Ahlaşma

561

Manatın 47 faiz ucuzlaşması ölkədə bahalaşma ilə yanaşı, ahlaşma ilə də müşahidə olunur. Yəni Azərbaycanda bahalaşma ilə paralel ahlaşmağımız da aktuallaşır. Keçək təfsilata. Tutaq ki, bir marketə girmisən, qonşu vitrində hansısa məhsulun qiymətinin artdığını görən nənə ah çəkir, sən də əlində tutduğun uşaq bezinin qiymətindəki artımı görüb ah çəkirsən. Bax bu olur ahlaşma.

***

Yaxud dünən girdim aptekə – uzun müddət idi almağı düşündüyüm dərmanın qiyməti ilə maraqlandım, əvvəl 12 manat verməyə əlim gəlmədiyi dərmanı satıcı mənə 20 manat 60 qəpiyə təklif etdi, dərindən bir ah çəkib aptekdən çıxdım. Gördüm aptekin qarşısında cavan bir oğlan əlində resept kiminləsə danışır, deyəsən, pulu çatmırdı. Danışıb qurtarandan sonra dərindən bir ah çəkdi…

Səhər işə gələndə gördüm ki, bir nəfər əlində qəzet fikirli-fikirli oxuyur. Yazıya diqqət edəndə gördüm ki, hansısa deputat manatın ucuzlaşmasında, qiymətlərin bahalaşmasında iqtidarın heç bir günahının olmadığını deyib. Ağsaqqal yazının ortasına təzə çatmışdı ki, dərindən bir ah çəkdi.

***

Evdə körpə uşaq varsa, meyvə də olmalıdır. Hətta sən istəməsən belə, uşaq onu sənə aldıracaq. Məsələn, elə bu gün gördüm ki, evdə meyvə qurtarıb, ortancıl qızım Fatiməni də götürüb üz tutdum yaxınlıqdakı meyvə-tərəvəz mağazasına. Gördüm meyvələrin də qiyməti bahalaşıb. Halbuki meyvələrin əksəriyyəti yerli istehsaldır və dollarla heç bir əlaqəsi yoxdur. Həmişə 40 qəpiyə aldığım almanın 70 qəpiyə satıldığını görəndə bu dəfə 4 yox, 2 kiloqram aldım.

Həmişə 70-80 qəpiyə aldığım mandarin (naringi) yeşiyinin üstündə isə qiyməti 1 manat 30 qəpik göstərilirdi. Belə qərara gəldim ki, elə alma almaqla kifayətlənim. Qızımın əlindən tutub uzaqlaşmaq istəyirdim ki, birdən o, mandarinə tərəf baxıb: “Dədə, bəs mandarin?” – deyə soruşdu. Geri qayıtdım. Yaxınlaşıb satıcıdan soruşdum ki, “qardaş, mandarinin dollarla nə əlaqəsi? Axı mən bilən satdığınız bu mandarin cənub rayonlarımızda yetişir? Orada alış-veriş nə vaxtdan dollarla olub xəbərimiz yoxdur?” Mağazanın müdiri üzü qızarmış, bir az da əsəbi halda qayıtdı ki, bizlik deyil, yerində bahalaşıb. (Yerində bahalaşıb deyəndə o Astaranın hansısa kəndini nəzərdə tutmurdu – topdansatış yerini deyirdi.) Dərindən bir ah çəkib oradan uzaqlaşdım…

***

Mənə elə gəlir ki, bu ahlaşmanın hələ başlanğıcıdır.

İş yerləri bağlansa, ah çəkəcəyik.

Dərmanlar bahalaşdıqca ah çəkəcəyik.

Ərzaq bahalaşdıqca ah çəkəcəyik.

Geyim bahalaşdıqca ah çəkəcəyik.

Elektronik məhsullar bahalaşdıqca ah çəkəcəyik.

Xidmətlər bahalaşsa, ah çəkəcəyik.

***

Ehtiyatda pulumuz da olmadı ki, dollara çevirib evdə saxlayaq, devalvasiya olandan sonra “qazandığımızı” bahalaşmaya xərcləyib konpensasiya edək. Çünki dolların bahalaşacağı gün kimi aydın idi. Kimin pulu var idisə, çevirdi dollara və gözlədi. Elə dolların bahalaşmasını labüd edən həm də külli miqdarda dollar alıb evində saxlayanlar oldu…

***

İndi hər kəsi bir sual düşünüdür: vəziyyəti düzəltmək üçün nələr edilməlidir?

Gömrük və vergi sistemində şəffaflıq tam təmin olunsa, maaş və pensiyalar artırılsa, idxaldan asılı olmayan məhsulların qiymətinin artırılmasının qarşısı alınsa, rüşvətxorluq tamamilə aradan qaldırılsa, dollarla kredit götürən vətəndaşlara güzəşt edilsə, monopoliya tam aradan qaldırılsa, yəqin ki, bizi gözələyən çətin vəziyyətdən az streslə çıxmaq olar.

***

Yoxsa, ahımız dünyanı bu hala salanları tutacaq…

Nicat İntiqam