Ağalıdan sonra Dövlətyarlı

38

Xalqımız 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədən sonra daha bir tarixi hadisənin – əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. İlk addımlarını Zəngilanın Ağalı kəndində atan Böyük Qayıdış digər köçkünlərin də gözləntilərini artırdı.

Elə bu günlərdə verilən xəbər həm ağalılar, həm də bütün ölkə üçün olduqca sevindirici oldu. Məlumata görə, Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sözügedən sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar. Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ağalıların doğma yurdlarına qayıtmağı bu qədər istəməyi heç də əbəs deyil. Çünki Ağalıda dövlət tərəfindən sakinlərin məşğuliyyəti, işlə təmin olunması üçün hər cür şərait yaradılıb. Ağalıya qayıdan ailələrin uşaqlarının təhsil alması üçün müəssisələr də artıq hazır vəziyyətdədir. Hətta Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib. Ümumiyyətlə, burada bütün infrastruktur layihələri qısa müddət ərzində yenidən qurulub.

Bununla da biz bir daha dünyaya göstərdik ki, Ermənistanın viran qoyduqları ərazilərə həyat yenidən qayıdır. Ölkəmiz dağıdılmış əraziləri bərpa edib, vətəndaşlarımızı öz doğma yurduna qaytarır. Ağalı kəndindən sonra işğaldan azad edilmiş digər rayon, qəsəbə və kəndlərimiz də yenidən qurularaq istifadəyə veriləcək. 30 ildən  sonra bu torpaqlara əsl sahibləri qayıdır.

Füzuli rayonunun Dövlətyarlı ərazisində də eyni tipli böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə, cari ilin sonuna qədər tamamlanacaq və kəndlər həqiqi sahiblərinin ixtiyarına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur, sonra isə əlavə 300 ev inşa olunacaq. Bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq. Göründüyü kimi, məcburi köçkünlər doğma yurd-yuvalarına köçəcəyi günü çoxdan arzulayırdılar.

“İki sahil”