Aldatmaq aldanmaqdır

444

Bu dünyada ən böyük sərmayəmiz ömürdür. Yaradan bizi bu sərmayə ilə göndərib dünyaya. Aldığımız, verdiyimiz hər şeyin bir hesabı var, elə sayılı nəfəsimizin də. Heç bir şey gizli deyil, insandan gizli olan da Allaha bəllidir. Günün 24 saatı bizə verilmiş imkandır və o imkanın harada, necə sərf edildiyinin də hesab-kitabı sorulacaq.

Harada olursunuz-olun, Allah sizinlə bərabərdir. Allah insanların bütün əməllərini görür və bilir. Bu həqiqəti Quran söyləyir. Belə olan halda, demək, aldatmaq aldadılmaqdır. Keçdiyimiz çox döngədə, qurduğumuz çox cümlədə yalan var. Saxta təbəssüm də yalandır, kiminsə xətrinə və ya acığına deyilən söz də.

Adam var, nəsə qazanmaq üçün yalan danışır; adam var, yalandan ilandan qorxan kimi qorxur; adam var yalan dilinin əzbəridir.

Dünyanın ən çətin peşəsi tacirlikdir, alıb-satmaqdır. “Nədən tacirlik?”- deyəcəksiniz, çünki bu peşədə hər an imtahandasan, hər yalanla bir şeylər qazana bilirsən. Amma bu qazandığın dünya nemətidir, bunun müqabilində çox şeylər itirirsən. Yalan özünə ayrılmış limiti burada tükətməkdir, yalan axirətini, aqibətini bərbad etməkdir, Allahın əmrlərinə qarşı gəlməkdir…

Bir döyüşdən geri dönərkən Allah Rəsulu (s.ə.s.) səhabələrinə belə buyurur: “Biz kiçik cihaddan böyük cihada dönürük”. Səhabələr təəccüblə soruşurlar: “Böyük cihad nədir, ya Rəsulullah?”. “Nəfsi ilə savaşmaqdır”, – buyurur Allah Rəsulu. Hər an bizi harasa çəkir, hansı uçurumasa sürükləmək istəyir, gözümüzdən, qulağımızdan, əlimizdən, dilimizdən soxulur. Nə qədər də gözəl buyurur Allah Rəsulu. Ən böyük düşmənimiz bizi haramlara sürükləyən nəfsimizdir. Nə qədər ki, nəfsimiz bizi azdırmayıb, şeytan acizdir. Nəfsinə təslim olandan sonra şeytanın əlində oyuncağa çevrilir insan.

Bir dəfə Rəsulullah (s.ə.s.) Mədinə bazarında gəzərkən şəffaf, iri buğda diqqətini çəkir. Yaxınlaşıb əlini kisəyə salır və görür ki, buğdanın üstü quru, altı yaşdır. Peyğəmbərimiz buğdasatana deyir ki, sənin bu əməlin yalandır, haqsızlıqdır, malsatan gərək onun bütün qüsurlarını alıcıya bildirsin, qarşı tərəfi aldatmağa cəhd eləməsin. Allah Rəsulu onu da bildirir ki, bizi aldadan bizdən deyil. Rəsulullahın “bizi aldadan” ifadəsi geniş anlam daşıyır, yəni Rəsulullahı aldadan da, ondan sonra gələn müsəlmanları da aldadan Rəsulullahın “bizim” dediyi cərgədən deyil. Müsəlman üçün bundan böyük məhrumiyyət nə ola bilər axı?

Özündə-sözündə doğru tacirlər haqqında isə Allah Rəsulu belə buyurur: “Yalan söyləməyən, halal qazancına qənaət edən dürüst tacirlər qiyamətdə peyğəmbərlər, sadiqlər və şəhidlərlə bərabər olacaqlar. Rizq ondursa, doqquzu ticarətdədir. Cəsur tacir qazanar, qorxaq tacir itirər”. Rəsulullahın bu müjdəsində dürüst tacirlərə bu qədər böyük dərəcə vəd edilməsi, yəqin ki, onların hər an nəfslə mübarizə halında olmaları ilə bağlıdır. Həqiqətən də, illər uzunu ticarətlə məşğul olduğu halda, insanlara yalan söyləməmək, kimisə aldatmamaq çox müşkül görünür. Yəni bu məsələ çoxlarının zənn elədiyi qədər də asan məsələ deyil. İllər uzunu Piştaxta arxasında oturan adam yalan danışmırsa, hər kəsə qarşı dürüst davranırsa, artıq o nəfsini tərbiyə etmiş, nəzarəti altına ala bilmiş adamdır. Amma nəfs dediyin də heç zaman təslim olan bir şey deyil, nə qədər geri çevirsən də hər dəfə heç bir şey olmamış kimi yenidən dönüb gələcək. Yəni piştaxta arxasındakı dürüst tacir hər gün səhərdən axşama qədər cihad meydanındadır.

Aldatmaq başqasının haqqını tapdamaqdır. El arasında “günahına girmək” adlı bir ifadə var. Yəni kimin haqqını tapdayırsansa, onun günahına girmiş olursan, yəni onun günahlarına şərik olmuş olursan və yaxud da ona qarşı etdiyin haqsızlıq nisbətində ondan alacağın var. Yalan danışan, başqalarını aldadan insanlar arasında dəyər qazana bilməz, Allahın rəğbətinə qovuşmaz. Belə bir söz var: “Namaz qılmaqdan mıx kimi incəlsən də, oruc tutmaqdan yay kimi nazilsən də, haramdan uzaq durmadıqca ibadətin zövqünü yaşaya bilməzsən”. Yəni yalan insanın ruhundan zövqü, dadı, silib aparır.

Həyatımızın qayəsi halal qazanmaq və qazandığımızı da ən doğru ticarətdə, xeyirli istiqamətdə xərcləməkdir. Bu sözü hərfi mənada da qəbul etsəniz, məcazi mənada da qəbul etsəniz, eyni anlama gələr. Haram – qazanc deyil, atəşdir, cəhənnəm odudur.

Ticarətdə qiymət dartışmaq sünnətdir, yəni satan baha satmaq, alan ucuz almaq istər və buna görə də el arasında deyildiyi kimi, qiymət üstündə bir az çənə yormaq yaxşı haldır, sünnətdir, yəni peyğəmbərimizin yoludur. Amma alanda da, satanda da gərək ədalət hissini, insafı unutmayasan. Bəlkə də biri ehtiyac içində qıvrıldığı üçün çox dəyərli bir malını çox ucuz qiymətə təklif edir. İnsanın ağır vəziyyətindən istifadə edib onu boğmaq, əlindəkini su qiymətinə almaq kəmfürsətlikdir. Peyğəmbərimiz bu vəziyyətə düşmüş insanlara yardım etməyi buyurur, onların malını dəyər-dəyməzinə əlindən almaqdansa, ona borc verməyi, imkanını düzəldə bilməsi üçün yardım etməyi tövsiyə edir. Sələm, faiz ona görə haram buyurulub, lənətlənib ki, bu kimi hallar ehtiyac sahibinin başını kəsməkdir. Dinimiz sələmi də, sələmçini də lənətləyir, bu kimi halların insanlıqdan kənar olduğunu bildirir.

Hansı işdə çalışırsa-çalışsın, hansı mövqedə olursa-olsun, müsəlmanın borcu işinə haram qarışdırmamaq olmalıdır.

Ticarətdə isə bu işlər daha çox qarşıya çıxdığı üçün ticarətçilərin işi daha çox həssasdır.

Bir dəfə də uca Peyğəmbərimiz (s.ə.s.) malın yaxşısı ilə pisini qarışdırıb satan bir tacirə buyurur ki, malı ayırsın, yaxşısını baha qiymətə, pisini də ucuz qiymətə satsın. Nə qədər də həssas yanaşma. Allah Rəsulu o taciri yalandan uzaq tutmaq üçün belə tövsiyə edir.

Hamımız bu dünyada nəyisə satır, nəyisə alırıq. İgidlik baha satıb ucuz almaq deyil, alanda da, satanda da xeyirli olmaqdır. Xeyirli olmağın yollarından isə yuxarıda bəhs etməyə çalışdıq, bilmirəm bir şey deyə bildikmi…