Ağdamda atçılıq kompleksi inşa olunacaq

149

Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, ecazkar musiqisi, qədim abidələri  ilə yanaşı, həm də nadir cins atları ilə tanınıb. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Elizabetə “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğundan xəbər verir.  1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə satılması isə Qarabağ atlarına dünyada nə qədər  önəm verilməsi kimi dəyərləndirmək olar. Bu prosesdə Ağdam Atçılıq Zavodunun kifayət qədər rolu olub.

Rəsmi məlumatlara görə, bu zavod  SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tariхli qərarları əsasında Хaldan quşçuluq sovхozunun ərazisində yaradılsa da, zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaхınlığındakı Göytəpə adlanan əraziyə, vaхtilə xan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. Təəssüf ki, 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları da köçkünlük həyatı yaşayıb. Belə ki, Qarabağ atçılıq kompleksi  1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərməyə başlayıb. Burada müəyyən çətinliklərə baxmayaraq, bu sahənin inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb. Üstəlik, bu sahənin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb. Belə ki, 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də bu sahə ilə bağlı daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. 5 noyabr 2018-ci ildə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 35,5 hektar ərazidə inşa edilmiş bu kompleksin açılışında iştirak ediblər. 2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Şübhəsiz, bütün bunları ölkəmizdə qədim tarixə, ənənələrə malik olan atçılığa göstərilən qayğı kimi qiymətləndirmək olar.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin  Ağdama səfəri za­manı bu rayonunun yeni bərpa-quruculuq işləri fonunda  bu məsələ də gündəmə gətirildi. Dövlətimizin başçısı Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, atçılıq kompleksini biz Ağcabədidə qurduq, bilirsiniz, amma birini də burada quracağıq, öz tarixi yerində. Bu da gələcəkdə çox möhtəşəm turizm obyektinə çevriləcək Ağdama səfər edən turistlərin dözümlülüyü və sahibinə sədaqəti ilə seçilən Qarabağ atları ilə gəzintilərinə yeni çalarlar əlavə edəcək, həm də aqroekoturizmin inkişafına öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”