Ailə münaqişələrinin doğurduğu fəsadlar

616

“Ailədə yaşanan psixoloji problemlər, valideynlərin mübahisələri, bir-birilərinə qarşı soyuq münasibət və s. uşaqların həyatına təsirsiz ötüşmür”.

Psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, problemli ailələrdə doğulan uşaqlar həmyaşıdlarından daha bacarıqlı olsalar belə, özlərinə tənqidi yanaşır, həmçinin özlərinə qapalı olurlar. Belə uşaqların valideynləri də həmişə öz problemlərini həll etməklə məşğul olduqları üçün uşaqlarına lazım olan diqqəti və qayğını göstərə bilmirlər: “Belə valideynlər “həyatdan küsdükləri” üçün uşaqlarının tərbiyəsi ilə məşğul ola bilmirlər. Belə olduqda isə uşaqları valideynləri yox, düşdükləri mühit tərbiyə edir. Diqqət və qayğı əvəzinə isə belə uşaqlar valideynlərinin mübahisələrini eşidirlər. Artıq uşaqlıqdan özlərinə inanmayan bu uşaqlar (çox vaxt onları çətin uşaqlar da adlandırırlar) böyüyəndə də özlərinə inanmırlar. Xüsusilə də, natamam ailələrdə, yəni uşağın yalnız ananın və ya atanın iştirakı ilə tərbiyə olunduğu ailələrdə uşaqlarda müxtəlif psixoloji problemlər (məsələn, nevroz və ya fobiya kimi) müşahidə olunur. Bu problemlər, xüsusilə də ayrılan valideynlər uşaqlarının yanında bir-biriləri ilə mübahisə etdikdə daha çox qabarır. Nəticədə uşaqlarda valideynlərdən birinə qarşı nifrət və ya aqressiya oyanır. Onda da belə uşaqlar valideynlərindən biri tərəfindən sevilmədikləri üçün özlərini atılmış hiss edirlər. Bəzən isə elə olur ki, uşaqlar hər iki valideynin himayəsi altında böyüsələr də, valideynlərdən biri uşağa az diqqət göstərir”.

H. Xəlilov deyir ki, belə olan halda da uşaqlar psixoloji problemlərdən əziyyət çəkirlər: “Uşaqlığı çətin keçən insanlar kimdənsə kömək də istəyə bilmirlər. Çünki onlar kiminsə onlara kömək edəcəyinə inanmırlar, ya da sadəcə olaraq, psixoloji baxımdan buna hazır deyillər. Nəticədə bu cür insanlar öz problemlərini həmişə özləri həll edirlər. Ancaq bir məsələ də var ki, belə uşaqlar uşaqlıqları çətin keçdiyi üçün stress vəziyyətinə düşdükdə buna daha tez adaptasiya olurlar. Digər tərəfdən, onlar böyüdükdə çətinliklərlə daha yaxşı mübarizə aparırlar. Adətən, belə insanlar stresə davamlı və məqsədyönlü olurlar. Sabitlik və ya stabillik isə onları qorxudur. Belə uşaqlar hər şeyin yaxşı olmasını normal qarşılamırlar. Çünki onların uşaqlığının nə qədər çətinliklə keçdiyini bilirlər. Onlara elə gəlir ki, bu vəziyyət tez keçəcək və hər şey gözlənilməz şəkildə dəyişəcək. Digər tərəfdən, onlar şəxsi münasibətlərini də düzgün qura bilmirlər. Belə insanlar öz uşaqlarını da (hətta istəməsələr belə) problemlər içərisində böyüdürlər. Belə insanlar uşaqlıqda həmişə streslə üzləşdikləri üçün bunu uşaqlarına yaşatmaqdan qorxurlar. Onlar uşaqlıqda hər şeyə özləri cavabdeh olduqları üçün böyüdükdən sonra da bütün yükü öz üzərlərinə götürürlər. Çünki onlar hər şeyi yalnız onların yaxşı həll edə biləcəklərinə inanırlar”.

Psixoloq bu fikirdədir ki, uşaqlıqda zorakılığa məruz qalan, ya da sadəcə olaraq, diqqət və qayğı görməyən uşaqların psixoloji problemləri də digər uşaqlarla müqayisədə daha çox olur: “Belə uşaqlarda zorakılığa meyil, autizm və başqa fobiyalar da özünü göstərir. Diqqətdən kənarda qaldıqları və heç bir qayğı görmədikləri üçün uşaqlıqdan onlarda müəyyən komplekslər formalaşır. Hətta bəzən onlar ömürləri boyu bu komplekslərinə qalib gələ bilmirlər. Belə uşaqlar yaşa dolduqdan sonra da kənardan uğurlu görünsələr belə, uşaqlıqda yaşadıqları problemlərin təsiri altında qalırlar”.