Ailə səadəti böyük nemətdir

528

İş günü sona yaxınlaşdıqca dəqiqələri, saniyələri sayırsan. Gözləyirsən ki, vaxt çatsın və “kitab-dəftərini” qoltuğuna vurub qapıdan çıxasan. Yolda cibini qurdalayırsan ki, bəlkə 3 gülə pulun çata. Ancaq heç onu da dərd eləmirsən, çünki bilirsən ki, hədiyyələrin ən gözəli kimi özün o qapıdan girəcəksən. Əlindəki kitabını, dəftərini alıb bir tərəfə qoyacaqlar. Keçib oturan kimi çayın qarşına gələcək. “Yorulmusanmı, yeməyini gətirimmi, yoxsa bir azdan yeyəcəksən?..” Beləcə, bir-birindən şirin suallar yağacaq üstünə. Sən də oturduğun yerdəcə yenicə başladığın bu ailə həyatının şirinliyi içərisində dalıb gedəcəksən… Ancaq hər şey tərsinə də ola bilər. İş başa çatsa da, yerindən tərpənmək istəmirsən. Beynindən dumanlı fikirlər keçir: yenə o ev, yenə o üzlər… Beləcə saat əqrəbi fırlanır, sən də dalğın-dalğın pəncərədən bayıra baxırsan. Durub evə getmək sürgünə getmək kimi gəlir sənə. Üç ildir ki, bu həyatı yaşayırsan. Tullandın ki, çayı kecəsən, düşdün selin ağzına. İndi də nə irəli, nə geri gedə bilirsən…

Ailənin bir o üzü var, bir də bu üzü. Adam var işinin dərd-sərini ailəsi ilə unudur, adam da var ailəsnin dərd-sərini işi ilə yaddan çıxarır. Təbii ki, hər şey kimi ailə də qismət işidir. Ancaq Allah ağıl verib, düşüncə verib. Gərək irəlicədən ölçüb-biçəsən, kiminlə evləndiyini, kiminlə ailə qurduğunu biləsən. Müsbət və mənfi tərəflərini öyrənəsən və onu yaxşısı ilə, pisi ilə bir bütöv kimi qəbul edəsən. Yoxsa, “Ailə də qarpız kimidir, kim bilir, içindən nə çıxacaq!” məntiqi ilə qərar qəbul etmək əlini ilan yuvasına soxmaq kimi bir şeydir. Müşahidələr göstərir ki, ilk üç il gənc ailə üçün sınaq müddətidir. Yəni əksər problemlər (hətta boşanmalara qədər) məhz bu müddətdə müşahidə olunur. Bu mərhələni keçən ailələrin boşanma faizi də xeyli az olur. Demək, məhz bu ilk üç ildə gənc ailəyə ağsaqqal qayğısı, ağbirçək öyüdü lazımdır.

Bu mərhələdə ən böyük qorxu tərəflərin bir-birinin gözündə adiləşməsidir. Dünənə qədər əlçatmaz, ülvi görünən duyğuların indi boz-bulanıq və yorucu düşüncələrə çevrilməsidir. Gərək o təravəti saxlamağı bacarasan, gərək o ilkinliyi itirməyəsən. Bir şairimiz demişkən, gərək bu mərhələdə dünyanı adiləşməyə qoymayasan. Ailə ilkin vətənimizdir, birinci cəmiyyətimizdir. Bu yuvada, bu ocaqda yaşanan duyğular istər-istəməz bizim kimliyimizi formalaşdırır və biz o sifətlə, o xarakterlə cəmiyyətə təqdim olunuruq. Ailə kiminə bir cənnət guşəsi, kiminə bir cəhənnəm çuxurudur. Çünki çox müvəffəqiyyətsizliyin təməlində ailə dayandığı kimi, çox uğurun təməlində ailə dayanır. Bir də belə bir söz var ki, hər uğurlu kişinin arxasında bir bacarıqlı qadın dayanır. Bu söz həqiqətən də böyük həqiqətlərdən xəbər verir. Təbii ki, ailə səadəti böyük nemətdir, xoşbəxtlik üçün ən ümdə amillərdən biridir. Siz də bu xoşbəxtliyi ruhunuzda duyasınız və həyatınız bu iqlimdə, bu atmosferdə keçsin…

Aydın Ucal