“AKP-dəki yaxın dostlarım da dəyişiklik istəyirlər”

Əkmələddin İhsanoğlu: “Prezident bir orkestr rəhbəri olmalıdır. Ahəngi quran, uzlaşmanı təmin edən ağıllı bir insan olmalıdır. O, vətəndaşların atası, millətin başçısı olmalıdır”.
“İlk dəfə təklif aldıqda qəbul etməmişdim. Bu şərəfli vəzifəni icra edəcək çox dəyərli insanların olduğunu söyləyib, məni üzrlü hesab etmələrini xahiş etdim. AKP-nin qurucuları və orada aktiv fəaliyyət göstərən bəzi dostlarım da “Türkiyə sizə vəzifə verir” dedilər. Şairin dediyi kimi, siz tələb etmədən Haqdan sizə bir vəzifə gəlirsə, bunu əhli-ədəb (ədəbli insan) olaraq qəbul etmək lazımdır”. Bunu Türkiyə prezident seçkilərində Cümhuriyyət Xalq Partiyası (CXP) və Milli Hərəkat Partiyası (MHP) tərəfindən namizəd kimi irəli sürülən Əkmələddin İhsanoğlu “CNN Türk” televiziya kanalında qatıldığı proqramda çıxışı zamanı deyib. Ə. İhsanoğlu CXP və MHP-nin uzlaşmasını mühüm bir dəyişikliyin işarəsi olduğuna diqqət çəkib: “Mənim AKP içindəki yaxın dostlarım da dəyişiklik istəyirlər. Bu hərəkat kiməsə qarşı deyil. Bu seçki iqtidar dəyişikliyinə yol açacaq bir seçki deyil”.

Ə. İhsanoğlu Türkiyənin sabitliyə ehtiyacı olduğunu vurğulayıb: “Siyasətdə qarşıdurmalar və bölünmələr vətəndaşı çox narahat edir. Prezidentin birinci vəzifəsi cəmiyyətdə birliyi, regionda istiqrarı təmin edəcək siyasət yürütməkdir. Türkiyə buna qadirdir”. Onun sözlərinə görə, Prezident bir siyası qrupun təmsilçisi olmamalıdır: “Çünki siz 55% səs alsanız da, sizə səs verməyən 45% seçici var. Siyasətin yeri parlamentdir. Bu çox mühüm məsələdir. Dövlətin başında mübahisə və gərginliyə yer olmamalıdır”.