Ailə təzyiqinə məruz qalan abituriyentlər intihara təşəbbüs edirlər

0
544

Hüseyn Xəlilov: “Ailə abituriyentə ümid verməli, dəstək olmalı, ona sərbəst düşünməyə, müstəqil fikirləşməyə kömək etməlidir. Valideyn övladına deməli və hiss etdirməlidir ki, “mən sənin arxandayam”.

Ailələrin ən böyük arzusu övladlarının ali məktəblərə qəbul imtahanlarında uğur qazanmasıdır. Valideynlər bunun üçün əllərindən gələni edirlər. Lakin onların səhv etdikləri məqamlar da olur. Bu da nəticədə uşaqların uğursuzluğa düçar olmasına, özünə qapanmasına, hətta intiharlara belə gətirib çıxarır. Qafqaz Universitetinin “Psixoloji rəhbərlik və məsləhət” şöbəsinin müdiri, psixoloq Hüseyn Xəlilov məsələyə belə aydınlıq gətirdi: “Abituriyenti toplayacağı bal həmişə narahat edir. Bu mənada abituriyentə ailəsi tərəfindən psixoloji dəstək göstərilməlidir. Bəzi hallarda ailə övladına dəstək olmaq yerinə, psixoloji təzyiq göstərir, qorxudur, hədələyir. Unutmamalıyıq ki, abituriyentlər yeniyetməlik və erkən gənclik dövrünü yaşayırlar. Bu yaşda bir uşağın bu təzyiqə məruz qalması doğru bir hal deyil. Ailə abituriyentə ümid verməli, dəstək olmalı, ona sərbəst düşünməyə, müstəqil fikirləşməyə kömək etməlidir. Valideyn övladına deməli və hiss etdirməlidir ki, “mən sənin arxandayam”, “mən sənə inanıram”, “narahat olma, əsas məsələ odur ki, imtahana girəsən, yazasan”.

“Yaxşı nəticə əldə edə bilməyən abituriyentlər çox böyük sarsıntı yaşayırlar”

Psixoloqun sözlərinə görə, həssas abituriyentlər imtahanlarda çox böyük sarsıntı yaşayırlar: “Hər şeyi böyüdürlər, özlərini asılı bir vəziyyətə gətirirlər. Belə abituriyentlər özlərini şərtləndirirlər ki, “mən inanmıram yaza bilim”, “ yaxşı nəticə olacağına inanmıram”, “istədiyim yerə daxil ola bilməyəcəyəm”. Bu kimi düşüncələr də abituriyenti narahat edir və o, fikirləşir ki, yaxşı bal toplamasam, ailəmin, qohumların, dostların gözündən düşəcəm, artıq həyatda heç bir nailiyyət əldə edə bilməyəcəyəm, həyat burada bitdi. Belə olan halda, abituriyent intihara təşəbbüs edir”.

Uşaqlarından çox şey gözlədiklərini deyirlər və ona təzyiq göstərirlər

Müsahibimiz: “Bəzi valideynlər uşaqdan çox şey istədiklərini deyirlər və ona təzyiq göstərirlər ki, kimdən əskiksən? Valideyn bilməlidir ki, bununla xəta edir. Əgər il ərzində onun uşağı 300 bal yığa bilməyibsə, sonda ondan yüksək nəticə tələb etmək yanlışdır. İmtahanda möcüzə baş verməyəcək. Yaxşı nəticə əldə edə bilməyən uşaq düşünür ki, valideyni ona iztirab verəcək, gərginlik yaradacaq. Valideyn bilməlidir ki, övladına qışqırmaq yox, ümid verməli, dəstək olmalıdır”.

Valideynlərin ən böyük xətalarından biri də uşaqları başqaları ilə müqayisə etməkdir. Mütəxəssislərin fikrincə, bu vəziyyət imtahan qayğısını daha çox artırır.

H. Xəlilov onu da bildirdi ki, valideynin ən böyük səhvi ailə içində uşaqlarını bir-biriləri ilə müqayisə etməkdir: “Bəzən valideynlər qeyd edirlər ki, “qardaşına bax, yaxşı oxuyur, bacına bax, imtahandan yaxşı bal yığdı”. Belə olan halda, uşaq qardaşına, bacısına qarşı daha da aqressiv olur, eqoistlik yaranır, ona qarşı kin saxlayır. Digər halda isə valideyn övladını qonşu, qohum, sinif uşaqları ilə, yaxud dostları ilə müqayisə edir. Bu isə qəbuledilməzdir. Bu zaman uşaqda hiss oyanır ki, mən ondan üstünəm. Bundan əlavə, uşaqda kin, paxıllıq, qorxaqlıq hissi yaranır və ən mənfi cəhəti isə uşaq özünü aciz hiss edir”.

Bəzi hallarda valideyn əlindən gələni etsə də, uşaq çalışmaq istəmir

Ümumiyyətlə, valideynlər uşaqları üçün hər şey edirlər. Bəzən maddi vəziyyətləri imkan verməsə də, uşaqlarını oxutdururlar. Lakin abituriyent də var ki, valideynin istəyinə baxmayaraq, oxumaq istəmir. Psixoloqun sözlərinə görə, bu halda valideyn uşağa deməlidir ki, həqiqətən, oxumaq istəyirsənsə, sənin üçün hər şeyi edirəm. Sadəcə, vaxt keçirmək istəyirsənsə onda peşə, sənət seç, ixtisas öyrən: “Bundan əlavə valideyn uşaqla məktəb dövründən etibarən maraqlanmalıdır. Abituriyentin qarşısında duran birinci məsələ onun hazırlığıdır. Abituriyent üçün hədəf önəmlidir. Valideynlər və müəllimlər onları hədəfə yönəltməlidirlər. Hədəfi olmayan abituriyent heç nə əldə edə bilməz”.

H. Xəlilovun fikrincə, ehtiyac hiss edən abituriyentlər psixoloqa müraciət etməkdə tərəddüd etməməlidirlər.

Sosioloq Əhməd Qəşəmoğlu dedi ki, bu məsələ Azərbaycan üçün aktual olduğu qədər arzuolunmazdır: “Valideynlərin imtahanda uğursuzluq əldə etmiş övladlarına təzyiq göstərmələri yolverilməzdir. Dəfələrlə görmüşük ki, bu, bir çox hallarda faciə ilə nəticələnir. Valideyn yaxşı bal yığması üçün övladı ilə orta məktəb dövründə, 11 il ərzində sıx əlaqədə olmalı, ona kömək etməlidir. Əgər valideyn öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyib, övladı ilə qarşılıqlı əlaqələri yaxşı qura bilməyibsə, yekun nəticə mənfi olur: uşaq əlindən gələni edir, ancaq onun qabiliyyəti məhdud olur və yaxud həmin vaxt əsəbi vəziyyət keçirə, xəstələnə də bilər. Bütün bu faktorlar uşağın uğursuzluq əldə etməsi üçün kifayətdir və valideyn bütün bunları nəzərə almalıdır. Hər bir valideyn övladına dəstək olmalıdır ki, bu hadisə həmin şəxsin faciəsinə çevrilməsin”.

Məsələnin həlli cəmiyyətdəki maarifləndirmə ilə çox əlaqəlidir

Sosioloq məsələnin həlli ilə bağlı öz iradlarını bildirdi: “Bu məsələ cəmiyyətdəki maarifləndirmə ilə çox əlaqəlidir. Bizim “valideyn mədəniyyəti” deyilən bir məsələyə ciddi diqqət yetirməyimiz lazımdır. Valideynlərimiz başa düşməlidirlər ki, öz fəaliyyətləri ilə, ailədəki vəziyyətlə uşaqların davranışı arasında harmoniya, ahəng olmalıdır. Hələ uşaqlıq dövründən başlayaraq, gələcək valideynləri yaxşı cəmiyyət tərbiyə edir, formalaşdırır. Televiziyalarda lazımsız verilişlərin əvəzinə, ailədaxili münasibətlərin necə tənzimlənməsi haqda verilişlər göstərilsə, bu daha çox məqsədəuyğun olardı”.

Valideynlər peşə seçimində övladlarına dəstək olmalıdırlar

Ə. Qəşəmoğlu şagirdlərin peşə seçimi məsələsinə də toxundu: “Bütün valideynlər bilməlidirlər ki, tələbənin öz arzusuna, qabiliyyətinə uyğun ixtisas seçməsi onun gələcəkdə daha çox uğur qazanmasına səbəb olar. İnsan öz arzu etdiyi, sevdiyi peşə üzrə çalışanda onun daxili potensialı daha çox üzə çıxır, daha çox inkişaf edir. Elə ki, şagird təzyiq altında başqa ixtisas seçməli olur, bu, əksinə, onun qabiliyyətinə mənfi təsir edir. Yanlış peşə seçimi eyni zamanda gələcəkdə bütün həyatı korlaya bilir. Ona görə çalışmaq lazımdır ki, valideynlər aşağı sinif yaşlarından uşaqla qarşılıqlı anlaşmada olsunlar, onların istedadını, potensialını, bacarığını dərindən öyrənsinlər. Valideynlər peşə seçimində övladlarına sərbəstlik versinlər, onların talantlarına uyğun sahələrə yönəlmələrinə kömək etsinlər. Ola bilsin ki, bir insan instituta deyil, peşə məktəbinə daxil olmaq istəsin. Bu, çox təbii haldır və onun gələcəyi daha yaxşı ola bilər”.

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here