“Ailədə hər kəs öz yerini və vəzifəsini bilməlidir”

743
Mingəçevirdə uzun müddət pedaqoji sahədə böyük əməyi olan, gözəl ailə başçısı Abdullayev Edison: “Uzunömürlü ailə olmağımızın sirri ondadır ki, evdə həmişə mehribançılıq, qarşılıqlı hörmət olub. Mehribançılıq olan yerdə səadət də, xoşbəxtlik də, çörək də var. Ailədə həmişə qarşılıqlı hörmət olmalıdır. Övladlarımız da bizdən bu nümunəni götürüblər. Mən də bu qarşılıqlı hörməti öz valideynlərimdə görmüşəm. Düzdür, çətinliyimizdə olub. Bu, danılmazdır, amma gərək bu çətinliyi dəf etməyi bacarasan. Biz bu çətinliklərin öhdəsindən gələ bilməsəydik, indi bu süfrə başında olmazdıq”.
1993-cü ildən etibarən hər il 15 may tarixi BMT tərəfindən Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Təbii ki, Beynəlxalq Ailə Gününün müəyyənləşdirilməsində məqsəd ailələrin dəstəklənməsi, ailələrlə bağlı vacib məsələlərin gündəmə gətirilməsidir. Hələ qədim zamanlardan Azərbaycan insanının düşüncəsində, əməlində ailə müqəddəs ocaq anlamında olmuşdur. Biz də “Zaman-Azərbaycan” qəzeti olaraq ənənəmizə sadiq qalaraq, belə ailələrdən birinin qonağı olduq. Onu da qeyd edək ki, “Zaman Azərbaycan” qəzetinin bölgə təmsilçiliyinin əməkdaşları hər il bir ailənin qonağı olur, onların, belə demək mümkünsə, uzunömürlü ailə sirləri ilə yaxından tanış olurlar.

Hər bir insanın həyatı ailədə başlayır, ailə onu vətəndaş kimi formalaşdırır. Mingəçevirdə uzun müddət pedaqoji sahədə böyük əməyi olan, gözəl ailə başçısı Abdullayev Edison müəllimin ailəsi ilə tanış olduq. Abdullayev Edison Mingəçevir 18 saylı məktəbdə 47 il sinif müəllimi işləyib. Hazırda təqaüddə olan Edison müəllim öz həyətindəki kiçik təsərrüfatı ilə məşğul olur. Boş vaxtlarını isə nəvələri ilə keçirməyi xoşlayır. Onu da qeyd edək ki, mayın 15-də Edison müəllimin 71 yaşı tamam olur. O, 1975-ci ildə Səmayə xanımla ailə həyatı qurub. Bu ailənin 4 övladı, 9 nəvəsi var. O, müəllimliyi ilə bərabər, qayğıkeş ata, mehriban həyat yoldaşı, həm də sevimli babadır. Ailənin gəlinləri də bu ailədə səadət, mehribançılıq tapdıqlarını bildirdilər. 40 illik ailə həyatından söz açan Edison müəllim dedi: “Mən xoşbəxt adamam ki, bu ahıl yaşımda mülayim, xoştəbiətli həyat yoldaşım var. Onun sevgisi sayəsində özümü çox gümrah hiss edirəm: “Uzunömürlü ailə olmağımızın sirri ondadır ki, evdə həmişə mehribançılıq, qarşılıqlı hörmət olub. Beynəlxalq Ailə Gününü hər il süfrə başında ailəliklə qeyd edirik. Çünki həmin gün mənim ad günümə düşdüyündən, biz iki əlamətdar günü birdən qeyd edirik. Onu da deyim ki, ailəmin xoşbəxtliyi ən böyük varlığımdır. Övladlarıma da demişəm ki, həyat yoldaşınızla, uşaqlarınızla həmişə mehriban olun. Mehribançılıq olan yerdə səadət də, xoşbəxtlik də, çörək də var. Ailədə həmişə qarşılıqlı hörmət olmalıdır. Övladlarımız da bizdən bu nümunəni götürüblər. Mən də bu qarşılıqlı hörməti öz valideynlərimdə görmüşəm. Düzdür, çətinliyimiz də olub. Bu, danılmazdır, amma gərək bu çətinliyi dəf etməyi bacarasan. Biz bu çətinliklərin öhdəsindən gələ bilməsəydik, indi bu süfrə başında olmazdıq”.

Bu gün münasibətilə xanımına hədiyyə alan Edison müəllim aldığı qızıl üzüyü elə bizim yanımızdaca xanımına təqdim etdi: “Bu üzüyü bir neçə gün bundan qabaq almışdım. Kiçik də olsa hədiyyədir. Nə deyim vallah, hər il gücüm çatan hədiyyə ilə xanımımı təbrik edirəm. Onu da deyim ki, mən bu üzüyü bir neçə gün öncə almışdım ki, bugünkü gündə sürpriz edim. Gərək arada bir xanımları təəccübləndirək də. Axı biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik”.

Əlamətdar gün münasibəti ilə öz ürək sözlərini çatdıran ailənin  xanımı Səmayə xanım bildirdi ki, 40 ildir ki, Edison müəllimlə evlidirlər. O həm ana, həm qayınana, həm də nənə olduğundan qürur duyduğunu bildirdi: “Ailədə qadının rolu böyükdür. Qadın yaxşı ana, qayınana olmalıdır ki, qız-gəlinlər də ondan  nümunə götürsünlər. Ailədə hər kəs öz yerini və vəzifəsini bilməlidir”.

Ailənin bu şad günündə Mingəçevir Qeydiyyat Şöbəsi də onlarla birgə idi. Qeydiyyat Şöbəsinin müdiri Sevinc Hüseynova ailənin 40 illik yubileyi münasibətilə cütlükləri təbrik edib, onlara uzun ömür arzulayıb və bildirib ki, belə xoşbəxt ailələri görəndə biz də sevinirik, bu cür nümunəvi ailələr boşanan cütlüklərə nümunə olmalıdır, bizim ən böyük arzumuz odur ki, belə ailələrin sayı cəmiyyətimizdə daha çox olsun”. Öz hədiyyəsi ilə cütlükləri təbrik edən Qeydiyyat Şöbəsinin müdiri bildirdi ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır.

Esmira Hidayətova