“Aktyorlarımızın Axundzadə yaradıcılığından necə böyük zövq aldıqlarının bir daha şahidi oldum”

888

Mingəçevir Dövlət Dram Teatrı M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani- Lənkaran” əsərini yeni quruluşda teatrsevərlərə təqdim edəcək. Tamaşanın premyerası bu ayın 20-də baş tutacaq. Premyera öncəsi Mingəçevir Dövlət Dram Teatırının baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xəzər Gəncəli ilə görüşüb, ona bir neçə sualla müraciət etdik. Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani- Lənkaran”a yeni quruluş verən də odur.

 

Müsahibimiz əvvəlcə Mirzə Fətəli Axundzadə, onun əsərləri ilə bağlı fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, ümumiyyətlə, M. F. Axundzadə bizim əlifbamızdır, folklorumuzdur, mədəniyyətimizdir, bir sözlə, teatrımızın başlanğıcıdır. Teatrımızı Axundovsuz təssəvvür etmək mümkün deyil. Bu mənada hər bir teatrımızın repertuarında onun əsərləri yer almalıdır. Artıq bu bir fakt ki, demək olar ki, bütün teatrlarımızda onun əsərləri oynanılır. Bizim Mingəçevir Dövlət Dram Teatrı da onların sırasındadır.

– Bəs dəfələrlə müraciət olunmuş “Sərgüzəşti-vəziri-xani- Lənkaran”a yenidən qayıdış nə ilə bağlıdır?

– Hər kəsə yaxşı məlumdur ki, 1873-cü il martın 10-da görkəmli maarifçilər – Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə Azərbaycan peşəkar teatrının əsası qoyulub. Bu tamaşa Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli hesab olunur. Yeri gəlmişkən, bu yerdə Cəlil Məmmədquluzadənin vaxtı ilə dediyi bir ifadəni söyləmək istərdim. O deyirdi ki, Axundovun hansı komediyasına toxunursansa, ondan qan qoxusu gəlir. Mənə elə gəlir ki, onun “Sərgüzəşti-vəziri-xani- Lənkaran”ından daha çox qan qoxusu var. Bir də diqqət etsək görərik ki, o, heç vaxt öz personajlarını, tiplərini tənqid atəşinə tutmur. Axundovun tənqid atəşinə tutduğu əsas obyekt ictimai-siyasi mühitdir. Bu əsərdə Lənkəran xanının vəziri Mirzə Həbibin maraqlı sərgüzəştləri hamını güldürərək düşündürür. Başı məişət qayğılarına, eyş-işrətə qarışan Mirzə Həbibin işləri bir-birinə qarışır. O, qadın hiyləsinin qurbanına çevrilir. Tamaşa boyu gülüş obyektinə çevrilən Mirzə Həbib eşitdikləri ilə gördüklərinin arasında çaşıb qalır və sonda dərdini xana danışır. Öz hərəkətləri və axmaq qərarları ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran xanı da maraqlı bir obraz kimi yadda qalır. Nə demək istəyirəm? Sarayda baş verən ailə məişət mövzusunu ön plana çəkməklə əslində Axundzadə bundan bir örtük, pərdə kimi istifadə edib. Pərdənin arxasında daha qorxulu hadisələr var. Axundzadə bu örtüyü çəkməklə əslində o illərin hadisələrini ön plana çəkmək istəyib. Vəzirin iki arvadı var. Şölə xanım və Ziba xanım onlar hər zaman bir-biri ilə dava-dalaş edirlər. Vəzir öz ailəsində rahatlıq tapa bilmir. Amma yüz minlərlə adamın taleyi ona tapşırılıb. Deməli, öz ailəsinin taleyini həll edə bilməyən biri necə yüz minlərin taleyini həll  edir.

– Bugünkü tamaşaçı üçün bu əsər bu baxımdan önəmlidir?

– Yuxarıda qeyd etdiyim kimi, Axundzadə klassik dramaturqumuzdur. Klassika isə örnəkdir. Onu da deyim ki, biz yeni quruluşda bu əsəri zamana da uyğunlaşdırmağa çalışdıq. Tamaşanın ərsəyə gəlməsində aktyorlarımız da böyük əmək sərf etdilər.

– Belə klassik tamaşalar həm də aktyorların potensial imkanlarının üzə çıxmasında olduqca əhəmiyyətlidir.

– Elədir. Axundzadənin dramatrugiyasının bir özəlliyi də budur ki, onun əsərləri tamaşaya qoyularkən potensial imkanları olan aktyorlar üzə çıxırlar. Bax, mən Mingəçevirdə yeni quruluşda səhnələşdirdiyim bu tamaşada buna da nail oldum. Yeri gəlmişkən, tamaşada Əməkdar artist Şıxı Yaqubov Xan, Əməkdar artist Ella xanım Yaqubova Pəri, gənc aktirsalar –  Fəridə Məmmədova Nisə xanım, Paşa Salmanov Teymur ağa, Könül Hacıyeva Şölə xanım, Elmira İbrahimova Ziba xanım rolundadırlar. Yəni bu tamaşada yaşlı nəsillə gənc nəsil bir araya gəlib belə bir maraqlı tamaşaya vəsilə olublar. Bir məsələni də vurğulamaq istəyirəm: məşq prosesində onların Axundzadə yaradıcılığından necə böyük zövq aldıqlarının bir daha şahidi oldum.

Esmira Hidayətova, Mingəçevir