“Ağız boşluğunun gigiyenasına düzgün qulluq olunmaması bir çox diş əti xəstəliklərinə yol açır”

1395

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı.
Müsahibimiz Azərbaycan Stomatoloqlar Assosiasiyasının, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin, Türk Oral İmplantoloji dərnəyi üzvü və Sağlamlıq Naminə Təbiblər İctimai Birliyinin İdarə Heyətinin üzvü həkim stomatoloq Fərid Qədirovdur. F.Qədirov Litva, London, Finlandiya, İsraildə və Almaniyada təkmilləşmə kursları keçib və bir çox seminar, konfransların iştirakçısı olub.
– Diş əti xəstəlikləri hansı səbəbdən yaranır?
– Diş əti xəstəlikləri bir çox səbəblərdən yaranır və əsasən infeksion faktor nəzərdə tutulur. Belə ki, dişlərdə əmələ gələn ərp diş ətinin iltihabı xəstəliyini ortaya çıxarır. Bütün bunlar ağız boşluğunun gigiyenasına düzgün qulluq edilmədikdə yaranır. İlk öncə yemək qalıqları diş ətinin altına yığılır və daha sonra mikroblar konalizasiya olur. Qeyd edim ki, mikroblar 20 dəqiqə müddətində çoxalır və 2-4 gün ərzində həmin yerdə çoxlu sayda mikrob əmələ gəlir və nəticədə iltihabla müşahidə olunur. Bu da özünü diş ətində qızartı, qanama ilə göstərir.
– Diş əti xəstəliyi hansı mərhələdə diş itkisinə səbəb olur?
– Diş əti iltihabı qeyd etdiyim kimi, əvvəl qızartı ilə müşahidə olunur. Daha sonra isə qanama başlayır. Bundan sonra isə diş əti çəkilməyə başlayır və bununla yanaşı, çənə sümüyündə sovrulma özünü göstərir. Nəticədə dişlərin dibi boşalır və vaxtında həkimə müraciət edilməzsə, diş itkisinə gətirib çıxarır.
– Diş rənginin dəyişməsinə yol açan amillər nələrdir?
– Diş rəngi iki səbəbdən dəyişə bilir. Birincisi, anadangəlmə olur ki, bu ananın qəbul etdiyi hansısa dərmanın təsiri ilə yaranır. Sonradan dəyişməsində isə yaş faktoru rol oynayır. Yaş artdıqca insanın orqanizmində müəyyən proseslər getdiyi kimi bu dəyişiklik özünü dişlərdə də göstərir. Başqa bir səbəb müalicə olunmuş, yəni siniri çıxarıldıqdan sonra kanala doldurulan “blomp”un materialından asılı olaraq dişlərdə rəng dəyişikliyi yarana bilir. Qeyd edim ki, “blomp”un materialından asılı olmayaraq da dişin siniri çıxarıldığı üçün vaxt keçdikcə diş ağın tonlarından tünd qəhvəyi rəngə qədər dəyişə bilir. Dişlərində rəng dəyişikliyi müşahidə olunan pasiyentlər daha çox çay, kofe qəbul edən və siqaret çəkənlərdir. Ağız boşluğu gigiyenasına düzgün qulluq olunmaması da dişlərin rənginin saralmasına gətirib çıxarır. Dişlərin rəng dəyişməsi müxtəlif peşə sahələrində çalışan insanlarda da ola bilir. Bəzi zavodlarda turşu və müxtəlif kimyəvi dərmanlarla işləyənlərin dişlərinin üst qatına təsir göstərir.
– Bu zaman dişlərin ağardılması üçün hansı üsul tətbiq olunur?
– Əgər dişlər ərp nəticəsində saralıbsa, o zaman “air-flow” adlanan proses həyata keçirilir. nəticədə dişlər öz təbii rənginə qayıdır. Lakin digər bir üsul isə dişlərin 3-4 ton rənginin açılmasdır. Bu, xüsusi “zoom” aparatı vasitəsilə dişləri işləmələrdən keçir. Qeyd edim ki, bu metod dişlərdə müəyyən qədər həssaslıq yaradır. Dişlərin rəngi ağardıldıqdan sonra pasiyent mütləq çay, kofe və bu kimi rəngləndirici qidalardan uzaq olmalıdır.
– Dişlər çəkildikdən neçə müddət sonra protez qoyulmalıdır?
– Dişlər çəkildikdən sonra minimum 1 ay gözləmək lazımdır. 3-4 həftə ərzində diş əti tam bağlanır və çənə sümüyü öz yerini alır. Bu müddətdən sonra protez qoyula bilər. Digər halda isə 3-4 ay ərzində qoyulmalıdır. Əks halda, qonşu dişlər çıxarılan dişin yerinə doğru əyilir. Əgər tam dişsiz çənədirsə, bu zaman damaq sovrulur və protez saxlamaq qabiliyyəti çətinləşir. Xüsusilə, alt çənədə ciddi problemlər yaranır. Çünki alt çənə hərəkətlidir və dil hərəkət etdikcə, dodaqlar da protezin sabit durmasına mane olur. Əgər alt çənə tamamilə sovrulubsa, bu zaman protezi saxlamaq üçün implantdan istifadə olunur. Çənəyə iki ədəd implant əkilir və protez onlara bərkidilir.
– Uşaqlarda çox zaman dişlərin üst-üstə çıxması və ya əyilməsi müşahidə olunur. Bunun səbəbi nədir?
– Dişlərin əyilməsinin müxtəlif səbəbləri var. Burada irsi və sonradan qazanılmış səbəblər rol oynayır. Diş əyilməsi uşağın bəzi vərdişlərindən qaynaqlana bilir. Belə ki, uşaq barmağını əmirsə, əmzikdən uzun müddət istifadə edirsə, daim bir tərəfi üstə yatırsa, burunda artıq ət olduğundan ağızdan nəfəs alırsa, bütün bunlar uşağın alt-üst çənəsində əyilmələrə gətirib çıxarır. Buna görə də 5 yaşına qədər uşaq sadaladığımız vərdişlərdən uzaqlaşdırılmalıdır. Əgər çənə sümüyündə əyrilik yaranıbsa, bu 12 yaşına qədər düzəldilməlidir. Çünki bu yaşdan sonra artıq sümük tam formalaşır və çənə sümüyündə dəyişiklik etmək mümkün olmur. Lakin əyrilik təkcə dişlərdədirsə, breket taxılmaqla bu problem aradan qaldırılır.

– Breketlər hansı yaşa qədər taxılmalıdır?
– 12 yaşa qədər breket taxılması məsləhət deyil. Çünki diş kökləri bu yaşdan sonra tam formalaşır. Maksimum yaş həddi isə yoxdur. Təcrübəmdə 45 yaşlı pasiyentin dişlərindəki əyriliyi breketin köməyi ilə düzəltmişik.
– Breket çıxarıldıqdan sonra düzələn dişlər yenidən deformasiya ola bilərmi?
– Bəli. Əgər pasiyent tələb olunan prosesləri yerinə yetirməzsə, dişlər yenidən formasını itirə bilər. Dişlərin stabil qalması üçün həkim müəyyən izahatlar verir. Xəstə bunlara əməl etməzsə, dişlərdə yenidən əyilmələr baş verə bilər.
– Dişlərdə əmələ gələn diş daşı təmizlənməsi dişlərin sağlamlığına mənfi təsir edirmi?
– Xeyr. Tam əksinə, diş daşlarının təmizlənməsi dişlər üçün faydalıdır. Diş daşı dişin özünə və ətinə yapışır. Buna düzgün qulluq edilmədikdə diş əti iltihabları, diş əti çəkilmələri baş verir. Nəticədə isə dişlərin laxlamasına gətirib çıxarır. Buna görə də dişlərə düzgün qulluq olunarsa, onların üstü təmiz olur və gələcəkdə hər hansı diş əti xəstəliklərinin qarşısı alınır.
– Breket dişlərdə çürük yarada bilərmi?
– Xeyr. Breket özü dişlərdə çürük yaratmaz. Lakin pasiyent breket taxdığı halda dişlərə qulluq etmirsə, bu zaman çürük yarana bilir. Qida qalıqları breketin altına yığılır və tellər çıxarıldıqdan sonra breketin formasında kariyesli zona əmələ gəlir.
– Uşaqlarda diş nə zaman çəkilməlidir?
– Dişlərdə əyriliyin əsas səbəbi vaxtından tez çəkilən süd dişləridir. Bu zaman daimi diş əyri çıxır. Başqa diş gəlib süd dişinin yerində çıxır və belə demək mümkünsə, özü çıxmağa yer tapmır. Belə olduqda isə çənənin həmin hissəsi inkişafdan geri qalır. Buna görə də dişlərin çəkilməsi yaşa görə bölünməlidir. Məsələn, arxa dişlər 8-9 yaşından tez çəkilməsi məsləhət dyil. Ön dişlər isə 7 yaşından sonra tam çıxmış olur deyə bu yaşa qədər çəkilməlidir.
– Əlavə etmək istədikləriniz?
– Bu sahədə maarifləndirmə aparılmasına çox ehtiyac var. Çünki insanlar stomatoloqa çox gec müraciət edirlər. Artıq elə bir mərhələdə gəlirlər ki, dişlər çürüyüb getmiş olur. Yaxşı olar ki, pasiyentlər həkimə vaxtında müraciət etsinlər. İstər diş əti xəstəlikləri, istər kariyes, istərsə də diş daşı problemlərinə erkən müdaxilə edilməlidir ki, effektli nəticə əldə olunsun.