Aidə İsmayılova: “İkinci olmağı sevmirəm”

1680

“Təhsil millətin gələcəyidir”, – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən edib. Ulu öndərin layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olub. Mingəçevir təhsili də dövlətin sahəyə göstərdiyi diqqəti həmişə hiss edib və elə bu qayğı sayəsində də bir sıra uğurlara imza atıb. Bu uğurlarda Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin kifayət qədər payı var. Belə ki, hər il ali məktəblərə qəbul zamanı bu liseyin şagirdləri ən yüksək nəticələr əldə ediblər. Şəhər təhsil şöbəsindən aldığımız məlumata görə, lisey respublika üzrə ən yaxşı nəticəni göstərib. Bu məlumatı alanda Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova ilə hər dəfə görüşəndə onun dediyi: “Mən ikinci olmağı sevmirəm”, – sözləri bir daha yadımıza düşdü.

Bəli, bu tədris ilində də Aidə İsmayılovanın rəhbərlik etdiyi məktəb ənənəsinə sadiq qalıb və yenə də göstəricilərə görə birinci olub. Bu günlərdə Aida xanımla görüşəndə o dedi: “14 ildir rəhbər vəzifədəyəm, işlədiyim müddətdə yeganə prinsipim məhz bu olub”. Daha sonra o dedi: “Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyətin uğurlu gələcəyini təmin etmək üçün daha yaxşı təhsil siyasəti aparmaq tələb olunur. Bu baxımdan liseyimiz konkret  istiqamətləri müəyyən edilmiş innovativ təlimin daha çox üstünlükləri olduğunu nəzərə alaraq, lisey müəllimləri fəaliyyətlərini bu istiqamətdə genişləndirilməsinə diqqəti artırıblar. Belə ki, müəllimlərimiz bir sıra təlim kurslarından keçiblər. Onu da deyim ki, kollektivimiz müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymərləndirilməsində müvəffəqiyyətlə çıxış ediblər və yüksək bal toplayaraq şəhər üzrə 63% uğur qazanıblar. Şagirdlərimiz də ilboyu fənn olimpiadalarında iştirak ediblər və həmişə qaliblər sırasında olublar. Aparılmış bütün innovativ təlim islahatları nəticəsində 2016-2017-ci tədris ili ərzində kollektivimiz bir sıra uğurlara imza atıb”.

 

Onlardan ən yüksək bal toplayan Cabbarlı Nurlan Cabir oğludur
Cabbarlı Nurlan Cabir oğlu

Aida xanımın sözlərinə görə, bu il 11-ci siniflər üzrə 47 şagird məzun olub: “10 məzunumuz 600-700 arası bal toplayıb. Onlardan ən yüksək bal toplayan orta məktəbi qızıl medalla başa vurmuş Cabbarlı Nurlan Cabir oğludur (II qrup üzrə). O, 691 bal toplayaraq şəhər birincisi olub. Qalan məzunlarımız da 400-500 bal toplayıblar”.

Söhbətinin sonunda Aidə xanım bir daha əminliklə vurğuladı: “İnanıram ki, böyük potensiala malik kollektivimiz bundan sonra da həmişə öndə olacaq”.

Esmira Hidayətova, Mingəçevir