Akif Mirabov “Qatır Məmməd”dən danışdı

0
604

 46 il öncə çəkilmiş “Qatır Məmməd” filminin ilkin variantının əksər hissələri Yevlax və Mingəçevir ərazilərində lentə alınıb. Maraqlı məqam ondan ibarətdir ki, filmin ilk variantı ekranlara çıxmayıb, 1974-cü ildə filmin rejissoru və əksər aktyor heyəti təzələnərək bu ekran əsəri yenidən çəkilib. Bu barədə məlumat verən “Qatır Məmməd” filminin  ilk variantında  Məmmədxanın oğlu rolunu oynayan respublikanın Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatırının  keçmiş aktyoru Akif Mirabov illər öncə çəkilən ekran işini elə filmin çəklişləri aparılan ərazilərdə xatırlayaraq daha sonra dedi: ”Amma o film barədə nə danışan, nə də ki, yazan olub. Halbuki mənim fikrimcə, maraqlı film alınmışdı, görkəmli rejissor Hüseyin Seyidzadə Qatır Məmməd rolunda Əlabbas Qədirovu, Əziz rolunda isə Fuad Poladovu çəkmişdi”.

O, həmin filmin ekranlara yol tapmamasını isə belə əsaslandırıb: “1973-cü ilin martında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Amma onun ərsəyə gətirdiyi film Moskvanı qane etmir. Odur ki, Mərkəzi Bədii Şura filmin nümayişinə qəti qadağa qoyur və onun yenidən çəkilməsinə göstəriş verilir. Nəticədə “Qatır Məmməd” Hüseyn Seyidzadədən alınır və Rasim Ocaqova etibar edilir. Onu da deyim ki, bu, rejissor kimi Rasim Ocaqovun ilk işi olur”.

Mingəçevir Dövlət Dram Teatırının  aktyoru  Qabil  İbrahimli isə bizimlə söhbətində bildirdi ki, filmin ikinci variantında səslənən “14 gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi” ifadəsi birinci variantda olmayıb.

Esmira Hidayətova, Mingəçevir