Ailə ağacları yenidən çiçək açdı

528
Səhər tezdən qalxıb işə getdi. Həyat yoldaşı da uşaqları hazırlayıb məktəbə göndərdi. Sonra da balaca qızı üçün səhər yeməyi hazırladı. Evdar qadın olduğu üçün günü uşaqlarla və ev işləri ilə keçirdi. Axşam həyat yoldaşı evə gələndə axşam yeməyi hələ hazır deyildi…
Axşam yeməyindən sonra çayı çox çətinliklə içdilər. Ata-ana bir tərəfdən uşaqları sakitləşdirməyə, bir tərəfdən də televizordakı seriala baxmağa çalışırdılar. Gecə yarısını keçəndə artıq uşaqlar yatmış, ər-ravad isə yorğunluqdan halsız düşmüşdülər…

Üç otaqları var idi. Oqtay bəyin işdən, Çiçək xanımın isə ev və uşaqlardan başı ayılmırdı. Günün bütün yorğunluğunu yalnız yuxularını bölüşməklə çıxarırdılar. Oqtay bəylə Çiçək xanımın bir-birlərinə sevgi ilə baxdıqları günlər isə çox arxada qalmışdı…

Əslində ailə canlı bir varlıqdır. Mayası isə sevgidir. Sevgisiz ailə gec-tez solmağa məhkumdur. Oqtay bəylə Çiçək xanımın ailəsi də artıq solmaq üzrə idi. Aralarındakı səmimiyyətin və sevginin yerini isə iş və uşaqlar tutmuşdu…

Oqtay bəy küçəyə çıxanda hər gün onlarla özünə qulluq edən, gözəl geyimli qadın görürdü. Halbuki həyat yoldaşının ev işlərindən və uşaqlardan geyinməyə vaxtı da olmurdu. Əslində Oqtay bəy də ondan fərqli deyildi. O da geyim-keciminə fikir vermir, evə gələr-gəlməz televizorun qarşısına keçir və yatana qədər pultu əlandən buraxmırdı. Onlar üçün ailə həyatı yalnız bir evdə yaşamaqdan və uşaqlara baxmaqdan ibarət idi.

Oqtay bəy artıq iş yerində “çat” bəlasına tutulmuş və kim olduğunu bilmədiyi qadınlarla söhbət etməyə başlamışdı. Artıq onların ailələrindəki bu boşluqdan dostları da xəbərdar idi. Dostlarından biri öz həyat yoldaşı ilə Oqtay bəy və Çiçək xanımla danışmağı qərara aldılar.

Dostu Oqtay bəyə həyat yoldaşı üçün vaxt ayırmağı təklif etdi. Bunun üçün həftənin bir-iki günü və ya günün bir-iki saatı kifayət idi.

Elə həmin gün dostunun həyat yoldaşı Çiçək xanımgilə gəldi. Söhbətin ortasında sözü ailə münasibətlərinə gətirdi və təkidlə “Özünə bax. Ev işlərinə həmişə vaxt var. Asılqanda saxladığını paltarları nə vaxt geyinəcəksən? Uşaqlara ayırdığın qədər həyat yoldaşına da vaxt ayır”, – dedi…

O gün Oqtay bəy əlini pulta uzatmadı. Televizorun qarşısında yatmadı. Həyat yoldaşı üçün gətirdiyi kiçik hədiyyə isə Çiçək xanıma dünyaları vermişdi…

Həftənin bir gününf uşaqları analarına tapşırıb birlikdə gəzməyə çıxmağa başladılar. Oqtayla Çiçəyin qurumağa başlayan ailə ağacları yenidən tumurcuqlayıb çiçək açdı. Artıq onlar yalnız yuxularını bölüşmürdülər…