Aİ-nin gələcəyinə dair bəyannamə imzalandı

449

Böyük Britaniyanın çıxmasından sonra yerdə qalan Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderləri ittifaqın naliyyətləri, çağırışları və prioritetləri haqqında Roma bəyannaməsini imzalayıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bəyannamə Aİ-nin əsasını qoymuş Roma müqaviləsinin (1957-ci il) 60-cı ildönümünə həsr olunmuş sammitin əsas yekunu olub. Sənəd Aİ-nin bütün sahələrdə gələcəyə baxışını əks etdirir. Aİ liderləri daha böyük birlik və həmrəylik və ümumi qaydalara əməl etmək yolu ilə ittifaqı daha güclü və dayanıqlı edəcəklərini bildiriblər. Aİ-nin qarşısında dayanan əsas çağırışlar isə populizmin artması, Avropa institutlarına güvənsizlik və terror təhlükəsidir. Liderlər gələcək üçün prioritetlər sırasında təhlükəsizlik və müdafiə, çiçəklənmə və iqtisadi artım, sosial siyasət və beynəlxalq arenada güclü mövqeləri göstəriblər. Aİ Avropanın mövqelərini yeni tərəfdaşlıqlar yaratmaqla və Yaxın Şərqdə, Afrikada və bütün dünyada çiçəklənməyə kömək etməklə gücləndirmək niyyətindədir. Avropa liderləri müdafiə və təhlükəsizliyi NATO ilə əməkdaşlıq çərçivəsində möhkəmləndirməyə hazırlaşırlar, lakin bununla yanaşı, Aİ-nin üzv ölkələrinin fərdi vəziyyətləri nəzərə alınacaq.