“Ağır xasiyyət ağır xəstəliyin xəbərçisi ola bilər”

“Əgər bir insan evdə nəyi isə vurub sındırır, qışqırırsa, fiziki təzyiq göstərirsə, onun haqqında “xasiyyəti ağırdır” deyib keçmək olmaz. Sabah ailədə böyük faciələr yaşana bilər”.
Ailədə hər kəs öz yerini bilməli, qarşı tərəfdən hörmətini əsirgəməməlidir. Tərəflərin bir-birinə hörmətlə yanaşması, hər birinin öz vəzifəsini qüsursuz yerinə yetirməyə çalışması ailəni təhlükələrdən qoruyar. Sevgi gözəllikdir, ancaq hər şeyi bu müstəvidə həll etmək mümkün deyil. Ona görə də min illərin sınağından çıxmış mənəvi dəyərlərimiz unudulmamalıdır.

Dədə-babadan belə deyiblər ki, ən möhkəm, ən qalın pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortada narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə üz çevirib getmək, küsmək o qədər də asan iş deyil. Ona görə də ər-arvad münasibətlərində abır-həyanın, qarşılıqlı hörmətin birinci yerdə durması tövsiyə edilir.

Lakin hər ailədə buna əməl olunur və ya hər ailədə bunu başa düşürlər demək doğru olmazdı. Hər evdə söz-sözbət ola bilər, amma bu, hər gün təkrar olunursa, bəzən boş bir səbəbdən evdə, işdə böyük dava-dalaş yaşanırsa, deməli, vəziyyət qəlizdir. Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi açıqlamasında dedi ki, əgər bir insan evdə nəyi isə vurub sındırır, qışqırırsa, fiziki təzyiq göstərirsə, onun haqqında “xasiyyəti ağırdır” deyib keçmək olmaz: “Həmin insanda müəyyən patoloji xəstəliklər ola bilər. Sabah – birigün həmin insan özündən çıxanda, qətl hadisəsi və ya cinayət törədəndə isə artıq gec ola bilər”.

T. Çələbinin fikrincə, kimliyindən asılı olmayaraq, əgər bir insanda bu hal müşahidə olunursa, vaxtında tədbir görmək lazımdır: “Bir insan nəyə görə adi bir hadisəyə görə dava-dalaş salmalı, evi dağıtmalı, hədə-qorxu gəlməli, qanqaraçılıq yaratmalıdır? Özü də bu problem hər gün təkrar olunursa, deməli, həmin adamın hansısa problemləri var. Yaxınları bunu gizlətməkdənsə, ört-basdır etməkdənsə, vaxtında həkimə və ya digər aidiyyəti ekspertə müraciət etsələr, daha məntiqlidir. Bununla siz həm də həmin adama böyük yaxşılıq etmiş olarsınız”.

– Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ağcabədi rayon sakini, ruhi xəstə Vaqif Hüseynov ailə münaqişəsi zəminində atası Seyidəlini bıçaqla qətlə yetirib.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseynov tutulub…

– Binəqədi qəsəbəsində yaşayan ruhi xəstə Emin Şahbalayev anası Nuriyyə Bilalovanı bıçaq və qayçı ilə qətlə yetirib.

– Hövsan qəsəbəsinin sakinləri, ruhi xəstələr Tural Abdullayev və qardaşı Elnur vətəndaş Elxan Ağayevlə mübahisə ediblər. Bu zaman Tural bıçaqla Elxanı qətlə yetirib. Hadisədən sonra T. Abdullayev bıçaqla özünə də xəsarətlər yetirib. Yaralı 2 nömrəli Ruhi Əsəb Dispanserinə yerləşdirilib. Elnur Abdullayev isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qeyd etdiyimiz bu faktlar ölkəmizdə müxtəlif illərdə ruhi xəstələr tərəfindən törədilmiş qətl hadisələrindən, sadəcə, bir neçəsidir. Axtarış proqramlarında “ruhi xəstə, qətl” yazıb, axtarış verəndə bu mövzuda çoxlu sayda faktlar çıxır. Ümumiyyətlə, ölkəmizdə psixi problemləri və ya ruhi xəstə olan insanların ağır cinayət hadisələri törətmələri barədə mətbuatda xəbərlərə ara-sıra rast gəlirik. Lakin psixiatrlar bu qənaətdədirlər ki, ruhi xəstə olmayan, amma əsəbi olan insanlar da potensial təhlükə mənbəyidirlər. Ekspertlərin qənaətinə görə, ətrafdakı insanların soyuqqanlılığı, diqqətsizliyi də bu məsələdə az rol oynamır.

Mövzunu şərh edən Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi dedi ki, son vaxtlar insanlarda patologiya (qeyri-normallıq) əmələ gəlib: “Əgər bir insan evdə nəyi isə vurub sındırır, qışqırırsa, fiziki təzyiq göstərirsə, onun haqqında “xasiyyəti ağırdır” deyirlər. Əslində isə burada müəyyən patoloji xəstəliklər ola bilər. Məsələn, həmin insan nevrozdan əziyyət çəkə bilər, isteriyadan əziyyət çəkə bilər, paranoyadan əziyyət çəkə bilər və s. Amma bizdə insanlar buna “xasiyyəti ağırdır” deyirlər. Sabah – birigün həmin insan əsəbiləşib özündən çıxanda, qətl hadisəsi və ya cinayət törədəndə isə artıq gec olur. Bu cür vəziyyətlər bir çox hallarda ağır cinayətlərlə nəticələnə bilir. Mənim fikrimcə, belə şeylərə bir qədər diqqətli yanaşmaq lazımdır. Əgər insan nə isə adekvat, yersiz bir hərəkət edirsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır”. Təhminə Çələbinin sözlərinə görə, vaxtında hər şeyin qarşısını almaq lazımdır: “Cəmiyyətimiz, insanlarımız belə şeylərə qarşı həssas olmalıdır. “Xasiyyəti ağırdır” deyib üstündən keçmək olmaz: vaxtında mütəxəssisə müraciət edib, ağırlaşmanın qarşısını almaq vacibdir”.

Nicat İntiqam