lazımdır. Çünki elə şagirdlər olur ki, attestat alsalar da, savadları olmur. Ölkəmizdə də bu il bəzi universitetlərdə bu tip qəbulun keçirilməsi nəzərdə tutulur”.