Ağagül Əliyev: ”Sənətimə qiymət verilmədi”

117

 

Mingəçevirin tanınmış simalarından biri, təqaüdçü Ağagül Əliyev ömrünün 87-cı baharını yaşayır. Onu Mingəçevirdə tanımayan yoxdur. Həm şəhərin quruculuğunda, həm də mədəniyyət sahəsində öz sözünü demiş insanlardan biridir.  O, 1957-63-cü illərdə Mingəçevir Dəmir Beton Məmulatları zavodunda cilingər kimi çalışıb. O vaxtlar gənc komsomolçu kimi  özfəaliyyət kollektivlərində də mahnılar ifa edirdi. Gənc komsomolçu kimi Bakıda keçirilən “Çiçəklən bizim Azərbaycan” üçüncü respublika festivalına dəvət alır. Çıxışından sonra münsiflər heyəti deyib ki, bunun dəmir beton zavodunda  nə işi var? Bu ki, əsil xanəndədir. Oxuduğu xalq mahnısı hər kəs tərəfindən bəyənilmişdi. Daha sonra respublika gənclər festifalının  laureatı adına layiq görülüb. 1963-cü ildə Mingəçevirin həyatında ilk dəfə oxuyan bir gənc kimi tanınmağa başlayıb. Daha sonra uzun müddət Mingəçevirin mədəniyyət sahəsində fəaliyyətini  davam etdirib. Təhsilini qiyabi mədəni maarif işçisi kimi aldıqdan sonra 1969-cu ildən Mingəçevirdə  “Kür” xalq çalğı alətləri  ansamblı təşkil edib və 30 il ona rəhbərlik edib.

1988-ci ildə Batumidə keçirilən beynəlxalq tədbirdə  iştirak ediblər. Ansanbılın şöhrəti daha da artmışdı. Ağagül müəllim deyir ki, şəhərin ictimai işlərində də çox fəal olub. Mədəniyyət evinin rəhbəri vəzifəsində də çalışıb. İndi söz düşəndə deyir ki, bu qədər müddətdə çalışsada sənətinə qiymət verilmədi. Ağagül müəllim onu da deyir ki, dünən səhnəyə gələnlər bu gün “ad” alırlar. Amma mənə heç olmasa fəxri mədəniyyət işçisi adı da verilmədi. Buna rəğmən o, indi dostlarının arasında özünü daha xoşbəxt hiss edir.

Onun heç bir fəxri adı yoxdur, sadəcə valideynlərinin verdiyi ad ilə tanınır.   Ancaq desək ki, xalqı, torpağı üçün hazırkı bəzi xalq artistlərindən çox iş görüb, yanılmarıq.  O, sadəcə, çalışıb, istəyib ki, Tanrının ona verdiyi bu vergidən insanlar da qidalansın,  könülləri xoş olsun.

Amma belə insanların qiymətini sağlığında versələr daha yaxşı olardı.

Esmira Hidayətova, Mingəçevir