İyirminci əsrin sonlarında erməni işğalçılarının torpaqlarımıza etdikləri silahlı hücumlar, torpaq iddiaları Azərbaycan vətəndaşlarının ağlına gəlməyən bir hadisə idi. İllər boyu mehriban qonşuluq şəraitində yaşayan iki dövlətin biri, ermənilər sən demə hiyləgər niyyətlərini həyata keçirmək üçün hazırlıq işləri görürmüşlər. Uzun illər torpaqlarımıza etdikləri silahlı hücumlar zamanı Vətənimiz şəhidlər vermiş, qəhrəman əsgər və zabitlərimiz yurdumuzun bir qarışının belə düşmən tapdağı altında qalmaması üçün ölümün üzünə dik baxmışlar. Lakin qorxaq ermənilər özlərinin havadarları, Azərbaycanı istəməyən silahlı birləşmələrin köməyi ilə Dağlıq Qarabağda və ətraf bölgələrdə törətdikləri soyqırımı və qətliamlarla dinc sakinləri məcburən ev eşiyindən köçkün salmaqla yanaşı, torpaqlarımızın 20 faizinin də işğal altında qalmasına şərait yaratdı. Azərbaycan xalqı bu haqsızlıqla heç zaman barışmır, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Düşmən qorxaqdır, hiyləgərdir. Azərbaycanın isə qəhrəman tarixi keçmişi var. Əsrlər boyu yağıları yerində oturdan, qəhrəmanlıq dastanları ilə iz salan Azərbaycan oğullarının cəsarəti qarşısında o heç nə edə bilməz, əgər hiylələri və nankorluqları olmasa.
Torpaqlarımız işğal edilsə, soydaşlarımız
yurdlarını tərk etsə də döyüşlər zamanı Azərbaycanın vətənpərvər övladları
düşməni yerində oturda bilib. Xüsusilə Prezident, Ali Baş Komandan İlham
Əliyevin milli ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və
qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət
nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı
və döyüş ruhu kifayət qədər yüksəkdir. Fərəhli hallardan biri budur
ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var.
Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib
amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən
əsas faktorlardan biridir. Ötən əsrin doxsanıncı illərində ordumuz nə qədər
zəif və gücsüz olsa da cəsur oğullarımız Vətəni qorumağa böyük ruh
yüksəkliyi ilə gedir, ölsəm də təki “Vətən sağ olsun” deyərək odun-alovun içinə
girirdilər.
Bu gün Silahlı
Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ
münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin
prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli
rolu oynayır. Müstəqilliyimizin ilk illərində Azərbaycanın Milli Ordusunun
yaradılması və möhkəmlənməsi ən vacib məsələ idi. Ulu öndər Heydər Əliyevin
başladığı bu şərəfli vəzifəni dövlətimizin başçısı İlham Əliyevin daha böyük ovqatla
davam etdirməsinin nəticədidir ki, ordumuzun bazası da güclüdür, əsgər və
zabitlərimizin ruh yüksəkliyi də, Vətən sevgiləri də yetərincədir. Bizim
Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr
edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt
verilən əmri yerinə yetirməyə hazırdır. Düşmən də, onların
havadarları da, bizi istəyən dövlətlər də görür ki, əsgərlərimiz,
gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz
uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda
gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda
Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın
atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük.
Ermənistan bu təxribatın
səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Öz çirkin niyyətini bəyan
etməklə başqalarının gözündə məzlum kimi görsənməyə cəhd etsə də düşmənin bu
hiyləsi baş tutmadı. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir
hərbi məqsədi yoxdur. Ermənistan işğalçılıq siyasətini davam etdirir,
ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Əsasən də insan
öldürmək, dinc adamları qorxutmaq və qan tökməklə başqalarına aid olanı ələ
keçirmək üçün min cür bəhanələrə əl atmaqla xain planlarını həyata keçirmək
düşmənin əsas istəyidir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı,
mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan
silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı
tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və
zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi.
Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə
qarşı vuruşurdu
Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və
texnikasını itirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir. İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, Vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində xüsusi yeri olacaq. Artıq dünya dövlətləri 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, güclənib, dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər.
İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Küçələrə çıxan vətənpərvər Azərbaycan övladları artıq düşmənin silahlı hücumlarından cana doyduqlarını bildiriblər. Düşmənin cavabı ən sərt şəkildə verilməli, onlar yerində oturdulmalıdır. Bu niyyətlə şəhidlərimizin intiqamının alınması barədə çağırışlar edilib, dövlətimizin başçısına etimad və dəstək ifadə edilib. Dünya birliyi görür ki, Azərbaycan yalnız haqq ədalət tələb edir. Düşmən torpaqlarımızdan qeyd şərtsiz çıxmalıdır. İllərdir danışıqlar davam edir, lakin heç bir irəliləyiş əldə edilməyib. Erməni daşnakları, həmsədr dövlətlərin tələblərini qulaqardına vurur.
Düşmən Azərbaycan əsgərinin qəhrəmanlığını görüb. Ordumuzun gücləndiyini də bilir. Bu gün yüzlərlə Vətən övladlı düşmənə qarşı barışmaz mövqedə hazır vəziyyətdə gözləyir, Ali Baş Komandanın bir çağırışı yetər ki, onlar mövqelərimizə getsinlər.
Sevinc Hüseynova, Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi