Ağrı

0
446

Gəlin söhbətə bir az uzaqdan başlayaq…
Biz orta məktəbdə oxuyanda ən yaxşı maaş alan peşə sahiblərindən biri müəllim idi. O vaxtlar idi ki, Şura hökumətinin “qılıncının dalı da kəsirdi, qabağı da”, ancaq təhsilə, məktəbə, oxuyana əməlli-başlı hörmət qoyulurdu. Belə demək olarsa, müəllim təkcə uşaqlara dərs vermirdi, camaatın başbiləni sayılırdı, ağsaqqal hesab olunurdu, məmurların “düzəlməz” dediyi işi yoluna qoyurdu. Buna görə də xeyirdə, şərdə yuxarı başda otururdu, sözünə qulaq verilirdi. Yenə deyirəm, onda sovetlər dövrü idi və partiyanın, hökumətin əleyhinə danışanların anasını ağlar qoyurdular. Buna baxmayaraq, bəzi müəllimlər gizlin də olsa hökuməti tənqid edir, tarix kitabına düşməyən həqiqətləri bizə danışırdılar. Bizi azad, mübariz olmağa çağırırdılar… Mən bu sözlərlə müəllimin cəmiyyətdə nə qədər dəyərli adam olduğunu bəzilərinin diqqətinə çatdırmaq istəyirəm.

… İllər ötdü, ürəyimizdə yaşatdığımız arzular, istəklər böyük itkilər bahasına da olsa, reallığa çevrildi. Amma… Amma müstəqillikdən, azadlıqdan gözlədiyimiz şeylərin çoxu reallaşmadı. Hansı şairsə gözəl deyib: “Kasıbın çörəyi ümiddir”. Allah ölənlərinə rəhmət eləsin, ay şair.

“Keçək Arazın bu tayına”…

Azadlığın “havası”, ilk növbədə ziyalılara “qarsıdı”. Çətin aylar illər başlananda sosial məngənədə sıxılanlardan biri müəllimlərimiz oldu. Pinəçi də dolandı, qəssab da, məmur da, amma müəllim boynuburuq qaldı. Çoxları kiməsə əyilib dilənçi payı istəmədi. O yandan da külfət yaşamaq istəyirdi… Dolanışıq ucbatından iyirmi-otuz illik təcrübəsi olan müəllimlərin xeyli hissəsi baş götürüb Rusiyaya,Türkiyəyə getdi. Kimi bazar adamı oldu, kimi də ayrı sahələrdə baş girləməyə başladı. Məktəblərimizdə kişi müəllimlərin sayı xeyli azaldı. Elə müəllimimiz də oldu ki, ailə, uşaq qarşısında gözükölgəli qalmamaq üçün hansısa yonulmamışın yanında fəhləlik elədi. İllər ötdükcə ac-yalavac qalan müəllim cəmiyyətdə artıq adama çevrildi. Hökumət dönə-dönə vəd etdi ki, müəllimlər darıxmasınlar, maaş artımı bu dəfə qat-qat olacaq. Amma artım heç illik inflyasiyanı da üstələmədi…

Bu uzun nağılın sonluğu çoxlarına bəllidi. Xatırlayan varsa, bu barədə qəzetimizdə “Müəllimimin oğlu müəllim olmaq istəmir” adlı köşə yazısı da yazmışam.

Bu suala cavab tapa bilmirəm

Yenə dərslər başlanıb. Hər səhər ətrafı məktəbə tələsən uşaqların səs-küyü, gülüşləri bürüyür. Övladı ilk dəfə məktəbə gedən valideynlər uşağının əlindən tutub, narahat-narahat eyni ünvana doğru gedirlər. Yadıma istər-istəməz uşaqlığım keçən yollar, o illərin müəllimləri, bir də hər gün sakitcə blokumuzdan çıxıb işlədiyi məktəbə tələsən Adil müəllim düşür. Ömrünün təqribən qırx ilini sinif otaqlarında keçirmiş Adil müəllim illərdir ki, sıxıntı içində yaşayır. Problemlərini hamıdan gizlətməyə çalışan bu nəcib insanı görəndə istər-istəməz ağrı hissi keçirirəm. Fikirləşirəm ki, niyə Adil müəllim yol polisindən, vergi müfəttişindən, icra aparatındakı məmurdan pis dolanmalıdı axı. Məgər o, sadaladıqlarımdan cəmiyyət üçün az iş görür?

Ağrılı məktub

Bir neçə gün əvvəl Bərdənin Mollagüllər kəndində müəllim işləyən Anar qardaşımızın yazdıqlarını oxuduqdan sonra yaman sarsıldım. Anar müəllim yazır ki, universiteti qırmızı diplomla bitirmişəm, ancaq müəllim maaşım kifayət etmədiyi üçün kreditimi valideynlərimin pensiyası ilə ödəyirəm: “Müəllim olmağıma baxmayaraq, 2 ildir ki, ailəmdən pul almağa məcbur oluram, bu da mənim üçün böyük təhqirdir”. Onu da deyək ki, Anar Quliyev 160 manat maaş alır, onun da xeyli hissəsini yolxərcinə verir.

Gənc müəllim yazır ki, Bakı məktəblərində müəllimlərin 500, 1000 manat maaş aldığını eşidib, həmkarlarımız adına sevinirik. Ancaq o qədər olmasa da, bir yol xərcimizi çıxaracağımız qədər maaş bizə də verilsin…

Gün o gün olsun ki, maaşınız sizi dolandırsın, Anar müəllim!

Səməd Məlikzadə