Ağdam Cümə məscidinin axundunun 28 il saxladığı açarlar məscidə təhvil verilib

41

Ağdam Cümə məscidinin axundu Barat Bağırov Ağdam işğal altında olduğu 28 il müddətində məscidin açarlarını özündə saxlayıb. Axundun oğlu Hamin Bağırov həmin açarları Ağdam Cümə məscidinə gətirib.

Hamin Bağırov azərtac-ın bölgə müxbirinə bildirib ki, atası Barat Bağırov 1978-ci ildə Ağdam şəhər Cümə məscidinə axund təyin olunub. Ağdam şəhəri işğal olunan günə kimi orada axundluq edib: “Birinci Qarabağ müharibəsi zamanı minlərlə şəhid Ağdam Cümə məscidində qüsullanıb, tabuta qoyularaq ünvanlarına göndərilib. 1993-cü ildə Ağdamın işğalı zamanı atama xəbər veriblər ki, təcili şəhəri tərk etsin. Məsciddə iki şəhidin meyiti olduğu üçün atam əvvəlcə onları qüsullayıb, kəfənləyib, ünvanına göndərib. Sonra məscidin qapısını bağlayaraq Ağdamı tərk edib”.

Axund Barat Ağdamı tərk edərkən məscidin açarlarını da özü ilə götürüb. “Atam həmişə torpaqlarımızın işğaldan azad olunacağına inanırdı. Ona görə də məscidin açarlarını 28 il özündə saxladı. Lakin təəssüf ki, Ağdama qayıtmaq ona qismət olmadı. 2020-ci ilin noyabrında Ağdam işğaldan azad ediləndən sonra dünyasını dəyişdi. Mən bu gün atamın arzusunu, vəsiyyətini yerinə yetirərək həmin açarları və Quran kitabını məscidə gətirmişəm”, – deyə axundun oğlu bildirib.