“Ağır xəstələrin əksəriyyəti vaxtında həkimə getməyənlərdir”

0
611

Ölkəmizdə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat, həzm orqanları, qan dövranı sistemi, eləcə də yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib. Bununla yanaşı, tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin sayı bir qədər artıb. Bu, Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır və real faktlara əsaslanır. O da real faktdır ki, ölkəmizdə xəstəliklərin yaşı getdikcə cavanlaşır. Kimisi bunu ekologiya ilə, kimisi qidalanma ilə, kimisi də radiasiyanın təsiri ilə əlaqələndirir.

“Keçib gedər”, “heç nə olmaz”…

Hər halda yəqin ki, hər üç amilin xəstəliklərin artmasında, cavanlaşmasında rolu böyükdür. Amma, təbii ki, başqa səbəblər də vardır. Məsələn, irsi faktorlar, orqanizmin sağlıq vəziyyətinə diqqət edilməməsi və s.

Həkimlər isə bildirirlər ki, istənilən xəstəliyi erkən vaxtlarda aşkar etməklə həll etmək mümkündür. Amma bir şərtlə ki, insanın özü də bu məsələyə ciddi yanaşsın.

Kardioloq Abdulla Abdullayev deyir ki, ürək, qan-damar xəstəliklərini də vaxtında aşkar edib, tədbir gördükdə ağır fəsadların ortaya çıxmasının qarşısını almaq olar: “Lakin bizdə insanların bir çoxu “keçib gedər”, “heç nə olmaz”, “yəqin elə-belə şeydir” deyir və prosesi yubadır. Amma mən həm də bunu insanlarımızın sosial vəziyyəti ilə əlaqələndirərdim. Çünki maddi imkan olan yerdə əksər insanlar yəqin ki, həkim müayinəsindən keçməyə tənbəllik etməzdilər”.

“Hətta infarkt keçirəndə belə elə düşünürmüş ki, qolu ağrıyır, keçib gedəcək”

Bəli, həqiqətən də, bu gün bir çox insanlarımızın həkimə vaxtında getməmələrinin səbəbi yəqin ki, güvənsizlik hissi ilə bağlıdır. Təəssüf ki, bəzi xəstəxanalarda həkimlər xəstələrə lazımsız firma dərmanları, ehtiyac olmadan bahalı dərmanlar yazıb, faiz alırlar və insanlarımız bundan yaxşı xəbərdardırlar. Səhiyyə Nazirliyinin rəsmiləri səviyyəsində bununla əlaqədar rəsmi açıqlama və xəbərdarlıq edilməsinə baxmayaraq, bu sahədə vəziyyət hələ də düzəlməyib.

Özəl xəstəxanaların bəzilərində isə insanları lazım olmadan analiz verməyə “məcbur” edirlər ki, bu da xüsusən imkansız ailələrdən olan insanların ailə büdcələrinə ciddi təsir edir, hətta bunun üçün borc-xərc etməli olanlar da olur.

Lakin A. Abdullayev bildirir ki, bəzi xəstəliklər, xüsusən də insan həyatı üçün təhdid hesab olunan xəstəliklərə ciddi yanaşmamaq ağır fəsadlar verə bilər: “İnfarkt keçirmiş adam var ki, “ya zəlzələdən, ya vəlvələdən” həkimə gəlməyə tənbəllik edib. Hətta infarkt keçirəndə belə elə düşünürmüş ki, qolu ağrıyır, keçib gedəcək. Amma sonradan vəziyyət ağırlaşanda hər şey ortaya çıxıb”.

Həmsöhbətimizin sözlərinə görə, hətta həkimin yazdığı dərmanlar alınmasa belə, müayinədən keçməkdə fayda var: “Əgər vətəndaş yad həkimə müraciət etmək istəmirsə, tanıdığı həkimlərə və ya yaxınlarının tanıdığı, etibar etdiyi həkimlərə müraciət edə bilər. Bu gün dövlət xəstəxanalarında da kifayət qədər savadlı həkimlərimiz çalışırlar. Onların müayinəsi gələcəkdə baş verə biləcək xəstəliyin ağır fəsadlarını əvvəlcədən üzə çıxara bilər”.

“Maşınımız xarab olanda pul tapıb düzəltdiririk, amma…”

Həkim-qastroenteroloq Fərasət Məmmədova da özündə daimi narahatlıq hiss edən, ağrıları olan bir insanın həkimə getməsinin vacib olduğunu söylədi: “İşığımız kəsiləndə pul tapıb ödəyirik, maşınımız xarab olanda pul tapıb düzəltdiririk, toya çağırılanda pul tapıb gedirik. Eləcə də daimi narahatçılıq, ağrılar varsa, vaxtında həkimə getməliyik. Daimi ağrı və narahatlıq artıq orqanizmdə hansısa bir xoşagəlməz prosesin getməsindən xəbər verir. Bəlkə də ilk vaxtlar minimum xərclərlə və ən qısa müddətə onun qarşısını almaq olar, amma yubatdıqca vəziyyət çətinləşir. Ona görə də mən vətəndaşlara bunu tövsiyə edərdim ki, həkimə vaxtında müraciət etsinlər. Bu gün ağır xəstələrin əksəriyyəti vaxtında həkimə getməyənlərdir”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here